Azərbaycan Prezidentinin Özbəkistana səfəri tarixi xarakter daşıyır

Prezident İlham Əliyevin pandemiyadan sonra ilk rəsmi səfərini Özbəkistana etməsi ikitərəfli münasibətlərin yüksək səviyyəsinin, xalqlarımızın qardaşlığının və dostluğunun təzahürü, ölkələrimiz arasında qardaşlıq, dostluq münasibətlərinin möhkəm təməlinin təsdiqidir.

Azərbaycan ilə Özbəkistan arasındakı münasibətlərin əsasını ortaq mənəvi dəyərlər, din, oxşar mədəniyyətlər və dil təşkil edir. Özbəkistan Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib. Münaqişə səbəbindən Ermənistanla soyuq münasibət də bunu təsdiq edir. Vətən müharibəsində Zəfərimiz münasibətilə Azərbaycanı ilk təbrik edənlərdən biri də məhz Özbəkistan Prezidenti Şavkat Mirziyoyev idi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov söyləyib.

Z.Əsgərov diqqətə çatdırıb ki, Azərbaycan Prezidentinin Özbəkistana səfəri tarixi xarakter daşıyır. Dövlətimizin başçısının bu ölkəyə dövlət səfəri ümummilli lider Heydər Əliyevin Özbəkistana səfərinin 25 illiyinə təsadüf edir. Ulu Öndər özbək xalqına böyük hörmət və dərin sevgi ilə yanaşıb. 1970-ci illərdə də onun Şərəf Rəşidov, 1990-cı illərdə İslam Kərimov ilə dostluğu Azərbaycan və Özbəkistan xalqları arasında münasibətlərin bugünkü inkişafının təməli olub.

Daşkənddə Heydər Əliyev meydanının açılışı, Özbəkistan Prezidentinin ulu öndər Heydər Əliyev barədə fikirləri həqiqətən də qardaş ölkədə Azərbaycan xalqının ümummilli liderinə dərin rəğbət və böyük hörmətin olduğunu nümayiş etdirir. Bir sözlə, səfərə verilən böyük əhəmiyyət, dövlət başçılarının şəxsi münasibəti, imzalanmış sənədlərin əhatəsi həqiqətən də bu səfərin ikitərəfli münasibətlərin inkişafında tarixi əhəmiyyət daşıdığını nümayiş etdirir.

Komitə sədrinin sözlərinə görə, səfər zamanı imzalanmış sənədlər Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlığı keyfiyyətcə yeni mərhələyə yüksəldir. “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə”nin imzalanması strateji tərəfdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində atılan mühüm addımdır.

“Şavkat Mirziyoyevin rəhbərliyi ilə Özbəkistan müstəqil xarici siyasət yürüdür, öz resurslarına güvənir, sosial-iqtisadi inkişafda böyük uğurlar qazanıb. Xarici siyasətdə əlaqələndirmə və beynəlxalq təşkilatlarda əməkdaşlığın beynəlxalq arenada müstəqil siyasət yürüdən hər iki dövlətin strateji tərəfdaşlığının vacib elementidir. Ölkələrimiz arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlığın inkişaf etdirilməsi Azərbaycanın hərbi sahədə əlaqələrinin daha da güclənməsi baxımından çox əhəmiyyətlidir. Bundan başqa, səfər zamanı nəqliyyat-logistika, sənaye sahəsində əməkdaşlıq sazişlərinin imzalanması tranzit imkanlarının genişlənməsi, qarşılıqlı investisiyaların təşviqinə imkan verəcək.

“Xalqlarımızı çoxəsrlik tarix və əlaqələr bir-birinə bağlayır. Azərbaycan Prezidentinin Özbəkistana səfəri və səfər zamanı imzalanan sənədlər əlaqələrin daha da genişləndirilməsinə imkan verəcək”, - deyə Ziyafət Əsgərov bildirib.