Oktyabrın 5-də BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə Ağdamda “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumu keçirilib. Azərbaycanda ilk dəfə Azərbaycan Milli Şəhərsalma Forumunun məhz Ağdam şəhərində keçirilməsi, şəhərsalma sahəsində dünyanın müxtəlif ölkələrindən olan sahə mütəxəssislərinin təcrübələrinin bölüşülməsi və dayanıqlı inkişafın təmin edilməsi üçün əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından mühüm və uğurlu platformadır. Azərbaycan Milli Şəhərsalma Forumuna 44 ölkədən 130-dan çox nümayəndə, ümumilikdə isə 400 nəfərdən çox iştirakçı qatılmışdır. İlk Milli Şəhərsalma Forumu işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan şəhərsalma, bərpa və quruculuq işlərinin, burada tətbiq olunan texnologiyaların, unikal təcrübənin və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm tarixi, siyasi və iqtisadi əhəmiyyətə malikdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak ediblər. Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxış edən ölkə başçısı bir daha dünya ictimaiyyətinin diqqətinə Azərbaycan həqiqətləri ilə bağlı mühüm məqamları çatdırdı. Prezident İlham Əliyev dərin məzmunlu nitqində Ağdamın müharibə zamanı deyil, işğal illərində məqsədli şəkildə viran qoyulduğunu vurğulayıb: “Ağdam işğal illərində dağıdılıb. O, Birinci Qarabağ müharibəsi dövründə dağılmamışdı. O, sonradan, demək olar ki, 30 il ərzində daşları bir-bir sökülməklə dağıdılıb, bütün binalar viran qoyulub və sökülüb, daşlar oğurlanıb və satılıb.” Qeyd edək ki, Ağdamı xarici və yerli jurnalistlər, ekspertlər Qafqazın Xirosiması adlandırıblar. İşğaldan azad olunmuş Ağdam erməni vandalizmin şahididir. Azad edilmiş torpaqlarda hər şey dağıdılıb. Ermənistan qəsdən mədəni və dini abidələrimzi vandalizmə məruz qoymuş, təhqir və qarət etmişdir. Ermənistanın işğalına qədər Ağdam nəinki Qarabağ bölgəsinin, eləcə də respublikanın inkişaf etmiş şəhərlərindən biri idi. Ermənilər işğal etdikləri Ağdam şəhərində və rayonun kəndlərində yaşayış evlərini, ictimai binaları, məktəbləri, uşaq bağçalarını, xəstəxanaları, istehsal müəssisələrini talan edib, dağıdıb və yandırıblar. Vaxtilə Azərbaycanın ən gözəl şəhərlərindən olan Ağdamın yerində xarabalıqlar qalmışdı. Erməni vandalları, hətta Şəhidlər xiyabanını, qəbiristanlıqları, Pənahəli xanın buradakı sarayı, İbrahimxəlil xanın türbəsi və digər abidələri də dağıdıblar. Prezident öz çıxışında ermənilərin dini abidələ qarşı vandalizm aktlarını xüsusilə qeyd edib: “Görə bilərsiniz ki, yarıdağılmış yeganə tikili Cümə məscidinin binası olub. Lakin onun keçmiş işğal altında olan ərazilərdə Ermənistanın dağıtdığı digər məscidlərlə birlikdə dağıdılmamasının səbəbi odur ki, onlar minarələrdən müşahidə üçün, Azərbaycan Silahlı Qüvvələrinin potensial hərəkətini görmək üçün istifadə edirdilər. Lakin bizdə Ağdam məscidinin təhqir olunmasına dair foto və video sübutlar var. Ermənilər məsciddə donuz və inək saxlayıblar. Azad etdiyimiz ərazilərdə yerləşən ümumilikdə 67 məsciddən 65-i tamamilə dağılıb. Onlardan 2-si – biri burada, digəri Şuşada yarımçıq sökülüb və təhqir olunub.” Prezident İlham Əliyev Forumdakı çıxışında ermənilərin mina terroruna da diqqəti çəkib. Ölkə başçısı vurğulayıb ki, “müharibə demək olar ki, iki il bundan əvvəl başa çatandan bəri təxminən 250 azərbaycanlı minaların partlaması nəticəsində həlak olub və ya ağır yaralanıb. Əfsuslar olsun ki, bu rəqəm hər həftə artır. Təkcə keçən həftə 2 nəfər həlak olub, 3 nəfər ağır yaralanıb. Ermənilər işğal dövründə 1 milyondan çox mina basdırıblar.” Ermənistan minalanmış ərazilərin xəritələrini Azərbaycan tərəfinə təqdim etməkdən imtina edir.Beynəlxalq humanitar hüquqa əsasən mülki əhalinin hüquqları kobud şəkildə pozan Ermənistan hərbi cinayətlərini davam etdirir, eyni zamanda beynəlxalq öhdəlikləri yerinə yetirmir. Əslində, Ermənistan dünyanın gözü qarşısında Azərbaycan əhalisinə qarşı etnik təmizləmə siyasətini davam etdirir. Çünki minalanmış sahələrin xəritələrini Azərbaycana verməməklə Emənistan dinc vətəndaşları və hərbi qulluqçuları bilərəkdən ölümə məhkum edir. İşğaldan azad edilmiş ərazilərimizdə minalar zərərsizləşdirilir. Buna baxmayaraq, minalanmış ərazilərin çox olması nəticəsində mina qurbanlarının sayı artmaqda davam edir və minalanmış ərazilərin xəritələrinin verilməsi ilə bağlı dəfələrlə müxtəlif səviyyələrdə xəbərdarlıq edilməsinə baxmayaraq, Ermənistan məqsədyönlü şəkildə bundan imtina edir. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində minalarla bərabər, təmizlənməsi kifayət qədər çətin olan tələlər də qurulub. Bu da minalardan təmizləmə əməliyyatına mane olur. İşğaldan azad edilmiş ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi Azərbaycan hökuməti üçün prioritetdir və bərpa prosesinin vacib bir hissəsidir. Minalanmış ərazilərin xəritələrini gizlətməklə Ermənistan həm də azərbaycanlıların doğma torpaqlarına qayıdışının ləngiməsinə səbəb olur. Bu, Azərbaycan hökumətinə bərpa proseslərini həyata keçirməyə də maneçilik törədir. Aparıcı dövlətlər, beynəlxalq humanitar və insan hüquqları təşkilatları, habelə onların Azərbaycandakı nümayəndələri bu məsələyə diqqəti yönəltməlidirlər,səssiz qalmamalıdırlar. Beynəlxalq təşkilatlar minalanmış ərazilərin xəritəsini vermək üçün Ermənistana təzyiq göstərməlidir. Ermənistan minaladığı ərazilərin xəritələrini təqdim etməyə məcbur edilməlidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumdakı çıxışında Azərbaycanın sülhün tərəfdarı olduğunu bir daha bəyan edib. “10 min kvadratkilometrdən çox ərazinin Ermənistan tərəfindən dağıdılmasına baxmayaraq, insanlarımızın çəkdiyi zülmlərə baxmayaraq, biz Ermənistana sülh təklif etdik. Sülh müqaviləsi üçün əsas olan beynəlxalq hüququn beş əsas prinsipini, - xüsusən də ölkələrin ərazi bütövlüyünün qarşılıqlı tanınması, gələcəkdə ərazi iddialarından çəkinmək, güc tətbiq etməmək və ya güc tətbiq etmək hədəsindən çəkinmək, dövlət sərhədlərinin müəyyən edilməsi və kommunikasiyaların açılması, - irəli sürdük. Bütün bunlar, əslində, beynəlxalq hüququn əsas prinsipləridir və hesab edirəm ki, münasibətlərini normallaşdırmağa çalışan ölkələr arasında sülh sazişləri və ya hər hansı sazişlər buna əsaslanmalıdır” Sözsüz ki, Ermənistan öz gələcəyini düşünürsə, Azərbaycanın sülh təşəbbüslərinə adekvat cavab verməlidir.
Pərvin Kərimzadə
Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Milli Məclisi deputatı