Azərbaycan idman ölkəsidir, boks, güləş, cüdo və digər idman növləri ilə uğur qazanan ölkələr sırasındadır. Ölkədə idmana ən yüksək səviyyədə diqqət göstərilir, idmançılarımızın uğurları rəğbətlə qarşılanır.
Amma elə idman növləri də var ki, bu istiqamətdə hələ çox işlər görülməlidir. Bunlardan da biri üzgüçülük idman növüdür.
Amma istedadlı gənclərimiz yaxın gələcəkdə Azərbaycanın üzgüçülük idman növü üzrə də öz sözünü deyəcəyinə ümid verir.
Belə gənclərimizdən biri də Fatimə Alkərimovadır.
Alkərəmova Fatimə Vüqar qızı 2002-ci ildə Bakıda dünyaya göz açıb. Üzgüçülüyə 10 yaşında başlayıb.
Fatimə Alkərimova ilk olaraq "Sərhədçi" Olimpiya İdman Kompleksində bu idman növü ilə məşğul olmağa başlayıb. 4 aydan sonra isə məşqçisi İlqar Həsənlinin məsləhəti ilə "Şən delfin" Bakı açıq birinciliyində çıxış edərək, 50 metr məsafəyə batterflay üsulu ilə üzmədə bürünc medal qazanıb.
Fatimə peşəkar məşqlərə Zamir Əzizovun yanında başlayır və ölkədə nailiyyətlər qazanır. Dəfələrlə ölkə çempionu, Bakı şəhər birinciliklərinin qalibi olur.
Beynəlxalq yarışlara qatılan Fatimə, ilk yarışında rekorda imza atır. O, Belarusun Reçitsa şəhərində keçirilən yeniyetmələr arasında "Nadejda" kubokunda 50 metr məsafəyə sərbəst üzmədə bütün rəqiblərini qabaqlayaraq, yarışın rekordunu təzələyir. Ardınca Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunan böyüklər arasında beynəlxalq turnirdə 1 qızıl, 3 bürünc medalla yadda qalır. Latviya açıq çempionatından isə vətənə 2 qızıl, 1 gümüş mükafatla dönür. Bu arada o, Kazanda baş tutan böyüklərin dünya çempionatının da iştirakçısı olur.
Sadalanan göstəricilər sayəsində dördilliyin zirvə yarışında iştirak hüququ qazanır. 14 yaşında Rio Yay Olimpiya Oyunlarında çıxış etməklə, tarixə ən gənc olimpiyaçımız kimi düşür. Sərbəst üsulla 100 metr məsafəni 59.43 saniyəyə qət edən Fatimə, 48 üzgüçü arasında 41-ci nəticə göstərir. Bununla da, ona bəslənən ümidləri doğruldur. Yarışdan sonra verdiyi iddialı açıqlamanı xüsusi qeyd eləmək lazımdır: "Əvvəllər 100 metr məsafəni bir dəqiqədən tez üzə bilmirdim. Mənim üçün bu, yaxşı nəticədir. Əsas arzum olimpiya rekordunu yeniləməkdir. İnanıram ki, vaxt gələcək, məqsədimə çatacağam". 2017-ci ilin martında Sloveniya açıq çempionatında rekord göstərici ilə yadda qalır. Bir ay sonra Belarus açıq çempionatında iştirak edərək, yekunda 1 qızıl, 2 gümüş medal qazanır.
İslam Həmrəyliyi Oyunlarında da Fatimə uğur qazanır, bürünc medala layiq görülür. Macarıstanın Györ şəhərində baş tutan Avropa Gənclər Olimpiya Festivalında həm şəxsi rekordunu müəyyənləşdirir, həm də ölkə tarixində ilkə imza ataraq, final mərhələsinə yüksəlir...
Fatimə Alkərəmova, uğurlu çıxışlarını davam etdirməklə, yeniyetmələr arasında dördilliyin zirvə yarışına vəsiqə əldə edir. Argentinanın paytaxtı Buenos-Ayresdə təşkil olunan sayca üçüncü Yay Olimpiya Oyunlarında Fatimə, 200 metr məsafəyə sərbəst üsulla üzmə yarışında çıxış edir.
Fatimə bu günlərdə daha bir uğurla yadda qalır. Aprelin 16-20-də Belorusiyanın Brest şəhərində lisenziya xarakteri daşıyan Açıq Çempionatı keçirilib. Çempionatda Belarusiya, Qırğızıstan, Rusiya, Gürcüstan, Moldova, Latviya və Azərbaycan-dan 200-dən çox idmançı üzgüçülük fənləri üzrə mübarizə aparıblar. Yarış vaxtın elektron qeydiyyatı ilə təchiz olunmuş 50 metrlik hovuzda keçirilib. Azərbaycan komandası "Azərbaycan Üzgüçülük Klubu” üzgüçüləri tərəfindən təmsil olunub.
Klubun üç idmançısı Belarusun Açıq Çempionatında iştirak edib: 1. Alkərəmova Fatimə (2002-ci il təvəllüdlü), 2. Elman Nəbiyev (2002-ci il təvəllüdlü), 3. Almazov Nizami (2003-cü il təvəllüdlü).
Səyahət, yaşayış, yemək və sairə üzrə bütün xərclərini "Azərbaycan Üzgüçülük Klubu", sponsorluğu isə Dünya Azərbaycan Mədəniyyət Fondunun prezidenti, məşhur iş adamı, xeyriyyəçi Füzuli Məmmədov öz üzərinə götürüb.
Fatimə Alkərəmova sərbəst üslubda 400 və 800 metrlik distansiyalarda ikiqat çempion olub. O Azərbaycan çempionatında 2019-cu il fevral ayında göstərilən 200 və 400 kompleks, 200, 400 və 800 metr sərbəst üslubda nəticələrini yaxşılaşdırıb.
Fatimə bizimlə söhbətində bildirdi ki, Avropa və dünya çempionatlarına hazırlaşır. Məqsədi daha böyük uğurlara nail olmaqdır: "Hər gün iki dəfə məşq edirəm. Avropa və dünya çempionatlarına hazırlaşıram. Bu yarışlarda da uğur qazanmaq istəyirəm. Çalışacağam ki, Azərbaycan üzgüçülük idman növü üzrə də layqili yer tutsun, ön sıralarda olsun. Onu da nəzərinizə çatdırım ki, Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun prezidenti Füzuli Məmmədov mənim yarışlara qatılmağıma daim dəstək verib. Fürsətdən istifadə edib, verdiyi dəstəyə görə Füzuli müəllimə təşəkkür edirəm. Mənə göstərilən etimadı doğruldacağıma söz verirəm”.