Həmrəylik günü hər bir azərbaycanlı üçün doğmadır

“2021-ci ilin son gününü yaşayırıq. Sabah yəni dekabrın 31-i dünyada yaşayan soydaşlarımız, bacı və qardaşlarımız həmrəylik gününü qeyd edəcək”

 

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Məşhur Məmmədov dünya azərbaycanlılarının həmrəylik günündən danışarkən deyib.

 

Deputatın sözlərinə görə, dünyanın hər hansı hissəsində yaşamağımızdan asılı olmayaraq, dünya azərbaycanlılarının həmrəyliyi günü hər bir azərbaycanlı üçün doğmadır:

 

“Bu doğmalıq bizi bir-birimizə daha da yaxınlaşdırır və bütün dünyaya həmrəy olduğumuzu göstərir. Yola saldığımız il həm də dünya azərbaycanlılarının ilk dəfə həmrəy olduğunun 30 ili tamam oldu. Belə ki, 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunmasının əsası qoyuldu. Naxçıvan Ali Məclisində bu barədə qəbul olunmuş qərarla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Azərbaycan Respublikasının Ali Sovetinə müraciət edildi və dekabrın 25-də Ali Sovet müraciəti nəzərə alaraq, dekabrın 31-nin dünya azərbaycanlılarının həmrəyliyi günü elan olunması barədə qanun qəbul etdi. O vaxtdan ötən 30 il ərzində bütün dünya azərbaycanlıları bu günü rəsmi bayram kimi qeyd edir”.

Məşhur Məmmədov dünya azərbaycanlılarının həmrəyliyindən, bərabərliyindən danışarkən 2022-ci illə bağlı olan planlarımızdan da söz açıb:“2022-ci ilə tamam fərqli uğurlarla qədəm qoyuruq. Çünki 30 ilə yaxın müddət ərzində işğal faktı ilə üz-üzə qaldığımız dövrlərdə hər bir azərbaycanlı üçün planlardan danışmaq çətin idi. Bu gün isə düşmən tapdağı altında qalan, viranəyə çevrilən torpaqlarımızda yeni həyat göz oxşayır. 30 ilə yaxın dövrdə düşmən tapdağı altında qalan, dağıdılan ərazilərimizin əvvəlki simasına qaytarılması, Qarabağamızın cənnətməkana çevrilməsi bugünümüzün əsas hədəfidir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın ötən ilin 16 noyabr 2020-ci il tarixdə işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə ilk səfərlərindən bu günədək görülən işlərə diqqət yetirsək miqyasının nə qədər geniş olduğunu görərik. Təkcə bir rəqəmi qeyd edək ki, cari ildə ölkə Prezidentinin Qarabağın tacı, mədəniyyət paytaxtımız Şuşaya 7 səfəri olub. Cənab İlham Əliyev ad günündə Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Şuşaya səfəri zamanı bir daha tarixi Zəfərimizi şərtləndirən amilləri diqqətə çatdıraraq bu fikri də böyük qürur hissi ilə qeyd etmişdir ki, torpaqların əsl sahibləri qayıtdı və bundan sonra Azərbaycan xalqı bu ərazilərdə əbədi yaşayacaq. Bütün bu sadalananlar onu göstərir ki, biz hər zaman böyük xalq olmuşuq və xalq olaraq da müqəddəs ideya uğrunda birləşmişik. Nə gözəl ki, hər bir azərbaycanlı birliyin vəhdətin nəticəsində istədiyinə nail oldu.”