Azərbaycan Avropa Birliyi münasibətləri yeni sferaya daxil olub. Bu sferada qarşılıqlı əməkdaşlıq, təhlükəsizlik və siyasi dialoq xüsusi əhəmiyyət kəsb edir. 6 oktyabr tarixində Praqada keçirilən görüşlərdə qəbul olunan bəyanat bir daha onu deməyə əsas verir ki, Azərbaycanın Avropada siyasi çəkisi müqayisəolunmazdır. Qəbul olunan bəyanat Azərbaycanın haqlı mövqeyini müdafiə etməklə yanaşı yeni reallıqları ortaya qoymuş oldu. Ümumilikdə son aylarda Avropa Birliyi ilə Azərbaycanın təmasları kəskin artıb. Bu təmasların pik nöqtəsi kimi Praqa bəyanatını göstərmək olar. Bu bəyanatda istəyimizə nail olduq. Cənab Prezident İlham Əliyevin qətiyyəti nəticəsində Azərbaycanın ərazi bötövlüyü tanındı. Sülh sazişi ilə bağlı mühüm addım atıldı, erməni tərəfindən baş verəcək təcavüzlərin gələcəkdə də baş verməməsi kimi önəmli razılaşma əldə olundu.
Azərbaycan Avropa İttifaqının Cənubi Qafqazda siyasi baxımdan olduğu qədər həm də önəmli iqtisadi tərəfdaşıdır. Məlumdur ki, hazırda enerji bazarında ciddi böhran baş qaldırıb. Rusiya Ukrayna münaqişəsi bu bazarın əsas alıcılarından olan Avropa ölkələrinin enerji siyasətində yeni qərarların qəbulunu zəruri edib. Artıq Afrika və digər qitələrdən Avropaya enerji xəttləri çəkilir. Azərbaycan isə bu prosesə illər öncədən start verib. Artıq bu beynəlxalq layihələrin müsbət nəticələri göz önündədir. Bir sıra Avropa ölkə başçıları açıq şəkildə Azərbaycanın neft və qaz siyasətində əsas alıcı olmaq istədiklərini bəyan etməklə yanaşı bu layihələrin rentabelliyinə tam dəstək verirlər.
Siyasi, iqtisadi münasibətlərin fonunda Avropa regionda yeni nəqliyyat qovşağı vasitəsi ilə həm də təhlükəsizliyi təmin etmək niyyətindədir. Bu baxımdan region üçün ciddi təhlükə olan Ermənistanın xarici havadarları da geri addım atmaq niyyətindədir və bunu artıq açıq-aydın bəyan edirlər. Artıq Ermənistan təklənib. Nəinki xarici havadarlar heç erməni lobbisi belə işğalçıya imkan tanımır. Bütün bunlar isə Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyəti sayəsində baş verib.
Zəngəzur dəhlizinin açılması yeni dövrün əsas tələblərindən biridir. Bu dəhliz nəinki Azərbaycan, qonşu dövlətlər və ən əsası Avropanın bu dəhlizdən istifadə edərək iqtisadi və enerji siyasətində mühüm nəaliyyət əldə etməsinə gətirib çıxaracaq. Göründüyü kimi regionda yeni mərhələ başlayıb. Azərbaycan irəli sürdüyü 5 prinsiplə Ermənistanı sülhə çağırır, bununla Cənubi Qafqazda sülhün, təhlükəsizliyin tərəfdarı olduğunu bir daha göstərir. Ermənistan isə sülh müqaviləsini imzalamaqdan başqa yolu olmadığını getdikcə daha çox dərk edir.
Avropa İttifaqı və Fransa Azərbaycan ərazilərini də əhatə edəcək birgə sərhəd monitorinq missiyası yaradaraq bundan regiona daxil olmaq üçün istifadə etmək istəyi öz suverenliyinə dəyər verən Azərbaycanın etirazı ilə qəbul olunmadı. Azərbaycanın qəti mövqeyindən sonra missiyanın yalnız Ermənistan ərazisində olması razılaşdırıldı. Ermənistana gəlincə, bu dövlət sözügedən sərhəd missiyasına razılıq verməklə suveren dövlət olmadığını bir daha ortaya qoydu.
Bütün bunların fonunda Avropanın regionda siyasi, iqtisadi tərəfdaşı olan Azərbaycan öz istəyinə nail olmaqla yanaşı həm regionda həm Avropada söz sahibinə çevrilir.
Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının Əməkdaşı