"Ermənistanda sadə vətəndaşların böyük əksəriyyəti sülh istəsə də, Ermənistan rəhbərliyi haqqında bunu demək çətindir. Siyasi rəhbərliyin belə bir dilemma qarşısında qalması ölkədəki daxili siyasi gərginliklə bağlıdır. Belə ki, Ermənistan siyasətçilərinin bir qismi hökuməti heç bir şəkildə sülh müqaviləsini imzalamamağa çağırır və hökumətə daxil olan siyasətçilər isə hansısa bir məqbul şərtlər əsasında Azərbaycanla və Türkiyə ilə münasibətləri normallaşdırmağa çalışırlar. Belə bir şəraitdə Ermənistan hakimiyyəti hələlik sülh və ya hərb arasında seçim etmək iqtidarında deyil, bu baxımdan Ermənistanın silah-sursat alması da, gələcəkdə bu yollardan hansını seçməsi ilə bağlı olacaqdır".
Bu fikirləri Faktmedia.az-a millət vəkili Cavanşir Feyziyev açıqlayıb. Deputat bildirib ki, digər tərəfdən Ermənistanın silahlandırılmasına xarici amillər də təsir göstərməkdədir:
"İran və Fransa hökumətləri tərəfindən Ermənistana yanlış siqnallar verilir və onlara lazım gələcəyi təqdirdə silahla yardım etmək haqqında sözsüz ki,məxfi danışıqlar aparılır. Bizə məlum olan bəzi faktlardan bilirik ki, Fransa hökuməti Ermənistana silah təminatı ilə yardım etməyi mümkün hesab edir.İranın da Ermənistana silah verməyə hər an hazır olduğunu bilirik və bütün bunlarla yanaşı Ermənistan siyasi hakimiyyəti ilə Rusiya siyasi hakimiyyəti arasında münasibətlərin normal məcraya düşəcəyi halda ,Rusiyanın da Ermənistanı bu məsələdə dəstəkləyəcəyini ehtimal etmək olar.Bütün bu məsələləri göz önünə alanda Ermənistanın,hətta etiraf etmək istəməsələr belə,silah-sursat alışı mümkündür və biz buna hər zaman hazır olmalıyıq. Lakin Ermənistanın bugünkü vəziyyəti onu deməyə əsas verir ki, Ermənistan bu gündən başlayaraq nə qədər silah-sursat alsa, yəni Ermənistanın iqtisadi gücünə müvafiq olaraq ala biləcəyi silah-sursat heç də hər hansı bir revanşist addımların atılmasına şərait yarada bilməz. Azərbaycan ordusu Ermənistan ordusundan qat-qat yüksək səviyyədədir və Ermənistanın bundan sonra döyüşə girə biləcək qabiliyyətdə olmalı bir ordu yaratması üçün ən azı bir neçə onillik lazımdır və o şərtlə ki, hu onilliklər ərzində Ermənistan iqtisadiyyatı daim inkişafda olsun. Ermənistan iqtisadiyyatının inkişaf meyillərinin yaranması üçün də Ermənistan ilk növbədə Azərbaycan və Türkiyə ilə münasibətlərini normallaşdırıb, normal qonşuluq münasibətlərində və normal iqtisadi-ticari münasibətlərdə olmalıdır. Bütün bunlar olmayana qədər Ermənistanın sözün əsl mənasında müharibə aparacaq bir ordu hazırlamaq imkanları yoxdur və yaxın gələcəkdə də belə imkanların olacağı gözlənilmir".