15 sentyabr Azərbaycan tarixinin ən şərəfli səhifəsi

15 sentyabr 1918-ci il Bakının daşnak erməni-bolşevik birləşmələrinin işğalından azad olunduğu, 20-ci əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir.

May ayının 28-də İstiqlal bəyannaməsinin elan olunmasına baxmayaraq, Bakı və ölkənin bir çox əraziləri erməni-daşnaklarının, bolşeviklərin işğalında idi. Yeni yaranmış müstəqil dövlətin isə, ərazi bütövlüyünü təmin etmək üçün resursları yox dərəcəsində idi. O dövürdə bütün imkanları ilə Azərbaycana dəstək verən Osmanlı Türkiyəsi öz vəziyyətinin kritik olmasına baxmayaraq, Nuri paşanın komandanlığı ilə Qafqaz islam ordusunu Azərbaycana göndərdi. Türk qoşunlarının Azərbaycana göndərilməsi Avropa ölkələri, o cümlədən Osmanlının müttəfiqləri tərəfindən böyük etirazla qarşılansa da, Türkiyə qardaşlıq borcunu yerinə yetirdi. Qəhrəman türk əsgərləri isə, yerli qüvvələrlə birlikdə, cəmi iki ay ərzində Bakını və ətraf əraziləri düşməndən təmizlədi.

Tarix təkrar olunur.

Əsrin sonlarında yaranmış boşluqdan istifadə edən əzəli düşmənimiz Qarabağı 30 il işğalda saxladı. Ötən ilin sentyabrın 27-də başlayan Vətən müharibəsinin ilk günlərindən qardaş Türkiyə Azərbaycanın yanında olduğunu bəyan etdi. 44 gün ərzində torpaqlarımız azad olundu və Azərbaycan Ordusunun apardığı əməliyyatlar dünya hərb tarixinə düşdü.

Bu şərəfli gündə gələcək nəsillərə nümunə ola biləcək şərəfli miras qoyan Qafqaz islam ordusunun şəhidlərini, Komandan Nuri paşanı, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş cəmi şəhidlərimizi böyük ehtiramla yad edir, Allahdan rəhmət diləyirik.

Nəsib Məhəməliyev

Milli Məclisin deputatı