Cəbrayıllılar Cəbrayıla qayıdacaq!

Birinci Qarabağ müharibəsində cəbrayıllılar da mərdliklə döyüşmüşdü...

Ermənistan Cəbrayıl rayonunu – 1 şəhəri, 4 qəsəbəni, 97 kəndi 1993-cü il avqust ayının 23 də işğal etmişdi. İşğal nəticəsində rayona 13, 928 milyard ABŞ dolları məbləğində ziyan dəymişdi. Bu, işğalın maddi tərəfidir. Bəs maddiləşdirilməsi mümkün olmayan mənəvi zərər­lər? 52 min cəbrayıllının çəkdiyi iztirablar?

Birinci Qarabağ müharibəsində Cəbrayılda 362 nəfər şəhid olmuşdu, 6 nəfər Azərbay­ca­nın Milli Qəhrəmanı adına layiq görülmüşdü. Bu rəqəmlər təsdiqləyir ki, Cəbrayıl düşmənlə döyüşüb...

İkinci Qarabağ müharibəsi başlayan gün Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edildi. Mehdili, Çaxırlı, Aşağı Maralyan, Səybəy və Quycaq kəndləri okt­yabrın 3-də, Cəbrayıl şəhəri, Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mah­mud­lu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndləri oktyabrın 4-də işğaldan azad edildi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı da təsis olundu.

Sement, mərmər, inşaat daşı və digər tikinti materialları ilə zəngin olan Cəbrayılda neft yataqları da vardı, də­mir filizi yataqları da. Burda kənd təsərrüfatı dinamik inkişaf etmişdi. Üzümçülük, heyvan­dar­lıq, taxılçılıq, baramaçılıq rayonun iqtisadi inkişafını təmin edirdi. Rayonda 510 çarpayılıq xəstəxana, 72 orta məktəb, 78 kitabxana, 12 mədəniyyət evi vardı. Cəbrayıl da tariximizi mü­hafizə edən rayonlardan olub: Tarix-diyarşünaslıq muzeyində 20 minə yaxın eksponat var­dı.

Cəbrayıl tarixi keçmişimizi yaşadan ərazi kimi də tanınırdı; rayonda tarixi abidələr də vardı. Ermənilər işğal zamanı Dağtumas kəndinin yaxınlığında yerləşən “Divlər Sarayı” mağa­ra­sını, Qalacıq kəndindəki “Məscid Təpəsi”, “Canqulu” və “Qumtəpə” kurqanlarını, Diri da­ğın­dakı Mazannənə, Mərmər nənə məqbərələrini, Dağtumas kəndindəki “Başıkəsik Gümbəz”, Sirik kəndindəki “Qala”, Diri dağındakı “Qız qalası”, Xudafərin körpülərini, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki “Sultan Məcid hamamı”nı, Şıxlar kən­din­dəki “Dairəvi Türbə”, Xubyarlı kəndindəki “Dairəvi” 8 guşəli türbəni, türk qəbiristan­lı­ğın­­dakı türbə və məqbərələri dağıtmışdı…

Səfəvilər tariximizi yaşadan, ondan əvvəlki və ondan sonrakı tarixlərimizə işıq olan Xu­da­fərin körpüsündə Azərbaycan bayrağını Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev noyabrın 16-da ucaltdı. Bu, hərbi qələbəmizi tamamlayan böyük mənəvi qələbəmiz oldu…

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev işğaldan sonra Cəbrayılda dörd dəfə səfərədə olub. Bu səfərlər rayonda aparılan quruculuq işlərinin gedişinə məsuliyyəti daha da artırmışdır. “Araz Vadisi İqtisadi Zonası”nın yaradılması bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün önəmli hadisədir. 200 hektarı əhatə edən böyük bir layihə artıq icra olunmaqdadır və ilkin maliyyə vəsaiti də ayrılıb...

Cocuq Mərcanlı kəndi İkinci Qarabağ müharibəsindən əvvəl, 2016-cı ilin aprel dö­yüşlərindən sonra yenidən qurulmuşdu. Hamı əmin idi ki, torpaqlarımız işğaldan azad ediləcək, Cəbrayılın da işğalına son qoyulacaq. Rayonun digər kəndləri də Cocuq Mərcanlı kəndi kimi yenidən qurulacaq, cəbrayıllılar Cəbrayıla qayıdacaq…

Cəbrayılda da böyük quruculuq işləri gedir...

 

Səbinə XASAYEVA,

Milli Məclisin deputatı