"Əvvəlcədən də rəqibimizin gücünü bilirdik, çox sürətli və səlis futbolçuları var idi və bunu da bu gün meydanda da gördük".
Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Türkiyənin Antalya bölgəsində Ukraynanın "Şaxtyor" (Donetsk) komandasına 1:3 hesabı ilə uduzduqları yoxlama oyunundan sonra deyib.
47 yaşlı mütəxəssis bildirib ki, bu oyun komandası üçün çox faydalı olub: "Rəqib bizi çox səhv etməyə məcbur etdi və bu da bizim xeyrimizə oldu. İkinci hissə daha fərqli oldu, rəqibin heyətində dəyişikliklər oldu və bizim futbolçular topla daha aktiv olmağa başladılar. Amma bizim də qol epizodlarımız oldu. "Şaxtyor" əlinə düşən fürsətlərdən maksimum istifadə etməyi bacaran komandadır. Sevindirici haldır ki, oyun sona qədər davam etdi. Bura gələndə hava şəraiti istədiyimizi tam yerinə yetirmək üçün icazə vermirdi, amma sonda hər şey düşündüyümüz kimi oldu. Bugünkü oyun da tam istədiyimiz kimi oldu. Belə oyunlar bizə yalnız fayda verir".
Qeyd edək ki, bu, "Qarabağ"ın Antalya toplanışında son oyunu olub. (Report)