Sentyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sumqayıt Kimya Sənaye Parkının nəzdində olan Peşə Təhsil Mərkəzinin açılışı zamanı söylədiyi fikirlər, müasir iqtisadiyyatda yeni tendensiyaların formalaşdırılması və inkişaf etdirilməsi sahəsində uzaqgörən strateji konsepsiya kimi dəyərləndirilməlidir. Bildiyimiz kimi, ilk dəfə olaraq ölkədəki sənaye parkı ərazisində peşə təhsili müəssisəsi yaradılır, bununla da bir neçə strateji hədəfə nail olunur: tələbələrə müasir infrastruktura malik mərkəzdə dövrün tələbinə uyğun bacarıqlar, peşə vərdişləri aşılanır və son nəticədə təlim-tədris prosesində iştirak edəcək mütəxəssislər elə parkın yüksək ixtisaslı işçilərindən olur.
Sabahinfo.az-ın məlumatına görə, bu sözləri mətbuata açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.
O bildirib ki,hazırda Sumqayıt Kimya Sənaye Parkında məhsul istehsalı və ixrac istiqamətində müsbət dinamika mövcuddur. Ümumilikdə 2019-cu ildə Sumqayıt Kimya Sənaye Parkında 823 milyon manatlıq məhsul istehsal edilib ki, bunun da 276 milyon manatlığı - təqribən 33 faizi ixrac olunub. 2020-ci ilin ilk 6 ayı ərzində 534 milyon manatlıq məhsul istehsalı ilə Sumqayıt Kimya Sənaye Parkının ölkə sənayesinin qeyri-neft sektorunda (5,7 milyard manat) xüsusi çəkisi 9,3 faiz, 182 milyon manatlıq ixracla ölkə üzrə qeyri-neft sənaye məhsullarının ixracında (910 milyon manat) xüsusi çəkisi 20 faiz təşkil edib. Hazırda Parkda fəaliyyət göstərən müəssisələrdə 5500-dən çox insan daimi işlə təmin olunmuşdur: "Sənayeləşmə Prezident İlham Əliyevin iqtisadi siyasətinin mühüm tərkib hissələrindən biridir. Bu siyasətin əsas məqsəd tələbatın ödənilməsində yerli məhsulların payının artırılması, ixrac potensialının yüksəldilməsi, ümumilikdə neft-qaz amilindən asılılığın daha da azaldılmasıdır. Bu strategiyanın uğurlarını Sumqayıt Kimya Sənaye Parkının timsalında real rəqəmləri əks etdirən statistikada görmək olar. Belə ki, 2019-cu ilin birinci yarım ili ərzində burada 258 milyon manatlıq məhsul istehsal edilmişdisə, 2020-ci ilin müvafiq dövründə, qeyd etdiyimiz kimi, 2 dəfə çox - 534 milyon manatlıq məhsul buraxılıb. İxrac isə 2019-cu ilin ilk 6 ayındakı rəqəmlə (121 milyon manat) müqayisədə 1,5 dəfə artaraq 2020-ci ilin birinci yarısında 182 milyon manat təşkil etmişdir”.
K.Qafarov vurğulayıb ki, Sumqayıt bu gün nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzidir. Şəhərin iqtisadi potensialı daha da güclənir, daxili tələbatın, imkan olduqca yerli məhsullar hesabına təmin edilməsi planlaşdırılır. Bu prosesdə Sumqayıt şəhərinin və xüsusilə Kimya Sənaye Parkının mühüm rolu var. Çünki son illərdə bu işləri görməklə buna böyük dərəcədə müvəffəq olmuşuq. Prezidentimizin çox haqlı olaraq qeyd etdiyi kimi, indi əsas işimiz ondan ibarətdir ki, baxmalıyıq, harada bizdə idxaldan asılılıq daha böyükdür və bunu əvəzləmək mümkündürsə, bunun üçün xammal varsa, yaxud da texniki-iqtisadi əsaslandırma buna imkan verirsə, mütləq həmin sahələrə böyük diqqət göstərilməlidir.
Millət vəkili qeyd edib ki, açılış zamanı Azərbaycan Republikasının Prezidenti cənab İlham Əliyev xüsusi olaraq nəzərə çarpdırmışdır ki, tədiyyə balansını müsbət səviyyədə saxlamaq üçün ölkəyə çox keyfiyyətli ixracyönümlü məhsul istehsal edən, valyuta gətirən müəssisələr lazımdır. Çünki bu gün tədiyyə balansının müsbət səviyyədə saxlanmasının əsas səbəbi neft-qaz amilidir. Amma çalışmalıyıq ki, bu amili kənara qoymaqla ixrac-idxal əməliyyatlarında həmişə müsbət saldoya malik olaq. Ona görə ixracyönümlü və idxalı əvəzləyə biləcək istehsalat sahələri mütləq yaradılmalıdır.
K.Qafarov deyib ki, ölkə Prezidentə açılış zamanı çox haqlı olaraq xaricdə yaşayan azərbaycanlı iş adamlarının gəlib Azərbaycana vəsait qoymasının vaxtı çatdığını birmənalı şəkildə bildirmişdir. Dövlət başçısı xatırlatmışdır ki, Azərbaycan onların Vətənidir və onlar hər zaman Azərbaycanın dəstəyini görürlər, güclü Azərbaycan onların da gücünü artırır: "Ona görə azərbaycanlılar müxtəlif ölkələrdə iqtisadiyyat, kommersiya, biznes sahələrində böyük uğurlar əldə ediblər. Onlar da öz Vətənə vəsait qoymalıdırlar, öz Vətənləri ilə daim əlaqə saxlamalı, onun tərəqqisi üçün əllərindən gələni əsirgəməməlidirlər.
Biz yalnız əl-ələ verərək birləşmək, Azərbaycanın daxili iqtisadi problemlərinin həllində yekdillik, həmrəylik göstərməklə ölkəmiz qarşısında dayanan bütün problemləri aradan qaldırar və monolit, daim yenliliyə doğru addımlayan Azərbaycan yarada bilərik".