2016-cı ildə baş vermiş aprel döyüşlərindən yeddi il ötür. Aprel döyüşləri o dövrdə həm danışıqlar prosesində, həm də bölgədə yeni vəziyyətin yaranmasını şərtləndirdi. Bu döyüşlər Azərbaycanla bağlı “məğlub tərəf” sindromunu aradan qaldırdı, bu münaqişədə gec-tez ədalətin bərpa olunacağına əminliyi artırdı. Aprel döyüşlərinin nəticəsi həm də Azərbaycan Ordusunun istənilən döyüş tapşırığını yerinə yetirmək əzmi və qüdrətində olduğunu göstərdi. Bu, o demək idi ki, Azərbaycan dövləti, onun Ordusu qüdrətlidir və istənilən təxribatçı hərəkətlərin qarşısını almaq iqtidarındadır, öz ərazi bütövlüyünü, təhlükəsizliyini təmin etmək gücündədir və işğal altında olan ərazilər istənilən yolla azad ediləcək.
Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə AZƏRTAC-a açıqlamasında söyləyib.
Ermənistan silahlı qüvvələrinin təxribatçı hərəkətlərinə layiqli cavab verən Azərbaycan Ordusunun döyüş qabiliyyətini müəyyən edən mühüm amillərdən olan vətənpərvərlik ruhunu xüsusi qeyd edən deputat deyib: “Müharibə şəraitində yaşayan bir ölkə üçün ən vacib məqamlardan biri də orduda və ümumiyyətlə, vətəndaşlar arasında sağlam mənəvi-psixoloji durum, ruh yüksəkliyi, özünə inam, vətənpərvərlik hisslərinin hakim olmasıdır. Bütün bunların nəticəsidir ki, xalqımız regionda aparıcı güc strukturuna çevrilmiş Azərbaycan Silahlı Qüvvələrinə vahid mərkəzdən idarə olunan, maddi-texniki bazası, intellektual potensialı xeyli möhkəmlənmiş, istənilən döyüş tapşırığını yerinə yetirməyə qadir bir qüvvə kimi böyük inam bəsləyirdi. Bütövlükdə, Aprel döyüşləri Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək gücündə olduğunu nümayiş etdirdi. Əldə edilmiş hərbi-psixoloji və diplomatik üstünlük münaqişənin həllində Azərbaycanın mövqeyini gücləndirdi və münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli üçün ciddi zəmin yaratdı. Eyni zamanda, Aprel döyüşləri Ermənistan təbliğat maşınının Ermənistan ordusunun gücü haqqında formalaşdırdığı mifi dağıtdı, bu kimi iddiaların heç bir əsası olmadığını göstərdi. Hadisələrdən dərhal sonra Ermənistan ordusunun rəhbərliyində baş vermiş çoxsaylı dəyişikliklər də bunu bir daha təsdiqləyir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “...Ermənistan rəhbərliyi uzun illər miflər yaradırdı. Aprel döyüşləri bu mifləri, bu əfsanələri darmadağın etdi və göstərdi ki, bu gün əgər bölgədə güclü ordu varsa, o da Azərbaycan Ordusudur. Bu döyüşlər göstərdi ki, xarici yardım almadan Ermənistan işğal edilmiş torpaqları işğal altında saxlaya bilmir və bilməz. Onlar özləri də məcbur qalıb bunu etiraf etməyə başlamışlar”.
Pərvin Kərimzadə qeyd edib ki, Azərbaycan Ermənistanın işğalçılıq siyasəti ilə barışmayacağını bir daha ermənilərə və dünyaya nümayiş etdirdi. Bütün bu reallıqlar qarşısında təşviş içində olan Ermənistan isə anladı ki, gec-tez işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməyə məcburdur. Əks halda, Azərbaycan dövləti və Ordusu onu məcbur edəcək. Nəzərə almaq lazımdır ki, bu gün bütün regional layihələrdən təcrid olunan, bölgədə blokada vəziyyətində qalan Ermənistanın düşdüyü mürəkkəb durumun səbəbi bu ölkənin işğalçılıq siyasətidir. Əgər bu ölkə işğalçı siyasətinə son qoysaydı və sülhə gəlsəydi, onun inkişafı üçün imkanlar yaranacaqdı. Lakin Ermənistan işğal siyasətini üstün tutdu ki, bu da onun ağır məğlubiyyəti ilə nəticələndi.
Deputat vurğulayıb ki, Aprel döyüşləri şanlı Zəfərimizin ilk müjdəsi kimi dəyərləndirilə bilər. 2018-ci il iyunun 26-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə Bakının Azadlıq meydanında keçirilən təntənəli hərbi paradda 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Günnüt əməliyyatında işğalçılardan azad olunmuş torpaqlarda qaldırılmış Azərbaycan bayraqları nümayiş etdirilib. Paradda çıxış edən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ölkəmizin ərazi bütövlüyünün mütləq bərpa olunacağını bildirərək demişdi: “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək”. Belə də oldu! Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 2020-ci ildə 44 günlük Vətən müharibəsində tarixi Zəfərə imza atmaqla nəyi nə zaman etməyi bildiyini bir daha işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə nümayiş etdirdi. Qarabağın tacı olan Şuşamız tarixi sahibinə qayıtdı. Qırx dörd gündə qəhrəman hərbçilərimizin sayəsində 5 şəhər, 4 qəsəbə, 300-ə yaxın kənd, xeyli sayda strateji yüksəkliklər işğaldan azad edildi. Bu gün xalqımız tarixi Zəfərimizin sevincini yaşamaqla yanaşı, Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdışa başlayıb. Dövlətimizin qətiyyəti, ordumuzun gücü, qüdrəti, xalqımızın dəmir yumruq kimi birliyi, həmrəyliyi sayəsində bu qayıdış əbədidir. Bu tarixi mərhələdə isə Aprel döyüşləri müstəsna yer tutur.