Mina terroru 12 yaşlı Cavadın arzusunu ürəyində qoydu...

 Bu dəfə yolumuzu fəaliyyət planımıza uyğun olaraq, əvvəlcədən müəyyənləşdirdiyimiz Qazax rayonuna saldıq. Ermənistanla 168 km-lik sərhəd zolağına malik Qazax da müharibənin canlı şahididir. İşğalçı qonşumuz 30 il işğal altında saxladığı digər torpaqlarımız kimi Qazaxa da böyük həcmdə maddi və mənəvi zərər verib. Ermənistanın mina terroru Qazaxda da davam edir, işğalçılar bu rayonun vaxtilə işğal etdikləri kəndlərini də minalayıb ki, bu gün də onun acısını çəkirik. Yeri gəlmişkən, ötən ilin noyabrın 17-də Qazax rayonunun Bala Cəfərli kəndi ərazisində ANAMA-nın .əməkdaşı 1988-ci il təvəllüdlü Samir Mübariz oğlu İmamverdiyevin xidməti vəzifəsini yerinə yetirərkən piyadaəleyhinə minanın partlaması nəticəsində sağ ayağı topuq nahiyəsindən amputasiya edilib.

Rayona getməyimiz əsas məqsədi isə layihə mövzumuz - "Mina terrorunun məsum qurbanları"ndan Qazaxda olan bacı-qardaş Nabat və Cavad Nuriyevlərlə görüşmək olub.

.... Hadisə 23 aprel 2022-ci ildə rayonun Quşçu Ayrım kəndində baş verib. Adıçəkilən kənd sakini olan qardaş və bacı - 12 yaşlı Cavad Nuriyev və 14 yaşlı Nabat Nuriyeva qoyun otaran zaman mina terrorunun qurbanı olublar.

Cavadla söhbətimiz rəvan getmədi. Hiss olunurdu ki, danışmaqda çətinlik çəkir, dörd il öncə baş vermiş hadisəni yenidən xatırlamaq onun üçün əzab idi, bunun işartılarını onun gözlərindən oxumaq mümkün idi.

... Cavad deyir ki, minanı daşın altından tapıb, onunla oynayan zaman əşya partlayıb və bacı-qardaş xəsarət alıblar: "Gördüm ki, daşın altında nəsə qoyulub, ağlıma da gətirməzdim ki, belə bir hadisə baş verə bilər. Əlimə götürüb oynadığım zaman partlayış baş verdi, bacıma zərər az dəydi, amma mənim sağ əl və üz nahiyyəmə müxtəlif xəsarətlər dəydi. Özümü itirmədən, tez evə qaçdım, təcili bizi xəstəxanaya yerləşdirdilər".

Ermənistanın mina terrorunun qurbanlarından biri olan 16 yaşlı Cavad həyata ümidlə baxır, deyir ki, artıq torpaqlarımız işğaldan azad olub, Qarabağ azaddır: "Bu gün işğaldan azad olan torpaqlarımızda quruculuq işləri aparılır, eyni zamanda ərazilərimiz minalardan təmizlənir. Şəhidlərimizə, müharibədə döyüşən əsgərlərimizə, qazilərimizə borcluyuq, onlar bizim qürurumuzdur. Mən də hərbçi olmaq istəyirəm, hərbçi kimi vətəni, torpağı qorumaq elə uşaqlıqdan arzumdur... "

... Amma həmin hadisənin zərbələri Cavadın hərbçi olmaq arzusunu ürəyində qoyub. Valideynləri deyir ki, hərb üçün fiziki və psixoloji cəhətdən tam sağlam olmaq lazımdır. Cavadda isə bəzən qəlpə yerləri allergiya verir, sinə hissədə iki böyük qəlpəsi var.

Cavadın atası Mikayıl Nuriyevdən də söz aldıq. Ata deyir ki, Cavad hazırda danışdıqca həyəcanlanır, ona görə də hər şeyi deyə bilmir:" Partlayış səsini biz evdən eşitdik: Öz özümüzə dedik ki, görəsən bu nə idi? Aradan 5 dəqiqə keçmişdi ki, Cavad üz-gözü al-qan içində üstümüzə sarı qaçdı. Sinəsi, baldırları, sağ əlinin baş barmağı, üz-gözü tamamilə yanmışdı… İndi də minanın fəsadları onun bədənindədir. Cavad 2 ildir yayda şort geyinməyə həsrətdir. Ayaqlarında yanıq izləri qaldığı üçün ancaq şalvar geyinir. Əlimizdə olan 5-10 heyvanı satıb, ancaq uşaqların təhsilinə pul ayıra bilirik. Boğazımızdan kəsib, var gücümüzlə onların oxuması üçün çalışırıq. Hadisədən sonra bir neçə ay müddətində Azərbaycan Qızıl Aypara Cəmiyyətindən gələn psixoloqlar Cavadla maraqlandılar. Amma indi də o, gecələr rahat yata bilmir, sayıqlayır… Yatanda qapını kilitləyirik ki, oyanıb, qaçmasın…"

Cavad hazırda Qazax rayonu Yavər Mirzəyev adına Quşçu Ayrım kənd tam orta məktəbin XI sinfində oxuyur. Cavad minaya düşəndən sonra təxminən bir ay məktəbə getməyib. O, dostlarıyla meydançada futbol oynamağı çox sevir. Hadisədən sonra sinif yoldaşlarından bəziləri də onu ziyarətə gəlib, tək buraxmayıblar...

Söhbətimizin sonunda Cavad nikbin fikirlərini və müsbət düşüncələrini də bizimlə bölüşməyi unutmadı;

“Mənim əlimdə bir yara var… Hamı onu görür. Bəziləri baxıb susur, bəziləri “keçəcək” deyir. Amma heç kim bilmir ki, mənim əlimdəki yara yalnız dərimdə deyil, xatirələrimdə də qalıb. Yenə də mən əlimə baxanda yalnız yaranı görmək istəmirəm. Mən həmin əlin bir gün çox gözəl şeylər yaradacağını düşünürəm. Çünki mənim əlim yaralanıb, amma arzularım yaralanmayıb, ümidim hələ də bütövdür. Mina partlayışı mənim həyatımı dəyişə bilər, ancaq arzularımı məhv edə bilməz. Yaram mənim keçmişimin izləridir, arzularım isə gələcəyindir. Mən istəyirəm ki, bu iz mənim keçmişim olsun, gələcəyim yox. Mən istəyirəm ki, bir gün uşaqlar torpağa toxunanda qorxmasınlar. Əllərində yara deyil, kitab olsun. Barmaqları ağrıdan deyil, sevincdən titrəsin. Heç bir uşaq belə bir ağrı yaşamasın. Uşaqların yolu mina ilə deyil, çiçəklərlə, məktəbə gedən addımlarla və xoşbəxtliklə dolu olsun...

Cavid Şahverdiyev Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Uşaqların Gələcəyi Naminə" İctimai Birliyinin həyata keçirdiyi “Mina terrorunun məsum qurbanlarının həyat hekayələri" layihəsi çərçivəsində hazırlanıb. Yazıda qeyd olunan fikir və mülahizələr müsahibə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.