Azərbaycanın yunan-Roma güləşçisi İslam Abbasov Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında Ermənistan təmsilçisini məğlub edib.
87 kq çəki dərəcəsində mübarizə aparan 23 yaşlı idmançı 1/4 finalda dünya çempionu və son qitə çempionatının qalibi Maksim Manukyana qalib gəlib - 6:1. O, ilk hissədə rəqibi üzərində 4:1 hesablı üstünlük əldə edib. İkinci yarıda isə Azərbaycan təmsilçisi daha 2 xal qazanıb.
Bununla da İ.Abbasov ötən il Macarıstanın paytaxtı Budapeştdəki dünya çempionatında bürünc medal uğruna görüşdə Ermənistan təmsilçisi Artur Şahinyana məğlubiyyətin əvəzini çıxıb. Yarımfinalda onun rəqibi belaruslu Nikolay Stadub olacaq.(modern.az)