“Müasir dövrdə dünya siyasəti və beynəlxalq münasibətlər sistemi olduqca mürəkkəb xarakterə malikdir. Beynəlxalq müstəvidə ziddiyyətlər, inteqrasiya və konfrontasiya-qarşıdurma meyillərinin artdığı bir şəraitdə regional əməkdaşlıq və beynəlxalq təhlükəsizlik məsələləri xüsusi əhəmiyyət daşıyır”.
"Unikal" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.
Deputat bildirib ki, əsrlər boyu dünya tarixində bəşəri dəyərləri ilə özünəməxsus yer tutmuş türkdilli xalqlar məhz bu gün mürəkkəb beynəlxalq münasibətlər və qloballaşma şəraitində öz mövcudluğunu qoruyub saxlamaqda, həmçinin bəşəriyyətin inkişafına, inteqrasiya və əməkdaşlığa xüsusi töhfələr verməkdədirlər. Tarixin bütün dövrlərində türkdilli xalqlar millətlərarası münasibətlərin formalaşmasında, müsbət regional və beynəlxalq dəyişikliklərə səbəb olan proseslərin baş verməsində özünəməxsus rol oynayıblar. Dünyanın mövcud geosiyasi şərtləri fonunda türkdilli dövlətlər arasında əməkdaşlıq münasibətləri bu gün daha aktual və vacib xarakter daşıyır. Xüsusilə, Avrasiyada mühüm geostrateji proseslərin baş verdiyi zamanda türkdilli dövlətlər arasında çoxşaxəli, səmərəli və uğurlu əlaqələrin mövcud olması regional təhlükəsizlik, beynəlxalq inteqrasiya kontekstində çox mühüm əhəmiyyətə malikdir. Bütün bunların fonunda sentyabrın 17-də Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin 5-ci toplantısının keçirilməsi xüsusi vurğulanmalıdır.
Millət vəkilinin sözlərinə görə, bu gün türk dövlətlərində sabitlik hökm sürür. Bununla belə dünyada, o cümlədən yaxın coğrafiyalarda müharibələrin, münaqişələrin davam etməsini nəzərə alsaq, türk dövlətlərinin təhlükəsizlik sahəsində əməkdaşlığının gücləndirilməsinə böyük ehtiyac var. Prezident İlham Əliyevin TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən dediyi kimi, sabitlik və təhlükəsizlik olmadan heç bir ölkənin inkişafı mümkün deyil. Bu baxımdan, dövlət təhlükəsizliyinə cavabdeh qurumların fəaliyyətinin əlaqələndirilməsi, operativ məlumat mübadiləsi, mövcud təhdidlərə qarşı mübarizədə, mümkün təhdidlərin qarşısının alınmasında koordinasiyanın gücləndirilməsi çox vacibdir.
Samir Vəliyev qeyd edib ki, hazırda müəyyən xarici dairələr tərəfindən ölkələrin daxili işlərinə müdaxilə cəhdi də davam edir. Ona görə də, ideoloji iş daha da gücləndirilməlidir. “Bəzi xarici dairələr xüsusilə gənclərə təsir edərək milli dəyərlərimizdən uzaqlaşdırmağa çalışırlar. Təbii ki, milli ideologiyadan və dəyərlərdən uzaqlaşan təbəqələrdən daxili sabitliyin pozulması üçün də istifadə oluna bilər. Biz bunu Azərbaycan nümunəsində də görürük. Xaricdəki anti-azərbaycançı mərkəzlər hər vəchlə radikal müxalifətdən ölkəmizdə sabitliyin pozulması üçün istifadə etməyə çalışırlar. Lakin Azərbaycan cəmiyyəti intellektual cəmiyyət olduğu üçün onlara heç bir dəstək vermir. Üstəlik, müvafiq dövlət qurumları da kifayət qədər ayıq-sayıqdırlar. Prezident İlham Əliyevin görüşdə əsas tövsiyələrindən biri də bu sahədə əməkdaşlığın gücləndirilməsidir”, - deyən deputatnın fikrincə, türk dövlətləri arasında təhlükəsizlik sahəsində əməkdaşlığın möhkəmləndirməsi ümumi təhlükəsizliyimizin etibarlı təminatlarından biridir.