Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir.
Heydər Əliyev
Ana dili hər bir xalqın kimliyini təsdiq edən ən mühüm faktorlardandır. Millətin dili, əlifbası onun millət olaraq formalaşmasında, inkişafında mühüm rola malikdir.
Fevral ayının 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Dil ən güclü istifadə vasitəsi və ifadə şəklidir. Dil millətin milli-mənəvi sərvətidir. Dil həm də xalqlar, millətlər arasında körpü rolunu oynayan bir vasitədir. Hər bir vətəndaş öz dilini yaxşı bilməklə yanaşı, həm də onu göz bəbəyi kimi qorumalıdır. Dilini qoruya bilməyən xalq məhvə məhkumdur. Çünki ərazilər, torpaqlar kimi, dili də işğal etmək mümkündür. Kənar hücumlara, “işğalçı” sözlərə məruz qalan dil formasını, mahiyyətini də itirə bilir. Bu mənada, dili qorumaq, ona müqəddəs sərvət kimi baxmaq lazımdır. Elə dili müqəddəs saydığımız üçün də ona Ana dili deyirik.
2002-ci il sentyabr ayının 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanunun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addım olmuşdur. Bu sənəd ulu öndər Heydər Əliyevin xalqımıza, millətimizə və onun dilinə tükənməz diqqətinin ən bariz nümunəsidir.
Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı, Prezident İlham Əliyevin 2004-cü il 12 yanvar tarixli “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı bu istiqamətdə atılan addımların ən vacib nümunələrindəndir.
Biz dilimizi sevdiyimiz kimi, onu təbliğ etməyi də bacarmalıyıq. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan dilinin hərtərəfli inkişafı, zənginləşməsi və beynəlxalq aləmə yol açması dövlətin qarşıya qoyduğu ən vacib məsələlərdən birinə çevrilmişdir. Azərbaycan dili rəsmi dövlət dili, azərbaycançılığımızın təsdiq formasıdır.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi
Gülöyşə Azad qızı Əhmədzadə