Azərbaycan Milli İncəsənət Muzeyində fəlsəfə üzrə fəlsəfə doktoru Adəm İsmayıl Bakuvinin “Paris üçbucağı” romanının təqdimatı keçirilib.
Mərasimdə Milli Məclisin deputatları Ziyad Səmədzadə, Aydın Hüseynov, Etibar Əliyev, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva, digər rəsmi şəxslər, Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev, hüquq müdafiəçisi Novella Cəfəroğlu, Xalq yazıçısı Çingiz Abdullayev, AYB katibi Səlim Babullaoğlu, Azərbaycan Ədəbiyyat Fondunun baş direktoru, yazıçı Varis Yolçiyev, diplomatik korpusların nümayəndələri, televiziya və xəbər portallarının rəhbərləri, Xalq artistləri, Xalq rəssamları, hüquq müdafiəçiləri, digər ictimai və mədəniyyət xadimləri, alim və yazıçılar, digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə görkəmli tarzən, Xalq artisti Ramiz Quliyevin ifasında ulu öndər Heydər Əliyevin sevdiyi “Alagöz” və “Qərənfil” mahnıları səsləndirilib.
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş videoçarx nümayiş olunub.
Tədbirin aparıcısı Əməkdar jurnalist Qulu Məhərrəmli çıxışında Adəm İsmayıl Bakuvinin ötən il təqdimatı olan “Məhşər divanı: Yalanın 17 anı” sənədli romanı haqqında xatırlatma verib. Deyib ki, “Paris üçbucağı” adlanan roman müəllifin sayca ikinci genişhəcmli əsəridir. Müəllifin ilk kitabının çox uğurlu olduğunu xatırladan aparıcı bu gün təqdim olunan əsərin də oxucular arasında böyük maraqla qarşılanacağına əminliyini ifadə edib.
AYB-nin katibi Səlim Babullaoğlu müəllifin ilk kitabından söz açaraq deyib ki, “Məhşər divanı: Yalanın 17 anı” sənədli romanı ixtisar olunmuş formada ümumtəhsil müəssisələrində tədris edilməlidir.
Deputat Etibar Əliyev söyləyib ki, kitab təqdimatları, əsərlərin yazılması cəmiyyətdə bu istiqamətdə aparılan ən böyük təbliğatlardan biridir.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu “Paris üçbucağı” ilə hələ kitab formasında çap olunmazdan əvvəl tanış olduğunu vurğulayıb. Əsərdə yer alan mövzunun, tarixi faktların və hadisələrin mükəmməl şəkildə təsvir olunduğunu söyləyən çıxışçı kitabın böyük maraq doğuracağına əminliyini ifadə edib.
Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev deyib ki, “Paris üçbucağı” romanı xalqımız və ölkəmiz adına böyük bir uğurdur. Onun sözlərinə görə, əsər Azərbaycanın nə qədər multikultural və tolerant olduğunu, eləcə də milli-mənəvi dəyərlərinə sahib çıxdığını dünyaya çatdırmış olacaq.
Tədbirdə çıxış edən Azərbaycan Ədəbiyyat Fondunun baş direktoru, yazıçı Varis Yolçiyev kitaba maraq göstərən cəmiyyətlərin hər zaman üstün olduğunu bildirib. V.Yolçiyev “Paris üçbucağı” romanını oxuduğunu deyib və hər kəsi bu əsərlə tanış olmağa çağırıb.
Xeyriyyəçi Fərhad Ağayev Adəm İsmayılı təbrik edib. O, müəllifin əsərlərini böyük maraqla oxuduğunu deyərək yazıçıya uğurlar arzulayıb.
Çıxış edən Adəm İsmayıl Bakuvi təqdimatda iştirak edən hər kəsə öz təşəkkürünü bildirib. Müəllif deyib ki, iş adamlarının fəlsəfi düşüncəsi də tamam fərqli olur. O, qələmə aldığı “Paris üçbucağı” romanı barədə tədbir iştirakçılarına məlumat verib. Müəllifin sözlərinə görə, kitabda ən böyük qələbə sevgidir. Çünki sevən insan özündə Allahı tapır və Allahı tapan şəxs də haqdır:
“İsa Peyğəmbərin ölünü diriltməyi, Məhəmməd Peyğəmbərin sözü ilə dünyanı fəth etməsi - bunlar hamısı sevgi ilə ərsəyə gəlib. Ona görə də düşünürəm ki, sevgi həmişə qalib olub və olacaq”.
Sonra müəllifin oxucular üçün kitabın imza mərasimi keçirilib.
Tədbirin ikinci hissəsində qonaqlar kitabı müzakirə ediblər.
Qeyd edək ki, tarixi faktlarla zəngin əsərdə Ermənistan-Azərbaycan münaqişəsi geosiyasi maraqlar kontekstində araşdırılsa da, roman azərbaycanlı Ülvi və fransız Suzannanın ülvi, saf məhəbbətlərini özündə daşıyan melodramdır.