Ərzaq təhlükəsizliyi ölkənin müstəqil siyasət yürütməsi deməkdir

Son illər dövlətləri narahat edən, onların qarşısında təhdid kimi duran məsələlərdən biri əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsidir. Bu təhdidləri yaradan, onlara səbəb olan bir sıra amillər vardır Son bir neçə ildə koronavirus pandemiyasının bütün sahələrdə yaratdığı çətinliklər aqrar sahədən də yan ötüşməmiş, məhsul istehsalında, həm də məhsulun daşınmasında, həm də logistika baxımından bir çox çətinliklər yaratmışdır. Bu da ölkələrin kənd təsərrüfatı məhsulu ilə özünütəminetməsində bir sıra çətinliklərə gətirib çıxarmış və bununla əlaqədar bir sıra dövlətlər tərəfindən ərzaq məhsullarının ixracına müəyyən məhdudiyyətlər və qadağala qoyulmuşdur. Bundan başqa, digər səbəblərdən biri də regionda baş verən konfliktlərlə bağlıdır. Münaqişə məhsulun istehsalına mənfi təsir göstərir, o cümlədən məhsulun həmin ölkələrdən çıxarılması, digər ölkələrə çatdırılması, dövlətlərin ərzaq təhlükəsizliyinin təminatında çətinliklər yaradır
Ərzaq təhlükəsizliyi hər bir ölkənin müstəqil siyasət yürütməsi, söz sahibi kimi öz hüquqlarını tələb etməsi, hər hansı problemin həllində vahid mövqe sərgiləməsi deməkdir. Bu baxımdan Azərbaycan ən üstün mövqedə olan ölkələr sırasındadır. Belə ki, respublikamızda iqtisadi, siyasi və ekoloji təhlükəsizliyin əsas elementi olan ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı çox mühüm addımlar atılır.
Ərzaq təhlükəsizlyinin əsas elementi ölkənin milli ərzaq sisteminin iqtisadi baxımından müstəqilliyidir. Bu gün ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün strateji məhsullar arasında mühüm yeri tutan taxıl istehsalının artırılması istiqamətində mühüm addımlar atılır. İlk növbədə məhsuldarlığın artmasına xidmət edən iri taxılçılıq təsərrüfatları yaradılır.Təbii ki, bütün bunlar həm ölkəmizin özünütəminatına, həm də xaricdən idxala yönələn maliyyə sərfinin azalmasına ciddi təsir edir. Bu sahədə atılan addımlar bir daha təsdiq edir ki, dövlətin əsas siyasəti idxaldan asılılığı azaltmaq, ərzaq bolluğu yaradaraq ixrac potensialına münbit şərait yaratmağa yönəlib.
Prezident İlham Əliyevin ərzaq təhlükəsizliyi ilə bağlı məsələyə daim prioritet istiqamət kimi yanaşması və buna görə də müsbət göstəricilərin əldə edilməsi sayəsində son illər ərzində nüfuzlu beynəlxalq qurum­ların hesabatlarında Azərbaycanın ərzaq təhlükəsizliyi göstəricisi əsaslı şəkildə yüksəlib. Bu baxımdan “The Economist Group” tərəfindən hazır­lanan “Qlobal ərzaq təhlükəsizliyi indeksi”nə diqqət yetirmək kifayətdir. Bu hesabata əsasən son 7 il ərzində Azərbaycanın ümumi ərzaq təhlükəsizliyi indeksində ardıcıl şəkildə yüksəlmə müşahidə olu­nub. Hesabata görə, bu yüksəliş 7 il ərzində 12,7 faiz bəndi təşkil edib.
Respublikamızda yaradılan aqroparklar ərzaq təhlükəsizliyinin təminatı üçün atılan addımlardan birinə çevrilib. Kənd təsərrüfatı istehsalının qeyri- kənd təsərrüfatı fəaliyyətləri ilə vahid istehsal məkanında birləşməsinə zəmin yaradan aqroparklar artıq ölkə iqtisadiyyatında ən səmərəli iqtisadi model kimi öz yerini möhkəmləndirib.

Əminə Ağazadə
Milli Məclisin deputatı