“Laçın rayonu 1992-ci il mayın 18-də Şuşadan sonra Ermənistanın işğalına məruz qalmış ikinci rayon idi. İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə, 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalmış, rayonda dövlət və xüsusi mülkiyyətə ciddi zərər yetirilmişdi. Ermənistan işğalçı tərəf kimi Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən Suriyadan erməni əsilli qaçqınların məqsədyönlü məskunlaşdırılması siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllər ilə məşğul olmuşdu. Ermənilər eyni zamanda meşə fondunu qanunsuz istismar etmiş, talamış və satmışdı”.
Bunu Sabahinfo.az-a Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, Laçının işğalı AXC-Müsavat cütlüyünün çirkin xəyanətinin nəticəsi idi: “AXC-Müsavat cütlüyü hakimiyyətə can atırdı, istənilən yollarla hakimiyyəti zəbt etməyə çalışırdı və torpaqların Ermənistana verilməsi, satılması faktiki olaraq onların bu çirkin niyyətə çatmaları üçün bir fürsət idi. Heç şübhəsiz ki, Şuşanın, ondan sonra Laçının işğal altına düşməsi Azərbaycanda çox ciddi siyasi böhrana səbəb olmuşdu. Bu imkandan, fürsətdən istifadə edərək AXC-Müsavat xəyanətkar cütlüyü Laçın işğal olunandan bir ay sonra hakimiyyəti qanunsuz yollarla zəbt etmişdi və bu, daha böyük faciələrə yol açdı. Məhz bundan sonra Kəlbəcər işğal altına düşdü. Lakin 28 il sonra Azərbaycan xalqı beynəlxalq qanunların aliliyini və tarixi ədaləti özü bərpa edib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi rəşadətli Azərbaycan Ordusunun və xalqımızın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, kapitulyasiya etmiş Ermənistan dekabrın 1-də Laçın rayonunu təhvil verdi. Lakin bundan əvvəl, yəni, noyabrın 9-u Laçın rayonunun Güləbürd, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 8397 hərbi qulluqçusu 2020-ci il noyabrın 26-da təsis edilmiş “Laçının azad olunmasına görə” medalı ilə təltif olunub”.
“Bu gün işğaldan azad edilmiş digər ərazilər kimi Laçın rayonu da bərpa edilməkdədir”, – deyən R.Vəlibəyov əlavə edib ki, Laçın rayonu inkişafının yeni mərhələsini yaşayır: “Hazırda dövlətin əsas vəzifələrindən biri Laçın rayonunun həm təhlükəsizliyinin qorunması, həm də oraya keçmiş məcburi köçkünlərin tezliklə qaytarılmasıdır. Bunun üçün Laçın rayonunun Ermənistanla sərhəd istiqamətləri üzrə bütün mühəndis-istehkam işləri həyata keçirilib. Laçın rayonunda 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq, generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyası işə salınıb. Eləcə də, Prezident İlham Əliyevin Sərəncamına əsasən uzunluğu 72,8 kilometr olan Kəlbəcər-Laçın avtomobil yolu inşa edilir. Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa edilən Beynəlxalq Hava Limanının 2025-ci ildə istifadəyə verilməsi planlaşdırılır. Bununla yanaşı, Laçın şəhərində 500-ə yaxın fərdi ev inşa edilir və ya ermənilər tərəfindən dağıdılmış evlər yenidən bərpa olunur. Çoxmərtəbəli səkkiz yaşayış binası yenidən qurulur, 30-dan çox ictimai bina inşa edilir. Eyni zamanda, Laçın şəhərində Heydər Əliyev Fondunun xətti ilə məscid inşa ediləcək. Zabux və Sus kəndlərinin tamamilə yenidən qurulması prosesinə start verilib. Zabux kəndində 1000-dən, Sus kəndində isə 300-dən çox insan yerləşəcək. Beləliklə də, bu il və gələn il Laçın rayonuna təqribən 10 mindən çox keçmiş köçkün yerləşdiriləcək. Güləbird və Qorçu kəndlərinin Baş planı da təsdiqlənib. Birinci mərhələdə Güləbird kəndində 2400, Qorçu kəndində isə 1300 insanın yerləşməsi nəzərdə tutulur. Bir sözlə, “Böyük Qayıdış” Dövlət Proqramına uyğun olaraq bütün başqa rayonlar kimi Laçın rayonu da bərpa olunacaq, laçınlılar da öz doğma yurduna qayıdacaqlar”.