Ermənistan siyasi rəhbərliyi sürətli silahlanma ilə öz xalqının qətliyamına hazırlaşır

Ermənistan Cənubi Qafqazda hər zaman öz qonşularına qarşı ərazi iddialarında olmuş, şimaldan Gürcüstan, cənubdan İran İslam Respublikası, qərbdən qardaş Türkiyə, cənubdan və şərqdən Azərbaycanla həmsərhəd olan bir ölkədir.

Gürcüstanla müharibə etmək ehtimalı yoxdur, Türkiyə ilə müharibəyə cəhd intahara, müttəfiqi İranla müharibə etmək ehtimalı sıfıra bərabərdir. Ermənistan Azərbaycana qarşı hər zaman olduğu kimi ərazi iddialarında olub, Birinci Qarabağ savaşında bu iddialarını müvəqqəti həyata keçirsə də Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı bu iddialarının nəinki puç olduğunu gördü, hətta müharibədə məğlub tərəf kimi kapitulyasiya aktına imza atmaqla rəsmən üçtərəfli bəyanatın şərtlərinə əsasən Azərbaycanın beynəlxalq hüquqla tanınmış ərazi bütövlüyünü tanımaqla bərabər həmin ərazilərdən erməni silahlı birləşmələrinin qeyd-şərtsiz çıxarılması öhdəliyini qəbul etdi. Öz imzasına hörməti olmayan bir ölkə 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının şərtlərini dəfələrlə pozmağa cəhd etdi və bunun acı sonluqla bitdiyinin şahidi oldu. Prezident cənab İlham Əliyevin qətiyyətli mövqeyi, siyasi iradəsi nəticəsində 2022-ci ilin aprel ayında Azərbaycan tərəfinin Laçın-Xankəndi yolunda qurduğu nəzarət-buraxılış məntəqəsi əslində bundan sonra bölgədə sülhün və təhlükəsizliyin təmin olunmasına hesablanmış bir addım olsa da Rusiya sülhməramlılarının birbaşa iştirakı və köməyi ilə oğru yollarla Azərbaycanın toxunulmaz ərazisi olan və hazırda erməni hərbi birləşmələrinin olduğu ərazilərə silah, sursat və digər vasitələrin daşınması Ermənistanın və havadarlarının xislətinin heç zaman dəyişməyəcəyindən xəbər verməklə yanaşı, revanşist xülyalarının hələ də davam etdiyini, bölgədə hər an hərbi təxribata əl atacaqlarını göstərir. Azərbaycanın ərazisinə daxil olan bütün yüklər həmin buraxılış məntəqəsindən keçməli olduğu halda niyə həmin yüklər Rusiya sülhməramlılarının birbaşa müşayiəti və iştirakı ilə oğru yollarla daşınır? Bu Rusiya sülhməramlılarının üzərinə götürdüyü vəzifəsini yerinə yetirməməsindən əlavə bölgədə münaqişə ocağının yenidən alovlanmasına və Ermənistanın "ürəklənməsi"nə xidmət edir.

Ermənistan acı həqiqəti qəbul etməkdənsə "şirin" xəyalların məngənəsində boğulacağını bilə-bilə sürətli silahlanmaya başlayıb və bu gün də Azərbaycan tərəfinin təkzibolunmaz faktları göstərir ki, silahlanma davam edir. Ehtiyatda olan zabit, Vətən müharibəsinin iştirakçısı kimi əminliklə qeyd edə bilərəm ki, Ermənistan ordusunun, xalqının 44 günlük savaşda aldığı məğlubiyyət nəticəsində şəxsi heyyəti, hərbi texnikası, silah-sursatı və digər vasitələrindən daha çox ağır psixoloji travması vardır. Ermənistan bu gün havadarlarına güvənərək sürətli silahlanma ilə hərbi qüvvələrin güc nisbətini dəyişmək iqtidarında deyil və əminliklə deyə bilərəm ki, heç vaxt da buna nail ola bilməyəcək. Bu gün Ermənistanın qarşısında Vətən müharibəsində onu diz çökdürən ordudan daha güclü ordu, siyasi və iqtisadi cəhətdən dəfələrlə üstün olan Azərbaycan var. Bütün bunları hesaba almamış olmayan Ermənistan Azərbaycanın səbrinin son həddini gördüyü halda yenə də sınamağa çalışır. Sözü imzası qədər üstün olan Prezident cənab İlham Əliyev Ermənistana dəfələrlə xəbərdarlıq etdi, atdıqları hər bir addımdan xəbərdar olduğumuzu bildirdi və son dövrlərdə sürətli silahlanmaya ayrılan pul vəsaitlərinin məbləğini də açıqladı. Bu gün Ermənistan sürətli silahlanma ilə bölgədə hərbi təxribata çalışır. Əldə edilmiş təkzibolunmaz sübutlar bunu göstərir. Bütün hakim yüksəkliklərin, təminat yollarının nəzarətimizdə olduğunu, Azərbaycan ordusunun hazırki gücünü bilərək hər hansı bir təxribat Ermənistan ordusunun tamamilə darmadağın olunmasına səbəb ola bilər. Azərbaycanın qüdrətli ordusu, ordumuzun arsenalında olan ən müasir silahlar, şəxsi heyyətin yüksək əhval ruhiyyəsi, ordu-xalq birliyi bu gün hər kəsə bəllidir.

Ermənistan ordusu Vətən müharibəsində hərbi arsenalının böyük bir hissəsini itirdi. Hərbi arsenalı ya məhv edildi, ya da ordumuz tərəfindən hərbi qənimət kimi ələ keçirildi. Əsas amil kimi minlərlə fərarisi ilə döyüş meydanlarında hərbi texnikalarını və döyüş mövqelərini qoyub qaçan bir orduya sahib bir dövlət eyni səhvi bir daha etməz deyə düşünürəm. Amma ortada erməni xisləti, bölgədə sülhə qarşı olan dövlətlərin olması təhlükəsi varkən biz Ermənistanın istənilən təxribatına qarşı Ali Baş Komandanın bir əmrinə müntəzirik. Ermənistan və havadarları bunu çox yaxşı anlayır, sadəcə Ermənistanın sürətli silahlandırılması sülh danışıqlarında hər hansı bir şərt irəli sürmək, mümkün olmayacaq üstünlük qazanmağa cəhd etməsindən başqa bir şey deyildir. Ermənistan növbəti təxribata cəhd göstərərsə və Ali Baş Komandan Ordumuza vur əmrini verərsə bu erməni xalqının, erməni silahlı birləşmələrinin öz siyasi rəhbərliyi tərəfindən qətliyamı kimi dünya tarixinə düşəcəkdir.

YAP fəalı
Vətən müharibəsi iştirakçısı-qazisi
Ehtiyatda olan baş leytenant
Zamiq Mənsimli