Cənab Prezidentin tarixi qələbəmizi və şanlı tarixləri əbədiləşdirmək məqsədi ilə cari ilin 31 iyul tarixində işğaldan azad edilmiş şəhər günlərinin təsis edilməsi barədə Sərəncamına əsasən 25 noyabr Kəlbəcər şəhəri günüdür. Kəlbəcər digər iki rayonumuz - Laçın və Ağdam ilə birlikdə Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladıqları birgə Bəyanata əsasən işğaldan azad olunub. Bu üç rayonun Bəyanata əsasən, bir güllə belə atmadan azad olunması ölkəmizin möhtəşəm Qarabağ Zəfərinin təkcə hərb meydanında qazanılmadağının, bu zəfərin Azərbaycanın tarixindəki ən böyük siyasi qələbə olduğunun da sübutudur. Bu həm də cənab Prezidentin böyük diplomatik məharəti və qətiyyətinin təzahürüdür. Şuşanın işğaldan azad olunmasından sonra məğlubiyyətin qaçılmaz olduğunu dərk edən Ermənistanın kapitulyasiya aktına imza atmaqdan başda çıxış yolu yox idi. Bunun nəticəsidir ki, noyabrın 10-da Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladıqları birgə Bəyanatda Ermənistan silahlı qüvvələrinin birləşmələrinin Kəlbəcər, Laçın və Ağdam rayonlarının ərazilərini qeyd-şərtsiz tərk etməli olduqları öz əksini tapmışdır.
Bəyanata əsasən, ermənilər Kəlbəcəri noyabr ayının 15-də Azərbaycana təhvil verməli idi. Lakin Ermənistanın müraciəti əsasında, Rusiyanın xahişindən sonra biz ermənilərin rayonu tərk etmələri üçün 10 gün əlavə möhlət vermişdik. Əslində biz 1993-cü ilin aprelində soydaşlarımızın Kəlbəcərdən zorakılıqla, qırğına məruz qalaraq, qovulmasını unutmamışıq və unutmayacağıq, buna baxmayaraq Azərbaycan Prezidenti böyük humanizm nümayiş etdirərək, ermənilərin Kəlbəcəri təhlüksiz şəkildə, rahatlıqla tərk etmələri üçün bütün şəraiti yaratmışdır. Azərbaycanın bu humanizmi bu gün öz maraqları naminə ölkəmizə qarşı qaralama kompaniyası aparan ABŞ, Fransa kimi dövlətlərə nümunə olmalıdır.
Kəlbəcər ölkəmizin ən qədim, tarixi abidələri ilə məşhur, erkən dövr atəşpərəslik, xristianlıq, islam mədəniyyətlərinin qovuşduğu, müalicəvi suları, səfalı təbiəti, faydalı qazıntıları ilə ad qazanmış rayonlarından biridir. Kəlbəcər həm də Azərbaycanın ən yüksək dağ rayonlarından biridir. Erməni işğalından sonra Kəlbəcərin tarixi-mədəniyyət abidələri dağıdılmış, rayonun sərvəti Ermənistana daşınmışdır. Həm təbii sərvətlərinin, təbiətinin istismarı baxımından, həm də strateji mövqeyinə görə Kəlbəcərin işğalı həmin vaxt ermənilər üçün böyük əhəmiyyət kəsb edirdi. Laçının və Kəlbəcərin işğalından sonra Ermənistan Qarabağa daha çox silah, texnika, canlı qüvvə göndərilməsinə nail olmuşdu və bu faktorlar Ermənistanın işğalçılıq siyasətini genişləndirərək digər rayonlarımızı da işğal etməsində böyük rol oynamışdır. Ermənistan bütün beynəlxalq prinsipləri pozaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına da başlamışdır. Kəlbəcər qanunsuz olaraq ən çox ermənilərin məskunlaşdığı rayonlarımızdan biri olmuşdur.
BMT Təhlükəsizlik Şurasının Azərbaycanın lehinə çıxardığı 30 aprel 1993-cü il tarixli 822 saylı ilk qətnamə məhz Kəlbəcərin işğalından sonra qəbul edilmişdir. Qətnamə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğalını həyəcanla qeyd edərək işğalçı qüvvələrin Kəlbəcər rayonu və Azərbaycanın son zamanlarda işğal olunmuş digər ərazilərindən geri çəkilməsini tələb edirdi. Sonradan qəbul edilmiş digər üç qətnamə ilə birlikdə, kağız üzərində qalan qətnamələri İkinci Qarabağ Müharibəsindən sonra, öz gücümüz, qüdrətimiz, hərbi-siyasi məharətimiz və qələbəmiz hesabına icra etdik. İkinci Qarabağ müharibəsinin ilk günlərində döyüşlər gedən zaman Kəlbəcərin şimal hissəsi artıq Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edilmişdir və bu bizə böyük strateji üstünlük vermişdir. Ordumuz Kəlbəcərin şimal hissəsində strateji yüksəklikləri götürərək erməni silahlı qüvvələrinin hərəkətlərini bu istiqamətdə böyük dərəcədə məhdudlaşdırmışdı və onlar faktiki olaraq onlar Basarkeçər-Kəlbəcər yolundan istifadə edə bilmədikləri üçün erməni silahlı qüvvələrinin hərəkəti iflic vəziyyətə düşmüşdür. Döyüşlərdə iştiark edən hərbçilərimizin təltif olunması üçün 2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edilmiş, Müzəffər Ali Baş Komandanın sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9455 hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Kəlbəcər artıq yenidən azadlıq, inkişaf dövrünü yaşayır. Rayon Ermənistanla həmsərhəd olduğu üçün ilk növbədə Kəlbəcərin müdafiəsinin təşkil edilməsi böyük əhəmiyyət kəsb edir. Rayonda artq yeni hərbi hissələr, o cümlədən 26 iyun 2022-ci ildə yeni yaradılmış komando qüvvələrinin hərbi hissəsi açılmışdır.
Kəlbəcər şəhərinin Baş planı bölgənin təbiəti nəzərə alınmaqla tərtib edilmişdir. Rayonun özünün, eləcə də kəndlərinin yaşayış məntəqələrinin və əhalisinin məskunlaşdırılması artıq planlaşdırılıb. Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağında inşa olunacaq 11.6 kilometrlik tunel regionun ən böyük logistik layihələrindən biridir. Tərtər çayı üzərində yerləşən kiçik Su Elektrik stansiyaları yenidən qurulub.
Müzəffər Ali Baş Komandan İlham Əliyev rayon işğaldan azad olunduqdan sonra dəfələrlə Kəlbəcərə səfər edib. Bu səfərlərin hər biri həm yeni-yeni kommunikasiya, sosial-infrastruktur layihələrinin təməlinin qoyulması ilə, həm də ümumilikdə yenidənqurma, bərpa işlərinə nəzarətin, diqqətin artırılması ilə səciyyələnir. Bütün bu görülən işlər, diqqət və qayğı tezliklə öz nəticəsini verəcək, Kəlbəcər Azərbaycanın hər cəhətdən, xüsusən turizm baxımdan ən inkişaf etmiş rayonlarıdan birinə çevriləcək.
Milli Məclisin Müdafiə, təhlükəsizlik
və korrupsiya ilə mübarizə komitəsinin
sədri Ziyafət Əsgərov