Qardaş Türkiyədə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər Azərbaycanı xalqını çox sarsıtdı. Azərbaycan dövləti Azərbaycan-Türkiyə münasibətinin qardaşlıq, səmimi dostluq xarakterinə uyğun olaraq, qardaş ölkənin yanında olduğunu elə ilk anlardan nümayiş etdirdi. Təbii fəlakətin ilk dəqiqələrindən Prezident İlham Əliyev Azərbaycanın bu ağır məqamda öz qardaşlarına hər cür yardım göstərməyə hazır olduğunu bildirdi. Dövlətimizin başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı bir daha qeyd etdi ki, bu, böyük fəlakətdir və ölkəmiz Türkiyənin bu dərdinə şərik çıxır. Prezident İlham Əliyev fevralın 8-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyinə də baş çəkərək, Türkiyədə baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verdi və orada çıxış etdi. Dövlət başçısının da dediyi kimi, Azərbaycan sona qədər öz dəstəyini göstərəcək. Ölkəmizdən davamlı olaraq zəlzələ zonasına həkimlər, xilasedicilər, könüllülər göndərilir və göndəriləcək.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Fond tərəfindən qardaş ölkəyə xüsusi təyyarə ilə humanitar yardımlar göndərilib. Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən qardaş ölkəyə humanitar yardım kampaniyasına da start verilib.
Prezident İlham Əliyevin tapşırığına əsasən, Türkiyə Respublikasında güclü zəlzələnin fəsadlarının aradan qaldırılması ilə əlaqədar 8 fevral 2023-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin növbəti humanitar yardımı 13 ədəd xüsusi təyinatlı nəqliyyatı vasitəsilə qardaş ölkəyə yola salınıb. Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.
Digər ictimai təşkilatlar, şirkətlər, idarə və müəssisələr, sahibkarlar, demək olar ki, bütün insanlar bu təşəbbüsə qoşulmuşlar və çox böyük fədakarlıq nümayiş etdirirlər. Bakıda, eləcə də rayonlarda insanlar bütün gün ərzində öz yardımlarını əsirgəmirlər.
Hazırda dünyanın bir çox ölkələri Türkiyənin zəlzələ bölgəsinə dəstək qrupları göndəriblər. Amma ən böyük və operativ dəstək məhz Azərbaycandan olub. 700-dən çox xilasedicimiz zəlzələ zonasında çalışır. Eləcə də xəsarət alanlara yardım üçün tibbi personal və tibbi ləvazimatlar da qardaş ölkəyə göndərilib.
Azərbaycan xalqı, Azərbaycan dövləti bu günlərdə Türkiyənin yanında bütün səmimiyyəti ilə olduğunu nümayiş etdirməklə bir daha Azərbaycan Türkiyə birliyinin sarsılmaz olduğunu göstərmiş oldu. Kədəriniz kədərimiz, acınız acımızdır. Hər zaman yanınızdayıq. Uca Allahdan bütün Türkiyə xalqına güc və səbir diləyir, Azərbaycan xalqı olaraq qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının tezliklə aradan qaldırılmasını arzu edirik.
Anar Məmmədov
Milli Məclisin deputatı