Azərbaycan suverenliyi ilə ziddiyyət təşkil edən cəhdləri neytrallaşdırmağı bacardı ŞƏRH

Yeddinci çağırış Milli Məclis yeni dövrün parlamentidir. Ümumiyyətlə, 2024-cü ildə həm prezident, həm də parlament seçkilərinin bütün ölkə ərazisində keçirilməsi Azərbaycan dövlətinin gücünü, xalqımızın əyilməz ruhunu bütün dünyaya göstərdi. Milli Məclisin ilk iclasında Prezident İlham Əliyevin proqram xarakterli çıxışında bu məqam xüsusi qeyd olundu. Dövlətimizin başçısının nitqində olduqca vacib mesajlar var idi. Belə ki, hazırkı dövrə qədər əldə edilmiş nəticələr təhlil edildi, qarşıda duran əsas vəzifələr müəyyənləşdirildi. Bütün Milli Məclis üzvləri, eyni zamanda, parlamentdə yeni təmsil olunan deputatlar üçün bu çıxış xüsusi əhəmiyyət kəsb edir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova söyləyib.

O qeyd edib ki, ərazi bütövlüyümüz və suverenliyimiz bərpa edildikdən sonra ölkəmizin qarşısında yeni imkanlar açılıb. Yeddinci çağırış parlament yeni dövr və yeni çağırışlar fonunda fəaliyyətə başlayıb. Azərbaycan Prezidentinin bəyan etdiyi kimi, yeni dövrdə də bizim üçün vacib olan əsas hədəflərdən biri milli təhlükəsizliyin təmin edilməsidir. Ordumuzun döyüş qabiliyyətinin artırılması, hərbi sənaye kompleksinin gücləndirilməsi, eyni zamanda, sərhədlərimizin qorunması yeni mərhələdə də strateji imperativlər kimi hazırda mövcud mürəkkəb geosiyasi vəziyyət fonunda aktuallığını qoruyub saxlayır. İkinci Qarabağ münaqişəsi 4 ilə yaxın müddətdir başa çatsa da, Ermənistan rəsmi Bakının sülh təklifini dəyərləndirməyib. Əksinə hər dəfə müxtəlif bəhanələrlə sülhdən yayınır, bu azmış kimi Qərbdəki havadarlarının dəstəyi sayəsində yenidən revanşa can atır. Kütləvi surətdə silahlanma, Fransa və digər Qərb ölkələrindən ayrılan hərbi yardımlar da buna hesablanıb. Amma Müzəffər Ali Baş Komandan İlham Əliyevin də bəyan etdiyi kimi, Ermənistan və onun arxasında duran istənilən ölkə bilməlidir ki, Azərbaycanla şantaj və ultimatum dili ilə danışmaq mümkün olmayacaq. Dövlətimizin başçısı bir daha xəbərdarlıq etdi - əgər Azərbaycana real təhdid olarsa, o təhdidi istənilən ərazidə məhv etmək böyük çətinlik yaratmayacaq. Son 4 ilin təcrübəsini, təxribatlara cavab olaraq reallaşan əməliyyatları xatırlamaq kifayətdir.

“İdeoloji təhlükəsizlik də Azərbaycan Prezidentinin nitqində diqqət yetirdiyi vacib məsələlərdən biridir. Təbii ki, bu sahədə bizə qarşı yönələn təxribatların heç bir nəticəsi yoxdur, amma bununla belə bu sahədə də bütün imkanlar səfərbər olunmalıdır. Vaxtilə Azərbaycanda kök salmış xarici qüvvələr, onların təxribatlarının, ictimai rəyə təsir etmək üçün hətta bir-biri ilə rəqabət aparmalarının, bu məqsədlə QHT-lərdən, mediadan, siyasi partiyalardan istifadə edilməsi faktlarının dəfələrlə şahidi olmuşuq. Bu təhlükələrin qarşısını almaq üçün əsas vəzifə - aparılan çirkin oyunların ifşasını davam etdirməkdir. Bu məsələdə təbii ki, parlament diplomatiyasının effektiv rolu var. Milli Məclis üzvləri bütün müvafiq platformalarda ölkəmizə qarşı yönələn kampaniyaları tutarlı arqumentlərlə ifşa edərək, ideoloji təhlükəsizliyin təmin olunmasına töhfə verir. Proses bundan sonra da davam etdiriləcək.

Tarixi Zəfərdən sonra xarici siyasətimizin istiqamətləri də aydındır. Biz ikitərəfli formatda qarşılıqlı hörmət əsasında istənilən ölkə ilə əməkdaşlığa hazırıq. Bütün qitələrdə dostlarımızın sayının artması, vaxtilə mövcud olmadığımız bölgələrlə ciddi təmasların qurulması xarici siyasətdə əldə etdiyimiz uğurların nəticəsidir.

“Azərbaycan xalqı üçün dost və düşmənin əsas meyarı bizim suverenliyimizin bərpasına olan münasibətdir”, – deyən Prezidentin parlamentdəki çıxışında verdiyi əsas mesajlardan biri də bu oldu. Müasir beynəlxalq münasibətlər sistemində öz nüfuzunu və rolunu daha da möhkəmləndirən Azərbaycanın bu yanaşması tamamilə ədalətlidir. Çünki Azərbaycan bu vaxta qədər heç bir ölkənin daxili işlərinə qarışmayıb. Ərazi bütövlüyü məsələsində hər zaman qətiyyət və prinsipiallıq nümayiş etdirib. Rəsmi Bakının bütün addımları tərəfdaşlıq prinsiplərinə, beynəlxalq hüququn normalarına hər zaman uyğun olub. Bu mənada heç bir maraq bizim milli maraqlarımızdan üstün ola bilməz. 30 illik işğal dövründə də Azərbaycan öz ərazi bütövlüyü və suverenliyi ilə ziddiyyət təşkil edən cəhdləri neytrallaşdırmağı bacardı. Postmünaqişə dövründə artıq qalib ölkə kimi Azərbaycan öz ədalətli şərtlərini irəli sürür. “Bizi suverenliyimizin bərpası ilə bağlı kim dəstəkləyib, kim təbrik edib - bu, bizim dostlarımızdır. Buna qarşı kim çıxıb və kim çıxırsa, separatçılara dəstək verirsə, onlar dost ola bilməzlər”, - deyə Nigar Məmmədova vurğulayıb.

Ermənistanla münasibətlərin normallaşmasından danışan deputat əlavə edib ki, dövlətimizin başçısı bir daha rəsmi Bakının haqlı tələblərini bəyan etdi - Ermənistan Azərbaycana qarşı rəsmi ərazi iddialarına son qoymalı, Konstitusiyasına dəyişiklik etməli, ATƏT-in Minsk qrupu da ləğv olunmalıdır. Bu, istər Ermənistan, istərsə də onun destruktiv havadarlarına mesaj idi. Burada artıq siyasi oyunbazlığa, sülh müqaviləsini təhrif etmək kimi riyakar davranışlara yer yoxdur.