Müasir beynəlxalq münasibətlər sistemində artıq enerji təhlükəsizliyi yalnız iqtisadi məsələ deyil, dövlətlərin milli təhlükəsizliyinin, xarici siyasətinin və geosiyasi mövqeyinin əsas elementlərindən birinə çevrilib. Son illərdə dünyada baş verən geosiyasi dəyişikliklər, enerji bazarlarında yaşanan dalğalanmalar, yeni logistika marşrutlarının formalaşması və alternativ enerji mənbələrinə keçid prosesi enerji siyasətinin əhəmiyyətini daha da artırıb. Belə bir dövrdə Azərbaycan özünün düşünülmüş enerji strategiyası, etibarlı tərəfdaş imici və uzunmüddətli əməkdaşlıq siyasəti ilə beynəlxalq enerji təhlükəsizliyinin əsas iştirakçılarından biri kimi çıxış edir.
Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda enerji siyasəti ilə bağlı səsləndirdiyi fikirlər Azərbaycanın bu sahədə əldə etdiyi uğurların və gələcək inkişaf istiqamətlərinin aydın mənzərəsini təqdim etdi. Dövlət başçısı vurğuladı ki, ölkəmiz təkcə mövcud enerji resurslarını ixrac edən dövlət deyil, eyni zamanda qlobal enerji təhlükəsizliyinə mühüm töhfə verən etibarlı strateji tərəfdaşdır.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra enerji sektorunun inkişafını iqtisadi strategiyanın əsas prioritetlərindən biri kimi müəyyənləşdirdi. Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu "Əsrin müqaviləsi" bu siyasətin əsasını qoydu və ölkənin beynəlxalq enerji bazarına inteqrasiyasını təmin etdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu strategiya daha da genişləndirildi, yeni yataqların işlənməsi, ixrac marşrutlarının şaxələndirilməsi və beynəlxalq əməkdaşlıq mexanizmlərinin inkişafı istiqamətində mühüm addımlar atıldı.
Bu gün Azərbaycan dünyanın etibarlı enerji təchizatçılarından biri kimi tanınır. Ölkəmiz boru kəmərləri vasitəsilə Avropa və region ölkələrinə təbii qaz ixrac edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, hazırda Azərbaycan 16 ölkəyə təbii qaz tədarük edir və boru kəmərləri ilə qaz ixrac edən ölkələr arasında coğrafi əhatəsinə görə dünya liderlərindən biridir. Bu göstərici Azərbaycanın enerji diplomatiyasının uğurunu və beynəlxalq etimad qazandığını nümayiş etdirir.
Son illərdə Avropada baş verən enerji böhranı Azərbaycanın rolunu daha da artırıb. Rusiya-Ukrayna müharibəsindən sonra Avropa İttifaqı alternativ enerji mənbələrinin axtarışını sürətləndirdi və bu prosesdə Azərbaycan əsas tərəfdaşlardan birinə çevrildi. Prezident İlham Əliyevin bildirdiyi kimi, 2022-ci ildən etibarən Avropa İttifaqına qaz ixracı 65 faiz artıb. Bu artım təsadüfi deyil, uzun illər ərzində həyata keçirilmiş məqsədyönlü enerji siyasətinin məntiqi nəticəsidir.
Azərbaycanın enerji siyasətinin əsas üstünlüklərindən biri etibarlılıq prinsipidir. Ölkəmiz indiyədək imzaladığı bütün beynəlxalq müqavilələrə sadiq qalıb, öhdəliklərini vaxtında yerinə yetirib və tərəfdaşlarının etimadını qazanıb. Beynəlxalq enerji bazarında etimad ən qiymətli amillərdən biridir. Məhz buna görə də Azərbaycan qazı bu gün Avropa üçün təhlükəsiz və sabit enerji mənbəyi kimi qiymətləndirilir.
Enerji təhlükəsizliyi yalnız hasilatın artırılması ilə məhdudlaşmır. Bunun üçün müasir nəqliyyat infrastrukturu və güclü logistika sistemi də vacibdir. Azərbaycan bu istiqamətdə də böyük investisiyalar həyata keçirib. Cənub Qaz Dəhlizi, TANAP və TAP layihələri Avropanın enerji xəritəsini dəyişdirən ən mühüm beynəlxalq layihələr sırasındadır. Bu layihələr sayəsində Azərbaycan qazı minlərlə kilometr məsafə qət edərək Avropa istehlakçılarına çatdırılır.
Prezident İlham Əliyev Forum zamanı vurğuladı ki, mövcud qaz nəqli infrastrukturu artıq artan tələbat fonunda genişləndirilməlidir. Avropanın enerji təhlükəsizliyinə töhfənin davam etdirilməsi üçün yeni investisiyalara ehtiyac var. Dövlət başçısı uzunmüddətli müqavilələrin əhəmiyyətini xüsusi qeyd edərək bildirdi ki, iri həcmli investisiyalar yalnız sabit və proqnozlaşdırılan əməkdaşlıq şəraitində mümkündür.
Azərbaycan enerji diplomatiyasında yalnız ənənəvi enerji resurslarına arxalanmır. Son illərdə ölkəmiz yaşıl enerji sahəsində də genişmiqyaslı layihələr həyata keçirir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının "Yaşıl enerji zonası" elan olunması bu strategiyanın mühüm tərkib hissəsidir. Günəş, külək və su elektrik stansiyalarının tikintisi Azərbaycanın gələcək enerji modelini formalaşdırır.
Prezident İlham Əliyevin sözlərinə görə, 2032-ci ilədək ölkədə bərpaolunan enerji mənbələri üzrə 8 giqavat generasiya gücünün yaradılması planlaşdırılır. Bu, yalnız ekoloji baxımdan deyil, iqtisadi baxımdan da mühüm nəticələr verəcək. Elektrik enerjisinin istehsalında istifadə olunan təbii qaza qənaət ediləcək və həmin qaz əlavə ixrac imkanları yaradacaq.
Qarabağda artıq yüzlərlə meqavat gücündə su elektrik stansiyaları istifadəyə verilib. Yeni günəş elektrik stansiyalarının tikintisi isə davam edir. Bu layihələr Azərbaycanın yaşıl enerji ixracatçısına çevrilməsi istiqamətində atdığı mühüm addımlardır.
Enerji diplomatiyasının mühüm istiqamətlərindən biri də bazarların şaxələndirilməsidir. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan artıq yeni bazarlara, o cümlədən Suriyaya qaz ixracına başlayıb. Bu siyasət ölkənin enerji ixracının coğrafiyasını genişləndirməklə yanaşı, yeni iqtisadi imkanlar yaradır.
Azərbaycanın enerji siyasəti regional əməkdaşlığın inkişafına da mühüm töhfə verir. Enerji layihələri müxtəlif dövlətləri vahid iqtisadi platformada birləşdirir, qarşılıqlı etimadı gücləndirir və uzunmüddətli tərəfdaşlıq münasibətlərinin formalaşmasına xidmət edir. Bu baxımdan enerji diplomatiyası yalnız iqtisadi deyil, həm də siyasi sabitlik amili kimi çıxış edir.
Son illərdə Avropa Komissiyası rəhbərliyinin Azərbaycana ardıcıl səfərləri də ölkəmizin enerji siyasətinə verilən yüksək qiymətin göstəricisidir. Avropa İttifaqı Azərbaycanı enerji təhlükəsizliyinin əsas təminatçılarından biri hesab edir. Bu münasibətlər qarşılıqlı hörmət, etibarlılıq və ortaq maraqlar əsasında inkişaf edir.
Bununla yanaşı, Azərbaycan enerji təhlükəsizliyi ilə yanaşı, iqlim gündəliyinə də xüsusi diqqət yetirir. COP29-a uğurlu ev sahibliyi ölkəmizin qlobal iqlim siyasətində də fəal iştirak etdiyini göstərdi. Ənənəvi enerji ilə yaşıl enerji arasında balansın qorunması Azərbaycanın enerji strategiyasının əsas xüsusiyyətlərindən biridir.
Prezident İlham Əliyevin çıxışında diqqət çəkən digər mühüm məqam ondan ibarət idi ki, enerji təhlükəsizliyi artıq rəqəmsal transformasiya və innovasiya ilə sıx bağlıdır. Yeni texnologiyalar hasilatın səmərəliliyini artırır, enerji sistemlərinin təhlükəsizliyini gücləndirir və resurslardan daha rasional istifadə etməyə imkan yaradır. Azərbaycan da bu istiqamətdə müasir texnologiyaların tətbiqini sürətləndirir.
Azərbaycanın enerji diplomatiyasının uğurunun əsas səbəblərindən biri də milli maraqlar ilə beynəlxalq əməkdaşlıq arasında düzgün balansın qorunmasıdır. Ölkəmiz heç vaxt enerjidən siyasi təzyiq vasitəsi kimi istifadə etməyib. Əksinə, enerji layihələri qarşılıqlı faydalı əməkdaşlığın inkişafına xidmət edib. Bu yanaşma Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırıb.
Müasir geosiyasi şəraitdə enerji resurslarına tələbatın artması Azərbaycanın strateji əhəmiyyətini daha da yüksəldir. Avropa ilə yanaşı, Asiya və Yaxın Şərq bazarlarında da Azərbaycan qazına maraq artır. Bu isə ölkənin iqtisadi inkişafı üçün yeni imkanlar yaradır.
Nəticə etibarilə, Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda enerji siyasəti ilə bağlı səsləndirdiyi fikirlər göstərir ki, Azərbaycan artıq qlobal enerji təhlükəsizliyinin formalaşmasında mühüm rol oynayan dövlətlərdən biridir. Ölkəmizin həyata keçirdiyi düşünülmüş enerji diplomatiyası, etibarlı tərəfdaşlıq siyasəti, yeni ixrac marşrutlarının yaradılması, yaşıl enerji layihələrinin genişləndirilməsi və beynəlxalq əməkdaşlığın inkişafı Azərbaycanın strateji mövqeyini daha da gücləndirir. Qarşıdakı illərdə də bu siyasət ölkəmizin dünya enerji bazarındakı rolunu artıracaq, iqtisadi inkişafına və beynəlxalq nüfuzunun möhkəmlənməsinə mühüm töhfə verəcək.
Milli Məclisin deputatı
Şahin Seyidzadə