Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkil etdiyi "Ətraf mühit sahəsində şəffaflığın artırılması və korrupsiya risklərinin qarşısının alınması" mövzususunda maraqlı bir tədbirin iştirakçısı oldum. Tədbirin mövzusu, edilən çıxışlar, müzakirə olunan məsələlər məni bu sahə ilə bağlı bəzi araşdırmalar aparmağa, və bu mövzuya daha çox diqqəti cəlb etməyi sövq etdi. Digər tərəfdən də, əslində ətraf mühitin qorunması yalnız ekoloqların, bu sahədə çalışan insanların, mütəxəssislərin işi deyil, axı ekoloji sahədə korrupsiyanın hər bir faktı təkcə büdcəyə deyil, insanların sağlamlığına və ölkənin gələcəyinə vurulan zərbədir.
Həqiqətən də, əminəm ki, ölkə vətəndaşlarının hər gün üzləşdiyi, bir çox hallarda narahat etdiyi bu məsələ, həm də dünya ictiamiyyətinin diqqət mərkəzində olan əsas problemlərdəndir. Müasir dövrdə ətraf mühitin mühafizəsi yalnız ekoloji məsələ deyil, həm də iqtisadi inkişafın, milli təhlükəsizliyin, ictimai sağlamlığın və sosial rifahın ayrılmaz tərkib hissəsidir. İqlim dəyişiklikləri, biomüxtəlifliyin azalması, su ehtiyatlarının məhdudlaşması və tullantıların idarə olunması kimi problemlər dövlətlərin idarəetmə keyfiyyətini ciddi şəkildə sınağa çəkir. Bu baxımdan ekoloji idarəetmədə şəffaflığın təmin olunması və korrupsiya risklərinin minimuma endirilməsi davamlı inkişafın əsas şərtlərindən biridir. Təsadüfi deyil ki, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərində ətraf mühitin qorunması ilə yanaşı, səmərəli, hesabatlı və şəffaf institutların formalaşdırılması da prioritet istiqamətlərdən biri kimi müəyyən edilmişdir. Dayanıqlı İnkişaf Məqsədlərinin 13-cü (İqlim dəyişikliyi ilə mübarizə), 14-cü (Su ekosistemlərinin qorunması) və 15-ci (Quru ekosistemlərinin mühafizəsi) məqsədləri ətraf mühitin mühafizəsi ilə bağlıdırsa, 16-cı məqsədi güclü, şəffaf və hesabatlı institutların yaradılmasını nəzərdə tutur. Məhz buna görə də ekoloji idarəetmədə korrupsiya ilə mübarizə yalnız hüquqi məsələ deyil, həm də dayanıqlı inkişafın əsas şərtlərindən biridir.
Bu sahədə digər mühüm beynəlxalq sənəd – Orxus Konvensiyası ekoloji idarəetmədə üç fundamental hüququ - vətəndaşların ekoloji məlumat əldə etmək, qərarların qəbulunda ictimai iştirak və məhkəmə müdafiəsinə çıxış hüquqlarını təsbit edir. Bu prinsiplər müasir ekoloji idarəetmənin beynəlxalq standartları hesab olunur.
Nəzərə almaq lazımdır ki, korrupsiya ətraf mühit sahəsində xüsusilə təhlükəli nəticələr doğurur. Çünki bu sahədə qəbul edilən qeyri-qanuni qərarlar təkcə iqtisadi itkilərlə yekunlaşmır, həm də təbiətə vurulan ziyanın bərpası uzun illər, bəzən isə onilliklər tələb edir. Qanunsuz meşə qırıntıları, faydalı qazıntıların qeyri-qanuni istismarı, tullantıların normativlərə uyğun olmayan şəkildə yerləşdirilməsi, ekoloji ekspertizaların formal xarakter daşıması və ya icazələrin qeyri-şəffaf verilməsi cəmiyyət üçün ciddi təhlükələr yaradır.
Ekoloji sahə böyük maliyyə resurslarının, təbii sərvətlərin və müxtəlif maraq qruplarının kəsişdiyi bir sahədir. Burada qəbul olunan hər bir qərar torpaq, meşə, su ehtiyatları, faydalı qazıntılar, tikinti, enerji və digər iqtisadi fəaliyyət sahələrinə təsir göstərir.
Bir sıra beynəlxaql təşkilatların hesablamalarına görə dünya üzrə ən çox rast gəlinən korrupsiya riskləri aşağıdakılardır:
- ekoloji icazələrin və lisenziyaların qeyri-şəffaf verilməsi,
- dövlət ekoloji ekspertizalarının formal xarakter daşıması,
- dövlət satınalmalarında maraqların toqquşması və s. problemlər.
- tullantıların idarə olunması üzrə nəzarətin zəifliyi.
- qanunsuz ağackəsmə və biomüxtəlifliyin məhv edilməsi,
- faydalı qazıntı yataqlarının istismarı zamanı qanunvericiliyin pozulması,
- ekoloji monitorinqlərin saxtalaşdırılması və ya gizlədilməsi.
Məhz belə halların nəticəsində dövlət büdcəsi zərər görür, sahibkarlar arasında sağlam rəqabət pozulur, cəmiyyətin dövlətə etimadı azalır və ən təhlükəlisi isə təbiətə vurulan ziyan uzun illər ərzində bərpa olunmur.
Azərbaycan son illərdə dövlət idarəçiliyinin modernləşdirilməsi, rəqəmsal transformasiya və korrupsiyaya qarşı mübarizə o cümlədən mühit sahəsində şəffaflığın artırılması və korrupsiya risklərinin qarşısının alınması istiqamətində mühüm institusional islahatlar həyata keçirir.
"Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sənədində "təmiz ətraf mühit və yaşıl artım ölkəsi" prioritet istiqamət kimi müəyyən edilmişdir. Bu, ekoloji siyasətin yalnız ətraf mühitin qorunması deyil, həm də şəffaf və məsuliyyətli idarəetmə ilə sıx bağlı olduğunu göstərir.
Həmçinin, ölkəmizin COP29-a ev sahibliyi etməsi də ölkəmizin yaşıl inkişaf, iqlim siyasəti və ekoloji idarəetmə sahəsində beynəlxalq öhdəliklərə sadiqliyini nümayiş etdirdi. Bu proses ekoloji idarəetmədə şəffaflıq, hesabatlılıq və beynəlxalq əməkdaşlıq standartlarının daha da inkişaf etdirilməsi üçün əlavə imkanlar yaratdı.
Bundan əlavə, dövlət xidmətlərinin rəqəmsallaşdırılması, elektron satınalma sisteminin təkmilləşdirilməsi, açıq məlumatlardan istifadənin genişləndirilməsi və dövlət orqanlarında etik davranış qaydalarının tətbiqi korrupsiya risklərinin azaldılmasına xidmət edir.
Bir çox ekspertlərin fikrincə, ətraf mühit sahəsində şəffaflığın artırılması və korrupsiya risklərinin qarşısının alınması məqsədi ilə növbəti mərhələdə aşağıdakı istiqamətlər müvafiq tədbirlərin görülməsi xüsusi əhəmiyyət kəsb edir.
Birincisi, ekoloji məlumatların tam açıq elektron reyestri yaradılmalıdır. Müasir dövrdə rəqəmsal texnologiyalar korrupsiyaya qarşı mübarizənin ən təsirli vasitələrindən biridir. Bunlara elektron icazə sistemləri, açıq məlumat platformaları, coğrafi informasiya sistemləri (GIS), peyk monitorinqi, pilotsuz uçuş aparatları (dronlar), süni intellekt əsaslı monitorinq sistemləri və s. daxildir:. Bu alətlər qərarların izlənilə bilməsini təmin edir, insan amilini azaldır və hesabatlılığı artırır.
İkincisi, bütün ekoloji icazə və rəylər vahid elektron platformada ictimaiyyət üçün əlçatan olmalıdır.
Üçüncüsü, ekoloji sahədə korrupsiya risklərinin mütəmadi qiymətləndirilməsi aparılmalı və risk xəritələri hazırlanmalıdır.
Dördüncüsü, ictimai nəzarət və ictimai iştiarkçılıq mexanizmləri genişləndirilməli, sahə üzrə bütün proseslərdə, o cümlədən qərarların qəbul edilməsi, icrası, ekoloji monitorinq və s. QHT-lər, media və elm-tədqiqat institutları bu prosesə daha fəal cəlb olunmalıdır. Bu sahədə kifayət qədər peşəkar, öz işini sevən, fədakar QHT-lərin olması, onların institusiaonal inkişafı, bilik və bacarqılarının artırılması gündəlikdə olmalıdır. Unutmamalıyıq ki, ətraf mühitin qorunması yalnız dövlət qurumlarının vəzifəsi deyil. Bu, dövlət, biznes, vətəndaş cəmiyyəti, media və hər bir vətəndaşın ortaq məsuliyyətidir. Şəffaflıq isə bu əməkdaşlığın ən mühüm təminatıdır.
Vətəndaş cəmiyyəti institutlarının fəallığının artırılması vacib məsələdir. Əlbəttə ki, bu gün ətraf mühitin qorunması sahəsində faəliyyət göstərən çox sayda ictimai təşkilatlar var, bu təşkilatlar müəyyən işlər görür, maarifləndrimə işləri aparır, tədbirlərdə təmsil olunur, münasibət bildirir, hətta monitoqinqlər də aparırlar. Amma səmimi etiraf etmək lazımdır ki, bu fəaliyyət kifayət qədər effektiv deyil. Könül istərdi ki, Ümumdünya Təbiəti Mühafizə Fondu (WWF), Qrinpis, Beynəlxalq Təbiəti Mühafizə İttifaqı (IUCN), Təbiəti Mühafizə Təşkilatı (The Nature Conservancy) və s. kimi nüfuzlu təşkilatların dünya üzrə həyata keçirdikləri missiyanı, ölkə hüdudlarında həyat keçirmək iddiasında olan, ictimai fikrin arxasınca deyil, önündə gedən, dövlət strukturlarının faəliyyətini tamamlayan, bu sahəsə bütün proseslərin faəl iştirakçısı ola biləcək, ölkə ərazisində ətraf mühitin sözün əsl mənasında müdafiəçisi, mübarizi iqtidarında olan vətəndaş cəmiyyətləri institutlarına, ictiami fəal insanlara ehtiyac var. Və s.
Bu gün Azərbaycan yaşıl inkişaf modelini həyata keçirən, bərpa olunan enerji layihələrini genişləndirən, işğaldan azad olunmuş ərazilərdə "yaşıl enerji zonası" konsepsiyasını tətbiq edən və qlobal iqlim gündəliyində fəal iştirak edən ölkə kimi şəffaf ekoloji idarəetməni daha da inkişaf etdirmək üçün mühüm imkanlara malikdir.
İnanıram ki, dövlət qurumlarının, vətəndaş cəmiyyətinin, biznes sektorunun, akademik dairələrin və medianın birgə fəaliyyəti nəticəsində ətraf mühit sahəsində şəffaflıq daha da güclənəcək, korrupsiya riskləri minimuma enəcək və ölkəmiz dayanıqlı inkişaf hədəflərinə daha inamla irəliləyəcək.
Yadda saxlamaq lazımdır ki, ola bilər, təbiətin korrupsiyaya verdiyi cavab gecikir, amma nəticələri çox ağır olur.
Əhməd N. Abbasbəyli
Siyasi icmalçı