"Dünən Tale Heydərov "Qəbələ" İdman Klubu prezidentliyindən istefa verib. Onun 13 il bu vəzifəni icra etdikdən sonra vəzifəsindən istefa qərarını indi verməsi kluba 2019-2020-ci il mövsümü üçün rəhbərlik dəyişikliyini rahat reallaşdırmaq imkanı verir".
Sabahinfo.az xəbər verir ki, bu barədə klubun yaydığı məlumatda bildirilir. Qeyd olunub ki, Tale Heydərovun rəhbərliyi altında "Qəbələ" İK möhtəşəm nəticələr qazanıb, kiçik təməldən başlayaraq Azərbaycan Premyer Liqasına yüksəlməklə ölkənin ən uğurlu komandalarından birinə çevrilib. Belə ki, "Qəbələ", Azərbaycan üçün rekorda imza ataraq iki il ardıcıl ilk mərhələdən başlayaraq UEFA Avropa liqası qrup mərhələlərinə yüksəlib.
İstefası ilə bağlı açıqlama verən Tale Heydərov klubun daha da irəli gedəcəyinə inandığını deyib: "Klubun 13 il boyunca inkişaf etməsini görmək möhtəşəm idi və mən nailiyyətlərimizlə qürur duyuram. Artıq mənim üçün bu vəzifədən getməyin və başqasına bu böyük klubu yeni qələbələrə daşımaq fürsəti verməyin vaxtı çatmışdır. Mən, klubun əməkdaşlarına, oyunçularına və ən əsası azarkeşlərinə klubu indiki səviyyəyə çatdırdıqları üçün təşəkkür edirəm və bilirəm ki, onlar daha böyük uğurlar qazanacaqlar.”