Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrantı əsasında nəşr olunmuş "Qarabağ geyimləri” kitab-kataloqunun təqdimatı keçiriləcək.
Bu barədə Modern.az-a Elmin İnkişafı Fondunun mətbuat xidməti məlumat verib.
Kitab-kataloqda ilk dəfə olaraq çöl-etnoqrafik materialları, arxiv sənədləri, muzey kolleksiyaları, ailə saxlanclarında qorunan foto-şəkillər əsasında XIX-XX əsrin əvvəllərində Azərbaycanın Qarabağ tarixi-etnoqrafik bölgəsi əhalisinin geyim mədəniyyəti, onun təsnifatı, məhəlli-lokal xüsusiyyətləri, əyani-vizual görüntüləri və tarixi-etnoqrafik tədqiqi, həmçinin dövrün sosial-siyasi və iqtisadi-mədəni hadisələrinin geyim mədəniyyətinə təsiri məsələləri öz əksini tapıb. Kataloqda xalq geyimlərinin ayrılmaz tərkib hissəsi olan və geyimləri tamamlayan bəzək elementləri (zərgərlik nümunələri, geyimə bənd edilən tikmə-hörmə bəzəklər və s.) də kataloqlaşdırılıb, onların elmi dəyəri müəyyən olunub.