“Dünya dərin və çoxşaxəli böhran mərhələsindən keçir. Bu böhran yalnız geosiyasi xarakter daşımır. O, eyni zamanda iqtisadi, enerji, humanitar və təhlükəsizlik böhranıdır. Azərbaycanın şimalında Rusiya-Ukrayna müharibəsi, cənubunda isə ABŞ-İran müharibəsi gedir. Belə mürəkkəb geosiyasi mənzərədə Azərbaycan diqqətçəkən şəkildə fərqli strategiya nümayiş etdirir.
Bakı böhranın yaratdığı riskləri yalnız təhlükə kimi görmür. Eyni zamanda yaranan yeni reallıqları ölkənin geosiyasi mövqeyini gücləndirmək, yeni əməkdaşlıq formatları qurmaq və Azərbaycanın beynəlxalq çəkisini artırmaq üçün yeni imkanlara və fürsətlərə çevirərək uğurlara çevirməkdədir”.
Bunu Ölkə.az-a açıqlamasında sabiq deputat İltizam Yusifov deyib.
O bildirib ki, bu siyasətin mərkəzində Prezident İlham Əliyevin son illərdə həyata keçirdiyi çoxvektorlu və praqmatik xarici siyasət kursu dayanır:
“Prezident İlham Əliyevin yürütdüyü çoxvektorlu və balanslı uğurlu siyasət Azərbaycan güclülərin dünyasında yeni səhifə açır. Azərbaycanın bugünkü geosiyasi mövqeyini yalnız Cənubi Qafqaz çərçivəsində qiymətləndirmək artıq kifayət etmir. Bakı tədricən özünü daha geniş Avrasiya məkanında Şərqlə Qərb, Mərkəzi Asiya ilə Cənubi Qafqaz, Çinlə Avropa arasında bağlantı yaradan ölkə kimi möhkəmləndirir.
Bu mövqenin yaranması təsadüfi deyil. Son illərdə Azərbaycan həm enerji, həm nəqliyyat, həm diplomatik platformalar, həm də regional əməkdaşlıq mexanizmləri vasitəsilə özünü müxtəlif geosiyasi və geoiqtisadi məkanları birləşdirən ölkəyə çevirməyə çalışıb.
Avropa İttifaqının öz sənədlərində Azərbaycanı regional bağlantı və enerji diversifikasiyası baxımından mühüm tərəfdaş adlandırması da Bakının bu rolunun artıq xarici tərəfdaşlar tərəfindən də qəbul edildiyini göstərir. Bu, Azərbaycanın geosiyasi transformasiyasının mühüm göstəricisidir.
Bakı artıq yalnız “Cənubi Qafqaz ölkəsi” kimi deyil, Avrasiyanın nəqliyyat, enerji və siyasi xəritəsində öz çəkisi olan orta güc kimi çıxış etmək üçün imkanlar qazanır”.
O əlavə edib ki, Azərbaycanın qarşısında böyük dövlətlərlə rəqabət aparmaq kimi bir məqsəd yoxdur. “Əksinə, Bakının gücü müxtəlif güc mərkəzləri ilə eyni vaxtda işləyə bilmək, onların maraqlarını bir-birinə bağlayan platformalar yaratmaq və öz coğrafi mövqeyini geoiqtisadi üstünlüyə çevirmək imkanından qaynaqlanır. Bu mənada Azərbaycan üçün “orta güc” statusunun ən mühüm xüsusiyyəti hərbi ölçüdən daha çox bağlantı və vasitəçilik qabiliyyətidir. Şərqlə Qərbin yolları Azərbaycandan keçirsə, Azərbaycan həmin əlaqələrin ayrılmaz iştirakçısına çevrilir”, - o vurğulayıb.
İ. Yusifov bildirib ki, Prezident İlham Əliyevin Qırğızıstana səfəri çərçivəsində Çolpon-Atada Azərbaycan və Mərkəzi Asiya ölkələrinin dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirakı bu baxımdan xüsusi əhəmiyyət daşıyır: “Bu faktın özü Azərbaycanın Mərkəzi Asiyanın regional əməkdaşlıq gündəliyində getdikcə daha mühüm aktora çevrildiyini göstərən siyasi siqnaldır. Burada söhbət sadəcə diplomatik iştirakdan getmir. Azərbaycanın bu formatda iştirakı Mərkəzi Asiya-Xəzər-Cənubi Qafqaz xəttinin siyasi və iqtisadi baxımdan vahid məkan kimi nəzərdən keçirilməsinin gücləndiyini göstərir.
Başqa sözlə, Xəzər artıq iki regionu ayıran coğrafi maneə deyil. O, getdikcə Mərkəzi Asiyanı Cənubi Qafqaza bağlayan iqtisadi körpüyə çevrilir. Və həmin körpünün qərb tərəfində Azərbaycanın yerləşməsi Bakıya xüsusi üstünlük verir və Orta Dəhlizin geosiyasi əhəmiyyətini artırır. Bu səbəbdən də Avropa İttifaqı Mərkəzi Asiya ilə Avropanı Trans-Xəzər marşrutu vasitəsilə birləşdirən Orta Dəhlizə strateji əhəmiyyət verir. Aİ və Mərkəzi Asiya liderləri 2025-ci ildə bu marşrutun inkişafı üçün 10 milyard avroluq investisiya səfərbərliyini mühüm addım kimi qeyd etmişdilər.
2025-ci ildə Aİ-nin Mərkəzi Asiya ilə əlaqələr üzrə sənədlərində Trans-Xəzər marşrutunun Cənubi Qafqaz və Avropa ilə bağlantının əsas alətlərindən biri kimi inkişaf etdirilməsi ayrıca vurğulanıb. Bu proses Azərbaycanın əhəmiyyətini obyektiv şəkildə artırır və əlavə geoiqtisadi imkanlar yaradır. Beləliklə, Azərbaycan coğrafi üstünlüyü siyasi kapitala, siyasi kapitalı isə iqtisadi üstünlüyə çevirir.
Bütün bunları nəzərə alan Bakı artıq yalnız tranzit ölkə olmaq istəmir. Əsas məqsəd tranzit ölkədən logistika və regional iqtisadi mərkəzə çevrilməkdir. Bu istiqamətdə Avropa da Azərbaycanın rolunu getdikcə daha çox nəzərə alır. Aİ sənədlərində Cənubi Qafqaz, Qara dəniz və Mərkəzi Asiya arasındakı bağlantılar vahid regional connectivity gündəliyinin bir hissəsi kimi təqdim olunur.
Bakının növbəti hədəfi isə Orta Dəhlizdən yaşıl dəhlizə keçiddir. Azərbaycanaın C+ formatında aktiv iştirakı buan geniş imkanlar açır. Bu isə Azərbaycan üçün yeni mərhələ deməkdir. Bunun üçün də Bakının qarşısında duran əsa shədəflər bunlardır. Cənubi Qafqazı sabitlik sabitlik adasına çevriməklə yeni geosiaysi reallıq yaratmaq və bu geosiyasi fürsəti davamlı nəticəyə çevirməkdir. Bakı artıq bunun üçün əsas elementləri formalaşdırır: nəqliyyat dəhlizi var, enerji dəhlizi var, Orta Dəhliz var, Mərkəzi Asiya ilə siyasi yaxınlaşma var, Türk dünyası ilə inteqrasiya var, Avropa ilə artan tərəfdaşlıq var, Çinlə bağlantı potensialı var. İndi bunların hamısını vahid geoiqtisadi strategiyada birləşdirmək mərhələsi başlayır.
Əgər bu proses uğurla davam etdirilərsə, Azərbaycanın gələcək rolu artıq yalnız Cənubi Qafqazın lider ölkəsi olmaqla məhdudlaşmayacaq. Bakı Avrasiyanın müxtəlif güc mərkəzləri arasında əlaqə yaradan, ticarət və enerji yollarını birləşdirən, Şərqlə Qərbi yaxınlaşdıran və regional sabitliyə töhfə verən yeni tipli orta gücə çevriləcək. Çolpon-Atadakı görüş və Azərbaycanın Mərkəzi Asiya ilə artan əlaqələri göstərir ki, Bakı artıq yalnız regionda baş verən proseslərə reaksiya verən ölkə deyil. Azərbaycan müxtəlif regionlar və güc mərkəzləri arasında əlaqə yaradan, əməkdaşlıq formatları quran və öz coğrafi mövqeyini siyasi kapitala çevirən aktora çevrilir”.
Mürtəza