“Oktyabrın 26-da 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimi oldu. Reallığa çevrilən hər bir layihə keçilən yolun təhlilini bir zərurətə çevirir. Bu gün böyük əminliklə Azərbaycanın yalnız neft deyil, təbii qaz, elektrik enerjisi ixracatçısı kimi artan rolundan geniş bəhs edirik. Azərbaycanın dövrün hər bir çağırışını yüksək səviyyədə cavablandırmaq üçün böyük potensiala malik olması tərəfdaşlarının sayının artmasında, iqtisadi əlaqələrinin daha da genişləndirilməsində əhəmiyyətli rol oynayır. Qaradağ Günəş Elektrik Stansiyasının qısa müddətdə, ilyarım ərzində açılış mərasimin keçirilməsi özündə mühüm məqamları ehtiva edir. Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimini Azərbaycanın enerji şaxələndirilməsi və davamlı iqtisadi inkişafına aparan yolda mühüm bir tədbir kimi dəyərləndirən Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir “Mən “Masdar”ın heç bir layihəsini görməmişəm ki, dörd nazir və Birləşmiş Ərəb Əmirliklərinin ən yüksək səviyyəli nümayəndə heyətinin üzvləri eyni vaxtda iştirak etsin. Bu, həqiqətən də böyük bir ehtiramın, hörmətin və Sizin ölkənizlə əməkdaşlığımızın nümunəsidir” fikirləri ilə Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunun və etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyinin aydın mənzərəsini təqdim etdi. O da bildirildi ki, Qaradağ Günəş Elektrik Stansiyası ölkələrimiz arasında yaxın münasibətlərin inkişafında və möhkəmlənməsində mühüm mərhələdir. Bu, 110 mindən çox evi elektrik enerjisi ilə təmin edəcək və karbon dioksid emissiyalarını ildə 200 min ton azaldacaq layihədir.”
Bu fikirləri Milli Məclisin deputatı Əliabbas Salahzadə bildirib.
Millət vəkilinin sözlərinə görə, ölkəmizin malik olduğu təbii resurslardan səmərəli istifadəsi iqtisadi və siyasi mövqeyinin möhkəmlənməsində əhəmiyyətli rola malikdir: “Ümummilli Lider Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi bugünümüzə hesablanmış mühüm addımlarındandır. Neft gəlirlərindən səmərəli istifadə etməklə iqtisadiyyatın şaxələndirilməsi siyasəti uğurla həyata keçirilir. Məhz yaradılan möhkəm təmələ söykənərək dövlət başçısı İlham Əliyev 2003-cü ildən bu çağırışı edir ki, iqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır. Enerji sektorundan asılılıq minimuma endirilməlidir. Son 20 ilin reallıqları bu hədəfə yüksək səviyyədə nail olduğumuzu təsdiqləyir. Sözügedən açılış mərasimində də qeyd olunduğu kimi, Azərbaycanın bərpa olunan enerji mənbələrini uzun illər bundan əvvəl inkişaf etdirmək qərarı təkcə enerji təhlükəsizliyi ilə bağlı deyildi. Bu, cəsarətli və düşünülmüş qərar kimi dəyərləndirildi. Bu qərar, eyni zamanda, yeni sənaye sahələrini inkişaf etdirmək, yeni iş yerləri yaratmaq, “yaşıl” iqtisadi artım üçün strateji addım kimi xarakterizə edildi.”
Əliabbas Salahzadə vurğulayıb ki, hər bir layihə növbəti layihələrin başlanğıcıdır: “Sözügedən tədbir çərçivəsində imzalanan üç investisiya sazişi də bunu bir daha təsdiqləyir. Dövlət başçısı İlham Əliyevin böyük əminliklə qeyd etdiyi kimi, bütün planlarımız həyata keçəcək. Qaradağ Günəş Elektrik Stansiyasının qısa müddətdə açılışı yaxşı nümunə və Birləşmiş Ərəb Əmirliklərindən olan bir çox şirkətlərə Azərbaycanla işləmək üçün yaxşı siqnal olacaq. Milli neft şirkətlərimiz ADNOC və SOCAR artıq rəsmi olaraq tərəfdaşdır. Birləşmiş Ərəb Əmirliklərində və digər ölkələrdə birlikdə işləmək üçün planlar var. Ölkələrimiz, hökumət strukturlarımız və şirkətlərimiz arasında əməkdaşlıq yeni mərhələyə yüksəlir. Azərbaycan xarici investisiyalar üçün çox açıq ölkədir.”
Millət vəkili qeyd edib ki, Azərbaycan investisiya cəlbediciliyini qorumaqla yanaşı, investisiya yatıran ölkə kimi də tanınır və nüfuz qazanır. Təbii ki, bu, düzgün müəyyənləşdirilən siyasətin nəticəsidir. Azərbaycanın iqtisadi strategiyasını dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə istinadən hazırlaması davamlı uğurlarına geniş yol açır.
Əliabbas Salahzadə bildirib ki, Azərbaycan bərpa olunan enerji potensialına malik ölkədir: “Bu sahəyə investisiyaların cəlb edilməsi hazırkı dövrün əsas çağırışları sırasındadır. Bir mühüm məqamı da qeyd edək ki, işğaldan azad edilmiş ərazilərimiz zəngin bərpa olunan enerji resurslarına malikdir. Bu torpaqlarda bərpa-quruculuq işlərinin tezliklə başa çatması fonunda böyük investisiyalar məkanına çevriləcəkləri qaçılmazdır. O da məlumdur ki, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan yaşıl enerji zonası elan edilib. Azərbaycanın tərəfdaşları, həmçinin bu və ya digər ölkənin şirkətləri ilə genişlənən əlaqələri bu sahədə də öz sözünü deyəcək. Hazırda iqtisadi hədəfimiz qazıntı yanacağından asılılığımızı azaltmaq üçün iqtisadiyyatımızı şaxələndirməyi davam etdirməkdir. Bu reallıq da aydındır ki, neft və qazımıza hələ uzun illər ərzində beynəlxalq bazarda tələbat olacaq. Bu məqsədlə çoxsaylı neft və qaz kəmərləri sistemi istismara verilib. Hazırda Azərbaycan neft və qazı müxtəlif istiqamətlərə ixrac edir.”
Açılış mərasimində son 20 ilin sosial-iqtisadi göstəricilərinə diqqət yönəldildiyini qeyd edən millət vəkili bildirib ki, bu dövrdə ümumi daxili məhsulun dörd dəfədən çox artması, yoxsulluq səviyyəsinin 50 faizdən 5,5 faizə endirilməsi yüksək göstəricidir. Bu onu deməyə əsas verir ki, neft və qaz ixracından daxil olan gəlirlərin ədalətli paylanılması tamamilə yeni reallığı yaradır. Dövlət başçısı İlham Əliyev bu hədəfi açıqladı ki, növbəti illərdə qısa müddət ərzində milli enerji şəbəkəmizin gücləndirilməsini təmin edəcək dövlət proqramını icra etməyi planlaşdırırıq.