Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, 79 saylı Astara seçki dairəsindən millət vəkili Rəşad Mahmudov bu gün Astarada növbəti vətəndaş qəbulunu həyata keçirib.
Qəbul zamanı vətəndaşların sosial, tibbi, hüquqi və digər məsələlərlə bağlı müraciətləri dinlənilib, onları narahat edən problemlər ətrafında müzakirələr aparılıb. Müraciətlərin böyük hissəsi yerindəcə öz həllini tapıb, əlavə araşdırma və müdaxilə tələb edən məsələlər isə aidiyyəti dövlət qurumları ilə əlaqələndirilmək və həllinin təmin olunması məqsədilə nəzarətə götürülüb.
Rəşad Mahmudov bildirib ki, vətəndaşlarla yerlərdə mütəmadi görüşlərin keçirilməsi, onların qayğı və problemlərinin birbaşa dinlənilməsi dövlət-vətəndaş münasibətlərinin daha da möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
“Cənab Prezident İlham Əliyevin müəyyən etdiyi dövlət siyasətinin əsas prioritetlərindən biri insan amilinin, vətəndaş məmnunluğunun və vətəndaş mərkəzli idarəetmə prinsiplərinin daim diqqət mərkəzində saxlanılmasıdır. Bizim də əsas vəzifəmiz vətəndaşlarımızın yanında olmaq, onların problemlərini dinləmək və həlli istiqamətində mövcud imkanlardan maksimum istifadə etməkdir. İnanırıq ki, bu cür səmimi və birbaşa ünsiyyət dövlətlə vətəndaş arasında qarşılıqlı etimadın daha da güclənməsinə xidmət edir”.
Millət vəkili qeyd edib ki, vətəndaşlarla mütəmadi görüşlər və qəbullar bundan sonra da davam etdiriləcək, qaldırılan məsələlərin həlli daim diqqət mərkəzində saxlanılacaq.