Kəlbəcər tarixi Zəfərdən möhtəşəm quruculuğa

25 noyabr xalqımızın tarixi yaddaşına milli qürur və Zəfər günü kimi həkk olunmuş əlamətdar tarixlərdəndir. 25 Noyabr 2020-ci ildə Müzəffər Ali Baş Komandan, Möhtərəm Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazandığımız tarixi Zəfərimizin nəticəsi olaraq Kəlbəcər 27 illik işğaldan azad edildi.

Azərbaycanın qədim yaşayış məskənlərindən olan Kəlbəcər zəngin tarixi-mədəni irsi, əsrarəngiz təbiəti və strateji coğrafi mövqeyi ilə xüsusi əhəmiyyətə malikdir. Bölgədə aşkar edilmiş 30 min ildən artıq tarixə malik yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, qədim türk əlifbası nümunələri bu ərazilərin zəngin tarixi keçmişindən xəbər verir.

1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcərin işğal edilməsi xalqımızın tarixində ağır faciələrdən oldu. İşğal nəticəsində 511 dinc sakin həyatını itirdi, 321 nəfər əsir götürüldü və ya itkin düşdü, 53 mindən çox soydaşımız öz doğma yurdlarından didərgin salındı. Rayonun tarixi-mədəni abidələri, təhsil və səhiyyə müəssisələri, yaşayış evləri dağıdıldı, təbii sərvətləri qanunsuz istismara məruz qaldı.

BMT Təhlükəsizlik Şurasının 1993-cü il aprelin 30-da qəbul etdiyi 822 saylı qətnamədə işğalçı qüvvələrin Kəlbəcərdən və Azərbaycanın digər işğal olunmuş ərazilərindən dərhal çıxarılması tələb edilsə də, uzun illər ərzində sənədin icrası təmin olunmadı. Azərbaycan dövləti beynəlxalq hüququn təmin etməli olduğu ədaləti öz siyasi iradəsi və hərbi qüdrəti hesabına bərpa etdi.

44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı hərbi üstünlük Ermənistanı kapitulyasiya xarakterli Üçtərəfli Bəyanatı imzalamağa məcbur etdi. 10 noyabr 2020-ci il tarixli Bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər şəhəri də daxil olmaqla rayonun 147 yaşayış məntəqəsi Azərbaycana qaytarıldı. Kəlbəcərin işğaldan azad olunması Möhtərəm cənab Prezident İlham Əliyevin uzaqgörən siyasətinin, strateji düşüncəsinin və sarsılmaz siyasi iradəsinin təzahürü idi.

Cənab Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə 25 noyabrın Kəlbəcər şəhəri günü kimi təsis edilməsi tarixi Zəfərimizin əbədiləşdirilməsi baxımından xüsusi məna daşıyır.

Günümüzdə Kəlbəcər öz tarixinin yeni inkişaf mərhələsini yaşayır. Ölkə rəhbərimiz Cənab

İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri bölgənin sosial-iqtisadi simasını tamamilə dəyişir. Müasir yaşayış komplekslərinin, təhsil və səhiyyə müəssisələrinin, enerji və nəqliyyat infrastrukturunun yaradılması Böyük Qayıdış proqramının uğurla həyata keçirilməsinin bariz nümunəsidir.

Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plana əsasən, şəhərin ərazisinin 290 hektara, əhalisinin sayının isə 17 min nəfərə çatdırılması nəzərdə tutulur. Şəhərdə 4250 mənzilin, müasir sosial infrastruktur obyektlərinin, geniş yaşıllıq və istirahət zonalarının yaradılması planlaşdırılır. Yanşaq, Zallar və Zar kəndlərinin yenidən qurulması istiqamətində həyata keçirilən layihələr bölgədə dayanıqlı məskunlaşmanın təmin edilməsinə xidmət edir.

2025-ci il avqustun 21-də dövlət başçımız Cənab İlham Əliyevin Kəlbəcər şəhərinə köçürülən ilk ailələrə mənzillərinin açarlarını təqdim etməsi uzun illər doğma torpaq həsrəti ilə yaşayan kəlbəcərlilərin həyatında unudulmaz hadisə oldu. 2026-cı il noyabrın 6-dək Kəlbəcərdə 162 ailənin, ümumilikdə 681 nəfərin məskunlaşması Böyük Qayıdışın nəticəsidir.

Bölgənin iqtisadi potensialının reallaşdırılması istiqamətində mühüm layihələr həyata keçirilir. Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolunun və Murovdağ tunelinin inşası Kəlbəcərin nəqliyyat imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir. Kiçik su elektrik stansiyalarının istifadəyə verilməsi bölgənin yaşıl enerji potensialından səmərəli istifadəni təmin edir. “İstisu” mineral su zavodunun fəaliyyətə başlaması, “İstisu” Müalicə-İstirahət Kompleksinin yenidən qurulması Kəlbəcərin iqtisadi və turizm imkanlarının genişləndirilməsi, yeni iş yerlərinin yaradılması və əhalinin məşğulluğunun təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Möhtərəm Cənab Prezident İlham Əliyevin işğaldan azad olunduqdan sonra Kəlbəcərə mütəmadi səfərləri, həyata keçirilən layihələrə şəxsən nəzarət etməsi bölgənin inkişafına göstərilən dövlət diqqətinin təzahürüdür.

Altı il əvvəl Kəlbəcərdə suveren hüquqlarını bərpa edən Azərbaycan bu gün həmin torpaqlarda müasir şəhərlər və kəndlər qurur, iqtisadi potensialını reallaşdırır, milli-mədəni irsini yaşadır. Adıçəkilən bütün nailiyyətlər Cənab Prezident İlham Əliyevin uzaqgörən siyasətinin, güclü dövlətimizin qüdrətinin və milli iradəmizin təntənəsidir.

Torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə möhkəm cansağlığı diləyirəm.

25 noyabr Kəlbəcər şəhəri günü münasibətilə xalqımızı, xüsusilə kəlbəcərliləri ürəkdən təbrik edirəm!

Günay Ağamalı

Milli Məclisin deputatı,

Ana Vətən Partiyasının sədri.