"Bu, bizim hamımız üçün qürurverici hadisədir. Son bir neçə il ərzində paytaxt sakinlərinin arzuları gerçəkləşdi və biz Bakıdakı "Formula 1″ yarışlarının sadə bir ideyadan bu idmanın tarixində həyəcan və gərginliklə dolu ən maraqlı həftəsonu yarışlarından birinə çevrilməsinə hamılıqla şahid olduq”.
Sabahinfo.az Report-a istinadən xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov "Formula 1″ şirkəti ilə 2023-cü ilə qədər yeni müqavilənin imzalanması mərasimində deyib.
O, bildirib ki, hər il "Formula 1″ üçün dünyanın dörd bir yanından Bakıya daha çox avtoidman həvəskarı təşrif buyurur: "Çox şadıq ki, dünya avtoidman ictimaiyyəti xüsusən Azərbaycan Qran Prisinə böyük maraq göstərir. Fürsətdən istifadə edərək cənab Çeyz Kerri başda olmaqla "Formula 1″də yer alan hər kəsə bizə bu uğurda göstərdikləri böyük dəstəyə görə xüsusi təşəkkürümü bildirirəm”.
A.Rəhimovun sözlərinə görə, müqavilənin uzadılması nəticəsində yerli və regional biznes qurumları "Formula 1″in qlobal platformasından daha çox faydalanmaq imkanına sahib olacaqlar. Digər tərəfdən, yarış həvəskarları daha çox əyləncə imkanı əldə edəcəklər: "Bunun nəticəsində biz öz kommersiya gəlirlərimizi maksimum artıra biləcəyik. Bu fürsətləri nəzərə alaraq deyə bilərəm ki, müqavilənin uzadılması bizim üçün heç vaxt mübahisəli məsələ olmayıb və böyük məmnuniyyətlə builki Qran-pri də daxil olmaqla, daha 5 yarışa evsahibliyi etməyə hazırıq”.
Qeyd edək ki, yeni müqaviləyə Azad Rəhimovla "Formula 1 Group” şirkətinin baş icraçı direktoru Çeyz Kerri imza atıb.