Sabahinfo.az məlumat verir ki,qafqazinfo-nun əməkdaşı Muxtar Respublikanın sosial həyatından diqqətini çəkən bir neçə məqamı vurğulamaq istəyib.
Müşahidələrimiz zamanı şahid olduq ki, Naxçıvanda xüsusi nizam intizam, təmizlik hökm sürür. Hər həftənin 6-cı günü iməciliklər, ağacəkmə kampaniyaları təşkil olunduğu üçün hazırda şəhərdə bir toz tərpənsə, görmək olar. Ara küçələrdə belə yol kənarlarına atılmış zibil, sellofanlar görmək mümkün deyil.
Şəhərin mərkəzi yollarında, dayanacaqlarda cəmi 2-3 adam gözə dəyər, ya dəyməz. Sakinlərin küçələrdə az olmasının səbəbini soruşduqda isə iki cavab aldıq: Birincisi, Naxçıvan əhalisi çox əməkpərvərdir, hamı işdə-gücdə olduğu üçün küçələrdə elə də adam görmək mümkün deyil. İkincisi isə, çox insan işləmək, yaşamaq üçün yaxın Türkiyə və digər ölkələrə köçüb, ona görə əhalinin sayı azdır.
Mağaza, gözəllik salonu və digər bu kimi obyektlərin heç birinin üzərində xarici adlara rast gələ bilməssiniz. Hətta öyrəşdiyimiz ağ yaşıl-rəngli aptek yazılarına da. Marketlər Elman, Gülzar, Ruslan və s. apteklər də əczaxana adlanır. Bir sözlə, Naxçıvan küçələrində "Haus" , "Beauty" , "Crystal" və s. xarici adlı obyeklərə rast gəlmək qeyri-mümkündür.
Əsas məşğuliyyət əkinçilik və maldarlıq olan kəndlərdə suvarma üçün Arpaçayın suyundan istifadə olunur. Regionun ən ucqar kəndinin belə müasir və tam təmirli təhsil ocaqları var.


