Millət vəkili Məşhur Məmmədov Masallının Tüklə kəndində kənd sakinləri və şəhid ailələri ilə görüşdü

Anım mərasimi çərçivəsində Milli Məclisin deputatı Məşhur Məmmədov Masallının Tüklə kəndində olub. O, kənd sakinləri və şəhid ailələri ilə birlikdə 1-ci və 2-ci Qarabağ müharibəsi şəhidlərinin uyuduğu məzarlığı ziyarət edib, qəhrəman Vətən övladlarının məzarları önünə gül düzüb və xatirəsini ehtiramla yad edib.

Deputat çıxışında vurğulayıb ki, Vətən uğrunda canından keçən hər bir şəhid xalqımız üçün qürur mənbəyidir:

“Onların qəhrəmanlığı gələcək nəsillər üçün əbədi örnək olacaq. Hər bir şəhidimizin ailəsinə diqqət və qayğı göstərmək bizim ən ümdə vəzifəmizdir.”

Məşhur Məmmədov Masallının hər bir şəhid ailəsinə fərdi yanaşaraq onların sosial vəziyyəti, ehtiyac və problemləri ilə maraqlanıb, qayğılarının həlli istiqamətində dəstəyini ifadə edib. O, dövlətin şəhid ailələrinə diqqət və qayğı siyasətinin daim davam etdiriləcəyini diqqətə çatdırıb.

Eyni zamanda deputat kəndin mərkəzində sakinlərlə görüşüb. Səmimi ortamda keçirilən görüşdə seçicilərin qayğıları ilə maraqlanıb, onların fikir və təkliflərini dinləyib. Deputat qeyd edib ki, hər bir seçicinin, hər bir vətəndaşın səsi onun üçün dəyərlidir.