Düşmən işğalında 30 il inləyən Vətən torpaqları nəhayət ki, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin əzmkarlığı, sarsılmaz iradəsi, xalqına, torpağına olan sonsuz sevgisi sayəsində, xalqın və ordunun öz liderinə olan inamın, etibarın sayəsində yağı tapdağından xilas edildi. Əlbəttə 30 il tarix baxımından uzun bir müddət deyil, lakin məsələn, 60 yaşında dünyadan köçmüş bir insanın ömrünün yarısıdır. Bu müddətdə doğulduğu, boya başa çatdığı, əcdadlarının uyuduğu torpaqlarının bir ovucunun qəbrinə səpilməsinin həsrətini çəkən minlərlə soydaşımız bu arzusuna çatmadan dünyadan köçdü. Erməni vandallarının dövlətimizə, xalqımıza, insanlarımıza vurduğu ziyan təkcə mənəvi ziyan deyildi.
Bu 30 il müddətində Azərbaycanın şəhərləri, kəndləri bir-bir sökülərək dağıdılmış, evlər viran qoyulmuş və sökülmüş daşları oğurlanaraq satılmışdır. Oktyabrın 5-də BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə Ağdamda “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumunda çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi Birinci Qarabağ müharibəsi dövründə Ağdam, Cəbrayıl, Zəngilan, Qubadlı kimi şəhərlərimiz dağılmamışdı. İşğal dövründə dağıdılan bu şəhərlərdən hazırda heç nə qalmayıb.
Bu gün Azərbaycan yalnız öz iqtisadi resursları hesabına, heç bir Beynəlxalq təşkilatdan kömək almadan Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, insanların doğma torpaqlarına geri qayıtması və respublikamızın hər hansı bölgəsində yaşayan keçmiş məcburi köçkünlər üçün daha yaxşı şəraitin yaradılması dövrünü yaşayır. Ağalı kəndinə köçlə başlayan Böyük qayıdış diğər azad olunmuş torpaqlarımıza köçlə davam etdiriləcəkdir. Doğrudur, Azərbaycan dövləti həmişə öz vətəndaşlarına böyük qayğı göstərmiş, 300 mindən çox məcburu köçkün yeni ev və mənzillərlə təmin edilmişdir. Lakin qəbul etməliyik ki, öz doğma torpaqlarından erməni işğalçılarının aqressiyası sayəsində köçürülmüş bu insanlar uzun illər boyu çətin şəraitdə yaşamışdırlar. Qürurverici haldır ki, keçmiş məcburi köçkünlər yeni evlə, mənzillə təmin olunanda belə istəkləri, arzuları doğma torpaqlarına qaytarılmaları olmuşdur. Prezident İlham Əliyevin iştirakı ilə keçirilən bütün açılış mərasimlərində səsləndirilən bu arzuya çatdırılacaqlarına cənab İlham Əliyev dəfələrlə söz vermişdi və bu gün verilmiş bu sözlər həyata keçirilir, reallaşdırılır.
Bütün Azərbaycan xalqı fəxr edir ki, təkcə azad olunmuş torpaqlarımızda işğaldan əvvəl yaşayanlar deyil, onların uşaqları və nəvələri də buraya qayıdırlar. Zəngilanda bu ilin sentyabrında açılan məktəbdə təhsil alan gənc zəngilanlılar Azərbaycan xalqının öz soy-kökünə, torpağına bağlılığını bir daha gözlər önünə sərir və olduqca qürurvericidir.
Əlbəttə keçmiş məcburi köçkünlərin öz yurdlarına tezliklə qayıda bilməsi üçün vacib olan faktorlardan biri enerjiyə olan tələbatın ödənilməsidir. Bu istiqamətdə atılmış uğurlu addımların nəticəsidir ki, işğaldan azad olunmuş torpaqlarda artıq bir-neçə su elektrik stansiyası istifadəyə verilmiş, ümumilikdə su elektrik stansiyalarından alınacaq elektrik enerjisinin 500 meqavat olacağı gözlənilir. Külək və günəş enerjisindən yararlanmaqla işğaldan azad olunmuş ərazilərdə bərpaolunan enerjinin potensialı qiymətləndirmiş və ilkin təhlillərə görə bunun on min meqavat olduğu müəyyənləşdirilmişdir. İşğaldan azad olunmuş torpaqlarımıza Böyük qayıdış təxminən otuz il Azərbaycanın müxtəlif bölgələrində yaşamaq məcburiyyətində qalan insanları bir araya gətirməklə bərabər, respublikanın iqtisadiyyatı üçün aparıcı qüvvəyə çevriləcək.
Ramiz Hüseynov
YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri