2022-ci ilin “Şuşa İli” elan edilməsi Prezidentin uzaqgörənliyinin nəticəsidir

Prezident İlham Əliyev 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində 2022-ci ili "Şuşa İli" elan etdi. Ardınca isə 2022-ci ilin yanvarın 5-də bu barədə Sərəncam imzaladı. Sərəncamda qeyd olunur ki, Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunacaq Şuşa şəhəri zəngin inkişaf yolu keçmiş, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynayıb. Bənzərsiz tarixi görkəmini və formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan bu şəhər yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazıb. Sərəncamda Şuşa şəhərinin ötən əsrin 70-ci illərində sürətli inkişafının ümummilli liderimiz Heydər Əliyevin adı ilə sıx bağlılığı da vurğulanır. Sərəncamda, həmçinin xüsusi bildirilir ki, haqq işi naminə apardığımız 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Şuşa şəhərini 2020-ci il noyabrın 8-də işğaldan azad etdi. Ermənistanın kapitulyasiyasına yol açan Şuşa qalibiyyəti xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilərək tariximizə Zəfər Günü kimi həkk olundu.

Şuşanın işğaldan azad edilməsi bizim şanlı Qələbəmizdir”

Qələbədən sonra dövlət başçısının məhz zəfər və quruculuq ili olan 2021-ci il, ardınca 2022-ci ilin «Şuşa İli» elan edilməsi haqqında Sərəncamları bir daha dövlət başçısının qətiyyətinin və uzaqgörənliyinin nəticəsidir. Bu Sərəncam, əslində, Azərbaycanın tarixən mədəniyyət paytaxtı olan Şuşanın beynəlxalq aləmdə tanıdılması baxımından çox önəmlidir. Şuşa işğaldan azad olunandan sonra artıq düşmən dərk etdi ki, bundan sonra Azərbaycana qarşı müqavimət göstərmək heç bir əhəmiyyət kəsb etməyəcək. Şuşa işğaldan azad olunandan bir gün sonra qəhrəman Azərbaycan Ordusu daha 70-dən çox yaşayış məntəqəsini işğalçılardan azad edib və əslində, bu, düşmənə vurulan son zərbə idi. Təsadüfi deyil ki, noyabrın 10-da düşmən faktiki olaraq kapitulyasiya aktını imzaladı.Azərbaycan Prezidenti bildirmişdir ki, Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi: “Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi, ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Əminəm ki, bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaqdır. Çünki bu əməliyyatı yalnız yüngül silahlarla silahlanmış bizim qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək icra ediblər. Şuşanın işğaldan azad edilməsi bizim şanlı Qələbəmizdir”.

Bu gün artıq quruculuq işlərinə başlandığını vurğulayan Azərbaycan Prezidenti qeyd edib ki, Qələbə günündən 8 gün və Ermənistanın kapitulyasiyasından 6 gün keçəndən sonra artıq bu yerdən – Alxanlı qəsəbəsindən Füzuli-Şuşa avtomobil yolu çəkilir. Bu yol çox rahat və geniş olacaq, imkan verəcək ki, Şuşaya rahat gedib-gələ bilək.

Şuşa nəinki Azərbaycanın, Qafqazın mədəniyyət paytaxtı kimi mühüm mərkəzə çevriləcək

Azərbaycanın milli və dövlətçilik maraqlarını daim üstün tutan Prezident, Ali Baş Komandan İlham Əliyev 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin azad olunması münasibətilə xalqa müraciətində demişdir: «İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür!».

Bir sözlə, əminik ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin 2022-ci ili “Şuşa İli” elan etməsi 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Zəfəri, tarixi Qələbəni həm də siyasi və diplomatiya müstəvisində daha da möhkəmləndirir. Bu baxımdan da ölkənin şanlı tarixinin qızıl salnaməsinə yazılacaq 2022-ci il "Şuşa İli" Şuşanın həyatında ən yaddaqalan il olacaq.

MƏŞHUR MƏMMƏDOV,

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü