"Dövlətlər arası münasibətlərin harmoniyasına töhfə" - MÜSAHİBƏ

Milli Məclisin deputatı Cavanşir Feyziyev SABAHINFO.AZ saytına müsahibə verib. Deputat müsahibəsində bir sıra məqamlara toxunub. Müsahibəni təqdim edirik:

-Cavanşir müəllim Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda beynəlxalq məsələlərin müzakirə edildiyi IX Qlobal Bakı Forumu başa çatdı. Bir sıra önəmli məsələlərin müzakirə olunduğu forumun mahiyyəti barəsində nə deyə bilərsiniz?
-Birincisi, onu qeyd etmək istərdim ki, artıq 9-cu dəfə keçirilən Qlobal Bakı Forumu dünyada gedən proseslərin təhlili, bu proseslərin tənzimlənməsi üzrə ideya və təşəbbüslərin irəli sürüldüyü vacib və maraqlı bir platformaya çevrilib. Dünyanın bir çox ölkələrindən bu platformanın işində fəal iştirak edən siyasi-ictimai xadimlərin sıralarının ilbəil genişlənməsi də dünya miqyasında bu Foruma marağın daim artdığını göstərir. Bu da ondan irəli gəlir ki, Qlobal Bakı Forumu hər dəfə dünya üçün ən mühüm əhəmiyyət kəsb edən və bütün xalqların mənafeyinə xidmət edən qlobal məsələləri gündəliyə gətirir və beynəlxalq siyasətdə kifayət qədər təcrübəsi olan tanınmış ekspertlər bu məsələlər ətrafında hər hansı bir konyunkturadan kənar, açıq və obyektiv müzakirələr aparmaq imkanı əldə edirlər. Forumun bu dəfəki gündəliyi də kifayət qədər zəngin oldu. Hazırda beynəlxalq birlik 2-ci dünya müharibəsindən sonra qarşılaşdığımız ilk ən böyük gərginliklə üz-üzədir. Xüsusilə, Rusiya ilə Ukrayna arasında artıq 4 aydan artıq davam edən müharibə bu gərginliyi dəfələrlə artırmaqla bütün dünyada sülhə və təhlükəsizliyə böyük təhdid yaradır. Dünya 2 ildir davam edən pandemiya ilə vidalaşmağa macal tapmamış Avropanımn mərkəzində belə geniş miqyaslı müharibənin alovlanması bütün dünyanı sarsıdan bir çox fəsadlara yol açıb. Hazırda dünyanın bir çox ölkələri üçün ərzaq təhlükəsizliyi məsələsi real olaraq ölüm-dirim məsələsinə çevrilib. Dünya miqyasında nəqliyyat-logistika əməliyyatları iflic olub, dünyanın istisnasız olaraq bütün ölkələrində iqtisadi geriləmə və inflyasiya müşahidə olunur. Bütün bunlar qlobal kollaps mənzərəsi yaradır. Bu vəziyyətdən çıxış yollarının araşdırılması məhz Qlobal Bakı Forumunun əsas müzakirə predmeti oldu və inanıram ki, bu Forumda səslənən bütün fikir və ideyalar məhz belə bir vəziyyətdən çıxış yollarının tapılmasında faydalı olacaq.
-Sizcə regionda yaranan yeni reallıqların fonunda Azərbaycanın atdığı addımlar, yeni siyasi düzənin formalaşmasında nə kimi rol oynayacaq?
-Bölgəmizə gəldikdə isə sizin də qeyd etdiyiniz kimi artıq 2 ilə yaxındır ki, yeni reallıqlar şəraitində yaşayırıq. Torpaqlarımız qəhrəman Ordumuz tərəfindən azad olunub və bu doğma torpaqlarda dövlətimiz və xalqımız üçün yeni bərpa-quruculuq və abadlıq mərhələsi başlayıb. Əminəm ki, dövlətin iradəsi və xalqın birliyi və səfərbərliyi bu işlərin öhdəsindən ən yaxşı şəkildə gəlməyə imkan verir. Amma bu yeni reallıq təkcə bizim ölkəmizə yox, bütövlükdə bölgəmizə öz müsbət təsirini də göstərir və davamlı olaraq göstərəcək. Yeni şəraitdə Azərbaycanın apardığı siyasət bölgə dövlətlərini sülhə və əməkdaşlığa təşviq edir, Cənubi Qafqazın bütöv bir geo-siyasi vahid kimi dünya birliyinə həm siyasi və həm də iqtisadi baxımdan səmərəli inteqrasiyasını özündə ehtiva edir. Bu siyasətin uğurla həyata keçməsi bütövlükdə dünyada sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə, dövlətlər arası münasibətlərin harmoniyasına öz töhfəsini verəcək.
-Dövlət başçısı Forumda çıxışında bir sıra məsələlərə toxundu. Diqqət çəkən məqam ərzaq böhranı ilə bağlı deyilən fikirlər idi. Siz necə düşünürsünüz hazırda ərzaq böhranı və bu böhrandan çıxış üçün hökumətin tutarlı planı varmı?
-Ərzaq təhlükəsiyinin təmin olunması həmişə Azərbaycan dövlətinin prioritet fəaliyyət sahələrindən biri olub. Ərzaq təhlükəsizliyinin təmin olunması ilə bağlı dövlət proqramının qəbul olunması və bu proqram çərçivəsində hökümət tərəfindən ardıcıl olaraq atılan addımlar onu göstərir ki, qlobal miqyasda ərzaq təhlükəsizliyi ilə bağlı meydana çıxan çağırışlar Azərbaycan höküməti üçün sürpriz deyil. Keçən illər ərzində hökümət belə bir vəziyyət üçün müəyyən qədər hazırlıqlar görməyə nail olub və əminəm ki, bütün digər sınaqlar kimi bu sınaqdan da uğurla çıxmaq imkanımız böyükdür. Cari ilin büdcə sinə edilən dəyişikliklər və hökümətin mövcud vəziyyətə müvafiq olaraq atdığı adekvat addımlar onu deməyə əsas verir ki, Azərbaycan xalqı bu kimi problemlərdən ən az təsirlənən ölkələrdən biri olacaq. Həyata keçirilmiş və hazırda keçirilən qabaqlayıcı tədbirlər nəticəsində Azərbaycan vətəndaşı dünyanın bir çox bölgələrində müşahidə olunan çıxılmaz vəziyyətlə üzləşməyəcək.
-Azərbaycan reallıqlarının dünyada tanıdılması istiqamətində davamlı addımlar atırsınız. Maraqlıdır post-müharibə dövründə, eləcədə Bakıda keçirilən beynəlxalq tədbirlərin davamı kimi Şuşada tədbirlərin keçirilməsi beynəlxalq ictimayyətin Ermənistanla bağlı fikirlərinin dəyişməsinə nə kimi zəmin yaradıb?
-44 günlük Vətən müharibəsi və həmin dövrdə ölkə başçısı İlham Əliyevin bütün dünya ilə intensiv ünsiyyəti bölgədəki real vəziyyətin obyektiv mənzərəsini dünya birliyinə uğurla təqdim etdi. Müharibə başa çatdı, amma informasiya müharibəsi heç zaman səngimir və bir an da olsa dayanmır. Bu gün Azərbaycanda keçirilən çoxsaylı beynəlxalq tədbirlər, o cümlədən həmin tədbirlərdən bəzilərinin Şuşada keçirilməsi bütövlükdə bölgəmiz haqqında reallıqların əyani şəkildə tanıdılmasına xidmət edir. Bu istiqamətdə aparılan fəaliyyət beynəlxalq ictimaiyyətə bölgədə kimin kim olduğunu, kimin sülhə və kiminsə qeyri-sabitliyin saxlanmasına xidmət etdiyini açıq-aşkar göstərir. Əvvəllər Qarabağ ərazisi münaqişə bölgəsi kimi tanındığından Cənubi Qafqaz və xüsusilə Qarabağ haqqında məlumatlar da nisbətən məhdud çərçivədə və bir çox hallarda Azərbaycana qarşı qərəzli kontekstdə yayılırdı. İndi münaqişəyə son qoyulub və dünyanın istənilən bölgəsindən ölkəmizə səfər edən insanlar Qarabağ ərazisinə səfər etmək və orada baş verənləri öz gözləri ilə görmək və daha aydın və obyektiv təsəvvür əldə etmək imkanı qazanıblar. Azərbaycan dövləti də bunun üçün lazımi şəraiti təmin edib. Sözsüz ki, bütün bunlar beynəlxalq ictimaiyyətdə həm ölkəmiz haqqında və həm də Ermənistan haqqında səhih məlumatların artmasına və uzun illər ərzində erməni lobbiçilik maşını tərəfindən yaradılmış yanlış təsəvvürlərin aradan qaldırılmasına və dəyişdirilməsinə səbəb olur. Bu istiqamətdə görülən işlər Azərbaycan dövlətinin bölgədə apardığı siyasətin əsl mahiyyətinin bütün dünyaya çatdırılmasında mühüm rol oynayır.
 

Ədil Ədilzadə