Azərbaycan
xalqının müasir tarixində elə əlamətdar günlər vardır ki, həmin tarixlər yalnız
təqvimdə müəyyən olunmuş gün deyil, milli yaddaşın, dövlətçilik iradəsinin və gələcəyə
inamın rəmzinə çevrilmişdir. Məhz 20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri
günü də belə mühüm tarixi günlərdəndir.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 20
sentyabr tarixi həm də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi
müəyyən edilmişdir.
20
Sentyabr eyni zamanda Azərbaycan dövlətinin öz ərazi bütövlüyünü və
suverenliyini təmin etmək istiqamətində həyata keçirdiyi ardıcıl siyasətin
mühüm nəticələrindən birini ifadə edir. Bu baxımdan həmin gün xalqımızın milli
iradəsinin, dövlətçilik əzminin və tarixi torpaqlarımızın dirçəldilməsi
prosesinin simvolu kimi xüsusi əhəmiyyət daşıyır.Məlumdur ki, Azərbaycan
Respublikasının ərazi bütövlüyünün bərpası uzunmüddətli və mürəkkəb tarixi
prosesin nəticəsi olmuşdur. 2020-ci ildə baş vermiş Vətən müharibəsi nəticəsində
Azərbaycanın bir sıra şəhər və rayonları işğaldan azad edilmiş, 2023-cü ilin
sentyabrında isə Qarabağ bölgəsində dövlət suverenliyinin tam bərpası təmin
edilmişdir.
2023-cü
il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev
Xankəndi Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan
Respublikasının Dövlət Bayrağını ucaltdı. Bu hadisə Azərbaycanın dövlət
suverenliyinin bərqərar olmasının rəmzi hadisələrindən biri kimi yadda qaldı.
Xankəndidə
sonrakı dövrdə sosial, təhsil, idman və digər infrastrukturların bərpasına
xüsusi diqqət yetirilmişdir. Qarabağ Universitetinin fəaliyyətə başlaması şəhərin
gələcək inkişafında təhsilin və insan kapitalının rolunu daha da artırmışdır.
Universitetin əsas binasının və tələbə yataqxanasının təmir edilməsi, yeni təhsil
və tibb infrastrukturlarının yaradılması Xankəndidə yeni həyat mərhələsinin
formalaşmasının göstəricilərindəndir. Həmçinin, 8 noyabr 2023-cü ildə Xankəndində
Vətən müharibəsində əldə edilmiş Zəfərin üçüncü ildönümünə həsr olunmuş hərbi
paradın keçirilməsi də şəhərin Azərbaycanın dövlətçilik tarixindəki yeni mərhələsinin
mühüm hadisələrindən biri olmuşdur.
Xocalı
adı da Azərbaycan xalqının yaddaşında xüsusi tarixi məna daşıyır. 2023-cü ilin
sentyabrında Azərbaycanın dövlət suverenliyinin bərpası ilə Xocalı şəhərində də
yeni tarixi mərhələ başlandı. 2024-cü il mayın 28-dən etibarən keçmiş məcburi
köçkünlərin Xocalıya qayıdışı başlanmışdır. Şəhərdə yaşayış binalarının, sosial obyektlərin
və digər infrastrukturun bərpası Böyük Qayıdışın mühüm istiqamətlərindən birini
təşkil edir. Xocalı Soyqırımı Memorialının təməlinin 2024-cü il fevralın 26-da
qoyulması isə faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsi baxımından
mühüm hadisədir. Bu gün Xocalı yalnız faciə ilə
xatırlanan şəhər deyil, həm də dirçəlişin, yenidənqurmanın və insanların öz
doğma yurdlarına qayıdışının ünvanıdır.
Xocavənd rayonu zəngin tarixi-mədəni irsi, qədim
yaşayış məskənləri və təbii sərvətləri ilə Qarabağın mühüm bölgələrindən
biridir. 2020-ci il Vətən müharibəsindən sonra Xocavənd rayonunun Hadrut qəsəbəsi
və bir sıra kəndləri azad edilmiş, 2023-cü ilin sentyabrında isə rayonun şəhər
mərkəzi də daxil olmaqla ərazidə Azərbaycanın dövlət suverenliyi tam bərpa
edilmişdir. Buna görə 20 sentyabr Xocavənd şəhəri günü kimi müəyyən olunmuşdur.
Bu gün keçmiş məcburi köçkünlərin doğma
torpaqlarına qayıdışı Böyük Qayıdış siyasətinin əsas istiqamətlərindən biri
kimi həyata keçirilir. Qeyd edim ki, 2026-cı il avqust ayının 17-nə qədər Xankəndi
şəhərində 76, Kərkicahan qəsəbəsində 43 ailə olmaqla cəmi 119 ailə,
Xocalı şəhərində 144, Ballıca kəndində 246, Xanyurdu kəndində
140, Təzəbinə kəndində 180, Şuşakənd kəndində 116, Badara kəndində
109, Seyidbəyli kəndində 77, Daşbulaq kəndində 44, Xanabad kəndində
111 ailə olmaqla cəmi 1.167 ailə məskunlaşıb. Həmçinin Xocavənd şəhərində
413, Xocavənd kəndində 78, Xanoba kəndində 39, Qırmızı Bazar
qəsəbəsində 213, Sos kəndində 85, Güneyxırman kəndində 39, Quzeyxırman kəndində
39, Hadrut qəsəbəsində 82 ailə olmaqla cəmi 988 ailə, Ağdərə
rayonunun Talış kəndində 20, Həsənriz kəndində 292, Suqovuşan
kəndində 180, Kolatağ kəndində 36, Vəngli kəndində 151,
Heyvalı kəndində 46, Çapar kəndində 40, Aşağı Oratağ kəndində
111, Çıldıran kəndində 41 ailə olmaqla cəmi 917 ailə məskunlaşıb.
Ümumilikdə tarixi Zəfərimizdən bu günədək dogma yurd-yuvalarına qayıdan
keçmiş məcburi köçkünlərin, həmçinin Böyük Qayıdış ünvanlarının sayı bu
torpaqlarda geniş miqyas alan bərpa-quruculuq işlərinin göstəricisidir. Qarabağ
və Şərqi Zəngəzur dirçəlir. Hazırda 48 şəhər və kənddə 90 mindən artıq insan
yaşayır, işləyir, təhsil alır. Təbii ki, bu, son rəqəm deyil. Böyük
Qayıdış Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin qayıdışı mərhələ-mərhələ
davam edir.
20 Sentyabr beləliklə, yalnız keçmişdə baş
vermiş hadisələri xatırlamaq üçün deyil, həm də bu şəhərlərin qarşısında açılan
yeni inkişaf yolunu qeyd etmək baxımından əhəmiyyətlidir. Xankəndi, Xocalı,
Xocavənd və Ağdərə Azərbaycanın Qarabağ bölgəsinin tarixində özünəməxsus yer
tutur və onların yenidən qurulması bu tarixi şəhərlərin gələcəyinə yeni səhifə
açır.
Fizuli
Həsənov, “Milli Qəhrəmanları Tanıtma” İctimai Birliyinin Binəqədi rayon şöbəsinin
sədri