“Azərbaycan Dillər Universitetinin tələbəsi Jalə Eyvazovanın oxuduğu fakültənin dekan müavini təyin olunması ictimai əsaslarla həyata keçirilib”.
Bunu “Report”a açıqlamasında ADU-nun Mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı bildirib.
O qeyd edib ki, indiyə qədər ADU-da bu cür təcrübə olmayıb:
“Rektor, akademik Kamal Abdulla qərara gəldi ki, göstəriciləri yüksək olan, tələbələr arasında nüfuz qazanmış, tədbirlərdə fəal olan tələbəni qiymətləndirib, dəyərləndirsin. Həmçinin onun gələcək idarəçilik təcrübəsinə öz töhfəsini vermək üçün bu imkanı yaratsın. Bu addım Jalənin həm müəllimləri, həm universitet kollektivi, həm də tələbə yoldaşları tərəfindən rəğbətlə qarşılandı. Bu gün o, həm tələbə, həm də dekan müavini kimi çox uğurla fəaliyyət göstərir. Mənə elə gəlir ki, artıq dördüncü kursu bitirəndə Jalənin bu istiqamətdə geniş təcrübəsi olacaq və gələcəkdə universitet onun potensialından rahat şəkildə istifadə edə biləcək”.
C.Zeynallı müəllimlərin tələbə-dekan müavininə dərs deməsi zamanı maraqlar toqquşmasının ola biləcəyi ilə bağlı bildirib ki, bundan söhbət gedə bilməz:
“Dərslərə mane olmaq məsələsinə gəlincə, bu günə qədər Jalənin vəzifəsini yerinə yetirməsi və dərslərində hər hansı bir problemin yaranması ilə bağlı məlumat yoxdur. Düşünürəm ki, o, hər ikisinin öhdəsindən uğurla gələcək”.