“Yüzlərlə ailə illərdir mənzillərinə çıxarış ala bilmir. Tikinti şirkəti bir söz deyir, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti başqa söz. Sakinlər də qalıb iki od arasında...”
Bu barədə “Qafqazinfo”ya Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 67 ünvanındakı çoxmərtəbəli yaşayış binasının sakini Nurlan Xəlilov müraciət edib.
Vətəndaşın iddiasına görə, binada yaşayan yüzlərlə ailə “Narm” MMC tikinti şirkəti ilə Daşınmaz Əmlakın Dövlət Reyestri arasında sənədlə bağlı yaranmış ziddiyyət səbəbindən illərdir bu problemlə üz-üzə qalıb: “Əlimizdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəsmi imtina məktubu var. Dövlət qurumu şirkətin layihədən kənara çıxdığını və torpağın başqa əmlaklarla üst-üstə düşdüyünü yazır. Tikinti şirkəti isə əlindəki rəsmi sənədləri bizə göstərərək heç bir qanunsuzluq etmədiyini, Reyestrin vaxtilə verilən sənədləri sistemdə yox etdiyini iddia edir.
Şirkət maliyyə bəhanəsi ilə layihədə olan ikinci liftimizi quraşdırmır, yerini diktlərlə bağlayıb. Binamız 2019-cu ildə istismara qəbul edilsə də, problem həll olunmur”.