“Ən müasir avadanlıqlarla təchiz olunmuş xəstəxanalarımız olsa da, əgər müasir tələblərə cavab verən həkimlərimiz yoxdursa, əhaliyə göstərilən tibbi xidmətin səviyyəsinin yüksəlməsindən danışa bilmərik”.
Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Əhliman Əmiraslanov deyib.
Onun sözlərinə görə, bu sahədə çalışan mütəxəssislərin sertifikasiya imtahanı ilə bağlı məlum oldu ki, burada kifayət qədər boşluqlar və çatışmazlıqlar var:
"Bu boşluqların və çatışmazlıqların aradan götürülməsi, həkim kadrlarının hazırlanması, seçilməsi, monitorinqinin aparılması üçün bu qanun layihəsi hazırlanıb. Sertifikasiya ilə bağlı bir çox ixtisas sahələri üzrə ciddi pozuntular ortaya çıxır.
Xüsusilə, estetik cərrahiyə sahəsində bu boşluqlar var. Bu sahədə mütəxəssis olmayan insanların bu sahə ilə məşğul olması, hətta həkimlik diplomu olmayan şəxslərin bu sahədə fəaliyyət göstərməsi ağırlaşmalar, hətta ölüm hallarına gətirib çıxarır. Səhiyyə Nazirliyi və hüquq-mühafizə orqanları ilə birlikdə bu istiqamətdə çox uğurlu addımlar atıldı, estetik cərrahiyə sahəsində işləyən, təhsil almış mütəxəssislər seçildi və o sahə ilə məşğul olmağa haqqı olanlar və onların adları mətbuatda dərc olundu. Bundan sonra o sahədə ancaq bu sahənin mütəxəssisləri fəaliyyət göstərəcək. Buna haqqı olmayanlar isə bu sahədən uzaqlaşdırıldı. Bu, çox doğru addım idi”.