Ağdamın "Qarabağ” klubu Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda İrlandiyanın "Dandolk” klubunu 3:0 hesabı ilə məğlub edib.
APA-nın məlumatına görə, bu, Azərbaycan klublarının 2019/20 mövsümündə keçirilən avrokubok oyunlarında 3-cü böyükhesablı qələbəsidir.
"Qarabağ” mövsümdə ilk dəfə belə uğura imza atıbsa, digər iki darmadağına ölkənin ən köklü klubu "Neftçi” imza atıb. "Ağ-qaralar” Moldovanın "Speranta” klubunu hər iki matçda böyük hesabla yenib – 3:0, 6:0.
Bununla da Azərbaycan futbolu tarixində yeni rekord qeydə alınıb. Təmsilçilərimiz tarixdə ilk dəfə mövsümə üç belə qələbə qazanıblar.
İndiyədək ən yaxşı halda mövsümdə iki darmadağın qeydə alınıb. Buna 5 dəfə təsadüf olunub. 2011/12, 2012/13, 2015/16, 2016/17 və 2017/18 mövsümlərində komandalarımız iki dəfə rəqibini 3 və ya daha çox top fərqilə yenib.
Bu, həm də "Qarabağ”ın avrokuboklarda 10-cu böyükhesablı qələbəsidir. Ağdamlılar bu göstəricidə Azərbaycan rekordçusudur.
Ümumilikdə isə "Dandalk” üzərində qələbə Azərbaycan klublarının 17-ci belə uğuru olub. "Qarabağ”ın 10 qələbəsindən başqa "Neftçi” 3, "Keşlə” 2, "Şəmkir” və "Qəbələ” 1 dəfə bunu bacarıblar.