İnformasiya mühitində gedən proseslər Azərbaycanda media savadlılığının artırılması ilə bağlı tədbirlərin görülməsini zəruri edib. Prezident İlham Əliyevin media sahəsində islahatların dərinləşdirilməsi haqqında Fərmanı ilə təsdiq edilən Medianın İnkişafı Agentliyinin Nizamnaməsinə əsasən, respublikada media savadlılığının artırılması üzrə tədbirlərin keçirilməsi məhz MEDİA-ya həvalə edilib. Həmin Fərmana uyğun olaraq islahatların həyata keçirilməsi zamanı “Media haqqında” Qanunda da media savadlılığı termini anlayışları verilib.
Sabahinfo.az xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov deyib.
Bu istiqamətdə müvafiq dövlət proqramlarının təsdiq edilərək fəaliyyətə başlanıldığını söyləyən İcraçı direktor deyib: “Bugünkü tədbir də məhz media savadlılığının artırılması ilə bağlı silsilə tədbirlərdəndir. Bu tədbir çərçivəsində respublikamızda ilk dəfə olaraq media savadlılığı istiqamətdə rəqəmsal platformanın təqdimatı həyata keçirildi.
Bu platforma vasitəsilə cəmiyyətdə obyektiv informasiya mənbəyinin axtarılması və istehlakı ilə bağlı zəruri vasitələri əldə etmək mümkün olacaq. Həmçinin platforma dezinformasiya ilə mübarizədə imkanları genişləndirəcək. Bununla bağlı ictimaiyyətə daha ətraflı məlumat veriləcək”.