“Azərbaycanın erməni işğalın son qoyub bütövlükdə Cənubi Qafqaz bölgəsində dayanıqlı sülhün yaranıb, yeni inkişaf mərhələsi istiqamətində yürütdüyü siyasət təəssüflər olsun ki, bəzi qonşular, xüsusən də İran tərəfindən çox qısqanclıqla qarşılanır. İran bütün mümkün imkanlardan istifadə edərək regionun gələcək inkişafı və sıx əməkdaşlığı istiqamətində atılan addımlara mane olmağa və bölgədə gərginliyin davam etməsinə çalışır”.
Bunu “Ölkə.Az”a açıqlamasında deputat Məşhur Məmmədov deyib.
Onun sözlərinə görə, İran bölgədə dayanıqlı sülhün və sıx inteqrasiya olunmuş əməkdaşlıq formatının yaranması üçün Ermənistanın işğalçılıq siyasətinə son verməsi üçün təzyiq etmək əvəzinə, əksinə, gərginliyin davam etməsi üçün ermənilərə işğalçılıq siyasətinə hər cür dəstək verib, onu buna təşviq edir. “Nəticədə İranla Ermənistan arasında yaranan bu “qardaşlıq” münasibətləri bütövlükdə Qafqaz bölgəsinin təhlükəsizliyinə və sülhə təhdid yaradır”.
İranın Azərbaycanın daxili işlərinə müdaxilə edib, müstəqil siyasətinə qarşı yürütdüyü təhdid siyasətini qətiyyətlə pisləyən deputat bildirib ki, bu cür terror taktikaları ilə Azərbaycanı tutduğu yoldan döndərmək mümkün deyil.
“Azərbaycanı müxtəlif ölkələrlə, xüsusən də İsraillə əməkdaşlıq və dostluq münasibətləri qurmasına qarşı çıxması, beynəlxalq hüquqa zidd və yolverilməz haldır. Azərbaycan müstəqil dövlətdir və istənilən dövlətlə dostluq əlaqələri qurmaq hüququna malikdir.
O zaman belə sual meydana çıxır, bəs İran özü niyə müsəlman ölkəsi olan Azərbaycan qarşı işğalçılıq, soyqırımı siyasəti həyata keçirən Ermənistanla qardaşılq münasibəti qurub. Axı İran özünü dünyada İslamın müdafiəçisi kimi çıxış edib, İslam həmrəyliyindən dəm vurur. Bəs hanı bu həmrəylik. Biz bunu görmürük. Əksinə, biz Ermənistanın Azərbaycana qarşı təcavüzünə hərtərəfli dəstək verməsinin, hətta ölkəmizə qarşı birbaşa təhdidedici fəaliyyət göstərib Azərbaycanı terrorla hədələməsinin şahidi oluruq. Bax budur İranın yürütdüyü siyasətin əsl mahiyyəti. Onsuz da İran beynəlxalq aləmdə beynəlxalq terror dəstəkləyən bir ölkə olaraq təzyiqlərə məruz qalmaqdadır. İran da terroru dövlət siyasəti səviyyəsində həyata keçirən Ermənistan kimi, lazım gələndə bu praktikadan istifadə edir. Biz bunun son aylarda şahidi olmaqdayıq. Bir neçə gün öncə deputat Fazil Mustafaya qarşı hücumun arxasında İranın dayanması, artıq heç kimdə şübhə doğurmur. Bu, İranın Tehrandakı səfirliyimizdə törədilmiş hadisədən sonra Azərbaycana qarşı ikinci terror əməlidir.
Deputat Fazil Mustafaya qarşı hücumun vaxtı da təsadüfi seçilməyib. Hadisə, İsraildə Azərbaycan səfirliyinin açıldığı, xarici işlər naziri Ceyhun Bayramovun bu ölkədə səfərdə olduğu ərəfədə törədilib. Bundan əlavə, hadisənin, Azərbaycan xüsusi xidmət orqanlarının peşə bayramı günü baş verməsi, onu da göstərdi ki, xüsusi xidmət orqanlarımızın ölkədə sabitliyi və təhlükəsizliyi peşəkar səviyyədə təmin etməsi, İranın xoşuna gəlmir.
Tarixdən də İran xüsusi xidmət orqanlarının Azərbaycanda törətdiyi terror faktları hər kəsə məlumdur. Bununla bağlı yetərincə faktları misal çəkmək olar. Zaman-zaman İran bu metoda əl atıb. Bu, bir daha onu sübut edir ki, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra üzləşdiyi bütün ağır vəziyyətlərdə İranın şər barmağı olub. Bu baxımdan İranın Azərbaycana münasibəti işğalçı Ermənistanın münasibətindən heç nə ilə fərqlənmir. Amma İran bu yolla bizi tutduğumuz inkişaf yolundan döndərə bilməz. Bu çətinliyə də xalq olaraq sinə gərib, prosesdən qalib çıxacağıq. İtirən tərəf isə İran olacaq. Çünki İran bu siyasəti ilə dünyaya əsl simasını göstərərək, terrorçu mahiyyətini ortaya qoymuş oldu. Bu siyasəti ilə İran əslində özünü ifşa edib, beynəlxalq aləmdəki nüfuzuna ciddi zərbə vurdu və vurmaqda davam edir. Odur ki, İran nə qədər tez Azərbaycan qarşı təhdidedici siyasətindən əl çəksə, onun faydasına olar”.