Enerji təhlükəsizliyi siyasətinin prioritet hədəflərindən biri də...

Azərbaycanın enerji resursları ilə zəngin olmasına və dünyada ənənəvi enerjinin əsas ixracatçısı kimi tanınmasına baxmayaraq, bu gün ölkəmizdə bərpa olunan enerji mənbələrinin istehsalı və istifadəsi diqqət mərkəzindədir. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin prioritet hədəflərindən biri də Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadənin təşviqi və gücləndirilməsindən ibarətdir.

Bu siyasət beynəlxalq özəl şirkətlərin qarşıya qoyulmuş çağırışlarda iştirakını yüksək dəyərləndirir və Azərbaycan hökumətinin bu kimi investorlarla yaxından əməkdaşlığını ortaya qoyur.

Görülən işlərdən biri kimi, 26 oktyabr 2023-cü il tarixində Prezident İlham Əliyevin “Abu Dhabi Future Energy Company – Masdar” şirkətinin rəhbərləri ilə birgə 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində iştirakını qeyd edə bilərik.

Burada əsas məqsəd ölkəmizin enerji potensialını əhəmiyyətli dərəcədə gücləndirmək, eyni zamanda, Azərbaycanın Cənubi Qafqazda energetika mərkəzi kimi önəmini daha da artırmağa, bu günə qədər imzalanmış Saziş və Memorandumların icrasına yönəlik əməli fəaliyyətə dəstək olacaq.

Qeyd edək ki, 2021-ci il aprelin 6-da Azərbaycanın Energetika Nazirliyi, “AzərEnerji” ASC və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında investisiya, enerji alqı-satqısı və ötürücü şəbəkəyə qoşulma ilə bağlı müqavilələr imzalanıb. Stansiyanın təməlqoyma mərasimi isə 2022-ci il martın 15-də “Gülüstan” sarayında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə baş tutub.

Ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş elektrik stansiyası olan Qaradağ Günəş Elektrik Stansiyası Xəzər regionunda və MDB məkanında ən böyük layihə oldu.

“Masdar” şirkəti Azərbaycanla artıq bir neçə ildir ki, əməkdaşlıq edir. Bu gün Abşeron rayonunda günəşdən enerji əldə etmək istiqamətində yeni bir stansiyanın yaradılması, doğrudan da Azərbaycanın gələcəyinə, bütün regionun təhlükəsiz və yaşıl enerji ilə təmin olunması üçün atılan ən böyük, uğurlu addımlardan biridir.

Dövlət başçısının qeyd etdiyi kimi, “Hazırda bizim iqtisadi hədəfimiz qazıntı yanacağından asılılığımızı azaltmaq üçün iqtisadiyyatımızı şaxələndirməyi davam etdirməkdir.”

Cənab Prezident bu günədək müxtəlif beynəlxalq platformalarda etdiyi çıxışlarında, keçirdiyi ikitərəfli və çoxtərəfli formatlardakı görüşlərində hər zaman Azərbaycanın bu gün dünyanın, o cümlədən Avropa Qitəsinin etibarlı enerji tərəfdaşı olaraq fəaliyyət göstərdiyini səsləndirir. Azərbaycan nefti və qazı ilə dünya dövlətlərinin enerji ehtiyaclarını təmin etməklə yanaşı olaraq, bundan sonra alternativ enerji mənbələrindən məharətlə istifadə edərək, enerji siyasətini yeni çağırışlara uyğun davam etdirəcəkdir.

Bu yanaşma, eyni zamanda, ölkəmizin növbəti illərdə baş verə biləcək qlobal iqtisadi inqilaba tam hazır olduğunu bir daha göstərir. Belə ki, hələ 2015-ci ildə BMT-nin üzv dövlətləri tərəfindən yekdilliklə qəbul olunan Dayanıqlı İnkişaf Məqsədlərində nəzərdə tutulan hədəflərə nail olmaq üçün Azərbaycan hərtərəfli fəaliyyət göstərməkdədir. Dünyada yaşıl iqtisadiyyatın tətbiqinin sürətlənməsi, alternativ enerji mənbələrinin axtarılması və zəruri infrastrukturun hazırlanması, eləcə də “2030 Gündəliyi”nin çağırışları, xüsusilə də DİM7 (Sərfəli və təmiz enerji) və DİM13 (İqlim dəyişikliyinə qarşı mübarizə) hədəfləri ilə eynilik təşkil edir. Bu, öz növbəsində Azərbaycanın həyata keçirdiyi bütün layihələrdə Dayanıqlı İnkişaf Məqsədlərinin hədəflərini nəzərə aldığının, qlobal Gündəliyin icrasına verilən töhfənin bariz nümunəsidir.

Beləliklə, Qaradağ Günəş Elektrik Stansiyasının açılışı bir daha Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan enerji siyasətinin dayanıqlılığını nümyayiş etdirir, bütün bu siyasətin köklü olaraq Azərbaycan xalqının firavan, təhlükəsiz, müstəqil yaşaması, qarşıya qoyulmuş məqsəd və hədəflərə nail olmaq üçün töhfə verəcəyinə əminlik yaradır.


Məzahir Əfəndiyev
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı