Qəbələ rayonunda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan şəxs xilas olunub.
Bu barədə Sabahinfo.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Qəbələ rayonunun Laza kəndi ərazisində 1 nəfərin dağlıq ərazidə yıxılaraq təhlükəli vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, Qəbələ rayon sakini 1985-ci il təvəllüdlü Nazim İsakov mürəkkəb relyefli dağlıq ərazidə yüksəklikdən yıxılıb müxtəlif dərəcəli bədən xəsarətləri alaraq təhlükəli vəziyyətə düşüb.
Əvvəlcə, xəsarət almış şəxsə xilasedicilər tərəfindən ilkin yardım göstərilib, o cümlədən sınmış qoluna şina qoyulub.
Daha sonra mərkəzin xilasediciləri tərəfindən həyata keçirilən xilasetmə əməliyyatı sayəsində N.İsakov çətin keçidli relyefə malik dağlıq ərazidən xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.