Böyük şəxsiyyət, müdrik siyasətçi

Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin özünəməxsus yeri vardır. İllər keçdikcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin miqyasının böyüklüyü daha aydın görünür, fəaliyyətinin hər bir istiqaməti bir tədqiqat mövzusu kimi diqqətdə olur.

Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətində 1990-1993-cü illər mühüm yer tutur. Həmin dövr Ulu Öndər Heydər Əliyevin siyasi irsinin Naxçıvan dövrü kimi adlandırıla bilər. Məhz həmin illər onun böyük siyasətə, hakimiyyətə qayıdış dövrü oldu. 1991-ci ilin 3 sentyabr tarixi Azərbaycan xalqının, Azərbaycan dövlətinin taleyində həyati əhəmiyyət kəsb edən günlərdən biri kimi tarixə düşdü. Həmin gün Azərbaycan xalqının xilaskar oğlu, Ulu Öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisində keçirilən fövqəladə sessiyada deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə Ali Məclisin Sədri seçilmişdir. Bu hadisə müasir Azərbaycanın müstəqillik yollunda atılan ən mühüm və əlamətdar addım idi. Ulu Öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilməsi müasir müstəqil Azərbaycanın dövlətçilik tarixinin ən mühüm səhifələrindən birini təşkil edir. Siyasi fəaliyyətinin Naxçıvan dövründə Ulu Öndər Heydər Əliyev gördüyü işlər, atdığı tarixi əhəmiyyətli addımlarla Muxtar Respublikanın qurtuluşunu, dirçəlişini və həmrəyliyini təmin etmiş oldu.

Qeyd etmək yerinə düşər ki, ümummilli lider Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində fəaliyyəti dövründə milli dövlətçilik ənənələrimizin bərpası istiqamətində xüsusi əhəmiyyətə malik olan işlər görüb. Belə ki, həmin dövrdə milliləşdirmə siyasətini uğurla həyata keçirən Ümummilli liderin səyi ilə Muxtar Respublikanın dövlət rəmzləri bərpa olundu. Naxçıvan Ali Məclisinin I sessiyasında Milli bayraq məsələsi ilə əlaqədar olaraq iki bəndlik qərar qəbul olundu və ilk dəfə olaraq üçrəngli bayrağımız qaldırıldı.

Ulu Öndər Heydər Əliyevin yüksək siyasi iradəsinin və cəsarətinin sayəsində SSRİ-nin mövcud olduğu bir dövrdə Naxçıvan MSSR adından “Sovet” və “Sosialist” sözləri çıxarıldı. Naxçıvanda Kommunist Partiyasının fəaliyyəti dayandırıldı, Sovet ordusunun Naxçıvan Muxtar Respublikası ərazisindən çıxarılması haqqında qərar qəbul edildi və icra olundu. İlk dəfə 1990-cı il 20 Yanvar hadisələrinə siyasi və hüquqi qiymət verildi. 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilməsi barədə tarixi qərar qəbul olundu.

Bütün bunlarla yanaşı, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan MR-də sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması və tərəqqinin əldə olunması üçün əhəmiyyətli tədbirlər görüldü, eyni zamanda, aqrar islahatlar reallaşdırıldı, infrastrukturun inkişafı yönündə xüsusi işlər həyata keçirildi.
1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü reallıqların bünövrəsidir. Ölkə daxilində başlanan islahatlar dövlətimiz üçün həlledici rol oynamışdır. Həmin dövrdə görülmüş işlər sayəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu, beynəlxalq aləmdə daxili siyasətlə bağlı bütün məsələlərdə öz prinsipial mövqeyini nümayiş etdirdi, dünyada böyük hörmətə malik oldu.

Beləliklə, ulu öndər Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi müasir müstəqil Azərbaycanın dövlətçilik tarixinin ən mühüm səhifələrindən birini təşkil edir.

 

Fidan Hüseynova,
YAP Quba rayon təşkilatının sədri