Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli
torpağı olan Qarabağın mərkəzində - Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində,
Kür-Araz ovalığının qərbində yerləşir. Müasir Ağdam rayonu 1930-cu ildə
yaradılıb. 1990-cı illərdə Dağlıq Qarabağ hadisələri başlayandan Ağdam burada cərəyan
edən hadisələrin episentri olmuşdur. Mövcud dövlətini qədim Azərbaycan
torpaqları üzərində qurmuş Ermənistan Azərbaycanın yeni bir ərazisini - Dağlıq
Qarabağı işğal etmək məqsədi ilə 1988-ci ilin fevralından başladığı müharibəyə
ilk olaraq, məhz Ağdam rayonundan başlamışdır. 1992-ci ildə Dağlıq Qarabağı
bütünlüklə işğal edən Ermənistan bəzi havadarlarına arxalanaraq, Dağlıq
Qarabağın ətraf rayonlarına da hücum edmişdir. Ağdam uğrunda 42 gün davam edən
döyüş 1993-cü il 23 iyul tarixində Ağdam ərazisinin 73 faizinin işğalı ilə
bitmişdir. İşğal nəticəsində rayon ərazisinin 1094 kvadrat kilometrindən 882
kvadrat kilometri, rayon mərkəzi ilə birgə 90 kəndi işğal olunmuş, 128 min
insan məcburi köçkün həyatını yaşamağa məcbur olmuşdur. İşğal nəticəsində
rayonunun 38 kolxozu, 12 sənaye obyekti, 74 məktəbi, 271 mədəniyyət evi, bütün
dünyada yeganə olan Çörək muzeyi, 67 idarə və 99 klubu düşmən əlinə keçmişdir.
Ağdam uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq insan şəhid olmuş, minlərlə
insan yaralanmışdır.
Ümumiyyətlə, Ağdamın qədim tarixi abidələri rayonun
minillik keşməkeşli illərdən keçərək, bu günə qədər gəlib çatdığını təsdiq
edir. Rayonun ərazisində 50-ci illərdən başlayaraq, aparılan arxeoloji tədqiqat
işləri zamanı məlum olub ki, Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən
biridir.
Tanınmış
arxeoloqların apardığı arxeoloji tədqiqatlar zamanı aydın olub ki, ilk qədim
insanlar rayon ərazisində 6-8 min il bundan əvvəl, yəni, Eneolit dövründə
yaşayıb, qədim əkinçilik və maldarlıq mədəniyyətinə bələd olublar. Arxeoloqlar
apardıqları tədqiqatlar nəticəsində tapılan maddi-mədəniyyət qalıqlarına əsaslanaraq
qeyd edirlər ki, bura Qafqazda ilk şəhər tipli yaşayış məskəni və Zaqafqaziyada
ən zəngin abidələri olan yerlərdən biri olub.
Lakin 1993-cü il iyul ayının 23-də Ağdam rayonunun Ermənistan
silahlı qüvvələri tərəfindən işğal olunmasından sonra Azərbaycanın işğal
altında olan digər rayonlarında olduğu kimi, Ağdamda da ermənilər tarixi mədəni
abidələri dağıdıb, əsl vəhşilik nümayiş etdiriblər. Ermənilər Ağdam rayonunda
olan muzeylərdəki eksponatları da talayıblar. Belə muzeylərdən Ağdamdakı Çörək
Muzeyi, Tarix Ölkəşünaslıq Muzeyinin adlarını çəkmək olar. Bir sözlə, rayondakı
tarixi, mədəni, dini abidələri erməni işğalçıları tərəfindən məhv edilmişdir.
Qeyd etmək lazımdır ki, Ağdamın işğalı ilə bağlı dünya
ictimaiyyəti də yekdil mövqe ifadə etmişdir. ATƏT-in Minsk qrupunun 9 ölkəsi
adından bu qətiyyətlə pislənmiş, işğal olunmuş ərazilərdən qoşunların
çıxarılması haqqında çağırış etmişdir. Eyni zamanda, 29 iyul 1993-cü il
tarixində BMT-nin Təhlükəsizlik Şurası 853 saylı qətnaməni qəbul etmişdir.
Orada da “işğalçı qüvvələrin Ağdam rayonu və digər yenicə işğal edilmiş Azərbaycan
ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması” tələb edilmişdir. Lakin,
Ermənistan tərəfi buna da tabe olmaqdan yayınmışdır. İşğalçı Ermənistan Cenevrə
Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini də kobud şəkildə pozaraq, Ağdam
rayonunda coğrafi adların dəyişdirilməsi, oradakı mülkiyyətin talan edilməsi və
ərazilərin yandırılması kimi qeyri-qanuni əməllərini davam etdirmişdir.
Azərbaycan xalqı özü beynəlxalq qanunlarının aliliyini və
tarixi ədaləti bərpa etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə Azərbaycan Silahlı Qüvvələri, şücaətli əsgərlərimiz 44 günlük Vətən müharibəsi
ərzində düşməni məhv edərək torpaqlarımızı azad etdilər. Bundan sonra
imzalanan üçtərəfli Bəyanatla Ermənistan işğal etdiyi Ağdam, noyabrın 20-də Azərbaycana
təhvil verildi.
Heç bir qan tökmədən, şəhid vermədən düşməndən torpaq alındı.
Bu, Prezidentimiz cənab İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasəti nəticəsində
əldə edilmiş möhtəşəm bir uğurdur.
2020-ci il noyabrın 26-da “Ağdamın azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham
Əliyevin sərəncamları ilə Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda
aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş
etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 5790 hərbi qulluqçusu
“Ağdamın azad olunmasına görə” medalı ilə təltif olundu.
İyirmi yeddi ildən sonra işğaldan azad olunan
Ağdamda indi dövlət bayrağımız qürurla dalğalanır. Bu görüntüləri hər bir azərbaycanlı
fəxrlə və böyük sevinclə izləyir.
Səmagül Əliyeva, Əməkdar müəllim