Yüksəksəviyyəli səfərlər dövlətlərarası əməkdaşlığa göstərilən qarşılıqlı marağın və verilən dəyərin əyani göstəricisidir. Prezident İlham Əliyevin Almaniya Federativ Respublikasına rəsmi səfəri bu mənada istisna təşkil etmir. Eyni zamanda, bu səfər həm də onun göstəricisidir ki, Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni geosiyasi reallığın əhəmiyyəti, açdığı geoiqtisadi imkanlar zaman ötdükcə daha çox anlaşılır, məsuliyyətli və praqmatik yanaşma tədricən önə çıxır.
Qeyd etdiyim kimi, yüksəksəviyyəli səfərlər özü-özlüyündə ikitərəfli əlaqələrin inkişafı və mövcud münasibətlərin şaxələndirilməsi baxımından olduqca əhəmiyyətlidir. Səfər çərçivəsində imzalanan sənədlər və onlarda təsbit olunan öhdəliklər isə səfərin uğur səviyyəsini nümayiş etdirir. Azərbaycan Prezidentinin və Almaniya Kanslerinin iyulun 21-də Berlində imzaladıqları “Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında İkitərəfli Tərəfdaşlıq üçün Strateji Gündəlik haqqında Birgə Bəyannamə” və sənəddə əksini tapan müddəalar iki ölkə arasında əməkdaşlığın genişləndirilməsinə göstərilən qarşılıqlı marağın rəsmi təsdiqidir. Elə həmin gün imzalanan Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasına və fəaliyyətinə dair Birgə Bəyannamə isə Tərəflərin sənədlərdən əməli fəaliyyətə dərhal keçməyə hazır olduğunu nümayiş etdirir.
“Strateji Gündəlik haqqında Birgə Bəyannamə”də diqqəti xüsusi cəlb edən müddəalardan biri onunla bağlıdır ki, hər iki Tərəf siyasi və diplomatik əlaqələrin dərinləşdirilməsi ilə yanaşı, elm, texnologiya və innovasiya sahələrində, o cümlədən rəqəmsal transformasiya, sənayenin modernləşdirilməsi və inkişafda olan texnologiyalar sahəsində də əməkdaşlığın təşviqi və reallaşdırılmasında maraqlıdırlar. Birgə Bəyannamədə ilk dəfə olaraq təhlükəsizlik və müdafiə, o cümlədən müdafiə sənayesində əməkdaşlığı təşviq edən konkret müddəa da təsbit olunur. Bu faktın özü isə dövlətlərarası münasibətlərin yüksək siyasi etimada söykəndiyini təsdiq edir.
Heç şübhəsiz ki, bütün bunlar Azərbaycan Prezidentinin Almaniyaya rəsmi səfərinin uğurlu məzmun və nəticələrindən xəbər verir, eyni zamanda, mürəkkəb geosiyasi şəraitdə etibarlı tərəfdaş olduğunu dəfələrlə sübut etmiş Azərbaycanla əməkdaşlığa beynəlxalq marağın artdığını göstərir. Almaniya Kansleri Fridrix Mertsin mətbuata bəyanatında səsləndirdiyi bu açıqlama, əslində, elə həmin reallığın yüksək səviyyədə etirafıdır: “Bu gün Birgə Bəyannaməni imzalamaqla biz ikitərəfli münasibətlərimizin daha da genişləndirilməsinin təməl daşını qoyduq. Həmçinin mərasim zamanı Siz də şahidi oldunuz, Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması ilə bağlı razılıq əldə edildi. Bu, hər iki ölkənin şirkətlərinə verilən mühüm işarədir. Biz Almaniya ilə Azərbaycan arasında münasibətlərin genişləndirilməsinə ciddi yanaşırıq... Cənab Prezident, Berlinə səfər etdiyinizə görə Sizə bir daha dərindən minnətdaram. Mən Azərbaycan ilə Almaniya arasında davamlı məhsuldar əməkdaşlığı səbirsizliklə gözləyirəm”.
Mətbuat konfransında Azərbaycan Prezidentinə və Almaniya Kanslerinə ünvanlanan suallar bir daha göstərdi ki, mövcud geosiyasi çağırışlar, onların doğurduğu təhdid və təhlükələr, bağlantı və nəqliyyat zəncirlərinin qırılması səbəbindən yaşanan iqtisadi və siyasi gərginlik Almaniyanın ictimai rəyini ciddi şəkildə təsirləndirir və narahat edir. Həmin çağırışlardan biri, sözsüz ki, beşinci ildir davam edən Rusiya-Ukrayna müharibəsidir. Prezident İlham Əliyevin bununla bağlı suala verdiyi cavab növbəti dəfə göstərdi ki, zaman və məkan məfhumlarından, ölkəmizin üzləşdiyi təhdid və təzyiqlərdən asılı olmayaraq, Azərbaycanın beynəlxalq hüququn fundamental prinsiplərinə sadiqliyi bu məsələdə də qəti və dəyişməzdir. Cənab Prezidentin cavabı belə oldu: “Mən bu yaxınlarda Qarabağın Şuşa şəhərində Qlobal Media Forumunda oxşar bir sualla üzləşmişdim və demişdim ki, istənilən halda müharibə dərhal dayandırılmalıdır. Bizim əsas məqsədimiz bundan ibarətdir ki, bu müharibə dayansın və bölgədə sülh təmin edilsin”.
Berlində keçirilən yüksəksəviyyəli görüşlər onu da göstərdi ki, Almaniya bütövlükdə Avropanın və Avropa İttifaqının (Aİ) aparıcı aktoru kimi Azərbaycanın Aİ-yə üzv dövlətlərlə əməkdaşlığı dərinləşdirmək səylərini təqdir edir, eyni zamanda, ölkəmizin bu təşkilatla əlaqələrinin bütün formatlarda genişləndirilməsi mövqeyindən çıxış edir. Avropalı tərəfdaşlar yaxşı bilirlər ki, Aİ ilə münasibətlər Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərdən biridir. Təkcə bu il Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin ölkəmizə ardıcıl səfərləri, həmçinin bu səfərlər çərçivəsində imzalanan sənədlər və verilən bəyanatlar əməkdaşlığın dərinləşdirilməsinə xidmət edir.
Bununla yanaşı, o da həqiqətdir ki, son beş ildə AŞPA və Avropa Parlamenti kimi təşkilatlar tərəfindən ölkəmizə qarşı 14 qərəzli qətnamə qəbul olunub . Nə qədər inkar etsələr də, bu hücuma tarixi Zəfərimizdən dərhal sonra start verilib və o, bu gün də səngimək bilmir. Həmin qətnamələrin mütləq əksəriyyətində beynəlxalq hüququn fundamental prinsiplərinə riyakarcasına göz yumulur, açıq-aşkar ayrı-seçkilik edilərək ölkəmizin ərazi bütövlüyünü və suverenliyini şübhə altına almaq üçün rüsvayçı cəhdlər göstərilir. Ağır cinayətlərə, o cümlədən insanlıq əleyhinə və müharibə cinayətlərinə, separatçılığa görə Bakıda məhkum olunmuş şəxslər gah “siyasi məhbus”, gah “müharibə əsiri”, gah da “girov” elan olunurlar. Ən acınacaqlısı odur ki, “DQR ilə Azərbaycan arasında təmas xətti” tezisini ictimai rəyə sırımağa çalışan siyasi dairələr bu cür rüsvayçılığı demokratiya və insan haqları pərdəsi altında gizlətməyə çalışırlar. Təəssüf ki, beynəlxalq hüququ və ümumbəşəri dəyərləri gözdən salan bu utancverici fəaliyyətdə, etnik və dini bölücülüyün təşviqində Almaniyanı AŞPA-da və Avropa Parlamentində təmsil edən ayrı-ayrı deputatlar xüsusi canfəşanlıq göstərir, bəzən isə əsas təşəbbüskar rolunda çıxış edirlər.
Ümid edirəm ki, Prezident İlham Əliyevin ali diplomatiyanın bütün incəliklərini özündə ehtiva edən bu bəyanatı məsuliyyətli Avropa siyasətçilərini bir daha düşünməyə sövq edəcək: “Bu il biz həm Avropa İttifaqı Şurasının Prezidenti cənab Koştanın, həm Avropa Komissiyasının Prezidenti xanım Fon der Lyayenin Azərbaycana səfərlərinin şahidi olmuşuq. Bu səfərlərin çox böyük siyasi mənası var. Bu, Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələri daha da gücləndirəcək. Almaniya Avropa İttifaqına üzv olan ölkələr arasında lider olduğu üçün burada təbii ki, həm Almaniyanın rolu çox böyükdür, eyni zananda, gələcək əməkdaşlıq üçün də əminəm ki, Almaniya öz səylərini göstərəcək”.
Cənab Prezidentin bu bəyanatından da göründüyü kimi, Azərbaycan Avrasiya coğrafiyasının əsas strateji mərkəzlərindən biri olaraq Avropa, o cümlədən Aİ ilə əməkdaşlığın dərinləşməsində maraqlıdır, ən başlıcası, bu maraq qarşılıqlıdır. Lakin bu, o demək deyil ki, dövlət və milli maraqlarımızı təhdid edən qərəzli həmlələr, sifarişli qarayaxma kampaniyaları cavabsız qalacaq, yaxud buna göz yumulacaq. Ümid edək ki, Almaniyanın yüksəksəviyyəli rəsmilərinin sərgilədiyi məsuliyyətli və praqmatik münasibət tədricən bəzi Avropa liderlərini və siyasətçilərini də kənar təsirlərdən uzaqlaşmağa və obyektiv mövqe tutmağa təşviq edəcək. Ülvi Quliyev, Milli Məclisin deputatı