AMİP sədr seçməyə hazırlaşır

"Azərbaycan Milli İstiqlal Partiyası növbəti qurultayı çağırmaq üçün müzakirələrə başlayıb”.

Sabahinfo.az xəbət verir ki, bu məlumatı Cebhe.info-ya AMİP sədrinin müavini Elşən Mustafayev verib. Onun sözlərinə görə, qurultayın vaxtı Mərkəzi Şuranın iki həftə sonra keçiriləcək iclasında müəyyən ediləcək: "AMİP sədri istefa verməsə də biz qurultay keçirməyə hazırlaşırdıq. Ona görə də bu növbədənkənar deyil, növbəti qurultay olacaq. Hələ may ayından partiyanın qurultaya hazırlıq üzrə konfransları yekunlaşıb və nümayəndələr seçilib. Sadəcə olaraq, həm parlament seçkiləri, həm də onun biabırçı nəticələri qurultayın vaxtının dəyişdirilməsinə gətirib çıxartdı. İndi katiblikdə müzakirələr gedir və növbəti qurultayın çağırılması və vaxtının təyin edilməsi üçün nizamnaməyə uyğun olaraq Mərkəzi Şuranın toplanması üçün müraciət ediləcək. Onu da deyim ki, bu, növbəti qurultay olduğu üçün yalnız yeni sədr seçilməyəcək, partiyanın bütün seçkili orqanları da formalaşacaq”.

Elşən Mustafayev bildirib ki, qurultay həm nizamnamə tələblərinə əsasən, həm də texniki hazırlıq baxımından dekabr ayından tez müddətdə baş tuta bilməz. AMİP rəsmisi qurultayda nizamnaməyə dəyişikliyin gözlənilmədiyini desə də Mərkəzi Şurada bu istiqamətdə təkliflərin irəli sürüləcəyini də istisna etməyib.