Kitabxananın Fəxri oxucusu Reyhan Mirzəzadə yeni kitabını kitabxanaya hədiyyə etdi

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu, yazıçı-publisist Reyhan Mirzəzadə “Yaradıcı oxucularımız” və “Kitabxanaya kitab hədiyyə edirik” layihələri çərçivəsində “Qafqazın poetik abidəsi” kitabını kitabxanaya hədiyyə etdi. Kitab rus şairi M.Y.Lermontovun 210 illik yubileyi ilə əlaqədar nəşr olunmuşdur. Tanınmış publisist-politoloq, rus ədibləri haqqında çoxsaylı əsərlərin müəllifi Reyhan Mirzəzadənin M.Y.Lermontova həsr etdiyi “Qafqazın poetik abidəsi” kitabı maraqlı məlumatlarla zəngin olan əsərdir.  “Qafqazın poetik abidəsi” kitabında M.Y.Lermontovun mübarizə ilə dolu həyatı, xəlqilik prinsipləri ilə zəngin olan yaradıcılığı işıqlandırılıb. Şairin  Qafqazdakı ömür səhifələri, bu əsrarəngiz yurda, onun xalqlarına həsr etdiyi əsərlər, Azərbaycan, habelə müxtəlif ölkə şairlərinin onun haqqında qələmə aldığı gözəl şeir və poemalar da çap olunub.  Cəmi 27 il ömür sürən şair ölümündən sonra böyük söz xəzinəsi qoymuşdur. Kitabda şairin ölümü ilə bağlı maraqlı məlumatlar da oxuculara ilk dəfə təqdim edilir. Kitabda M.Y.Lermontovun 50-dən çox maraqlı fotoşəkilləri toplanıb. Onların bir çoxu ilk dəfədir ki, oxuculara təqdim olunur. Yaxın günlərdə kitabın təqdimatı gözlənilir. Oxucular “Qafqazın poetik abidəsi” kitabını Yasamal rayonunun kütləvi kitabxanalarında oxuya bilərlər.